24 avqust tarixində Improtex Motors şirkəti “Rolls-Royce Motor Cars Baku” satış-sərgi salonunda yeni Rolls-Royce Ghost avtomobilini az saylı media nümayəndələrinə sınaq və tanışlıq üçün fərdi şəkildə təqdim etdi. Təqdimatda “Rolls-Royce Motor Cars” şirkətinin nümayəndəsi Malika Abdullayeva media nümayəndələrinə təqdim olunmuş avtomobil haqqında ətraflı məlumat verdi.

2021 © Autograph.az

Qeyd etmək lazımdır ki, yeni sedan sələfi ilə bənzərliyini qoruyub saxlasa da, tamamilə yeni dizayna malik olub.

Yeni Ghost sedanının uzunluğu 5546 millimetr, eni - 2148 millimetr, hündürlüyü - 1571 millimetr, təkər bazasının genişliyi isə 3295 millimetrdir. Birinci nəsil ilə müqayisədə yeni sedan 89 millimetr uzun və 30 millimetr daha genişdir. Oxlar arasındakı məsafə dəyişməyib. Yeni sedan "dəbdəbə arxitekturası" deyilən alüminium platformada inşa edilib.

Yeni sedan 571 at qüvvəsi və 850 Nm fırlanma naı hasil edən təkmilləşdirilmiş 6,75-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Yenilənmiş mühərrik əvvəlkindən 1 at qüvvəsi və 30 Nm daha güclüdür. Güc aqreqatı səkkiz pilləli ZF avtomatik ötürmələr qutusu və tam ötürmə sistemi ilə birikdə çalışır. Şassi flaqman Phantom modelində olduğu kimi tam idarə olunandır. İstehsalçının təqdim etdiyi məlumatlara görə sedanın 100 km/saat həddinə sürətlənməsi 3,8 saniyə çəkir, onun maksimal sürəti isə 250 km/saat həddində məhdudlaşdırılıb.

Yeni Rolls-Royce Ghost modelinin asqı sistemi mükəmməl hamar və həndəsi rəvan səthin şərəfinə Planar adlandırılıb. Bu texnologiya Magic Carpet Ride ideologiyasının bir növ inkişafıdır: sürücüyə və sərnişinlərə, əvvəllər quruda hərəkət edən nəqliyyat vasitələri üçün əlçatmaz olan “uçuş hissi” yaradır. 

Belə rahatlığı aşağıdakı elementlər təmin edir:

  • upper wishborne damper - ikili köndələn qolları olan asqıda quraşdırılmış yeni amortizator. İstehsalçı bu qurğunun iş prinsipini hələlik açıqlamayıb;
  • Flagbearer sistemi - avtomobilin önündəki relyefdəki dəyişiklikləri izləyən və asqı parametrlərini əvvəlcədən dəyişdirən sistem;
  • naviqasiya məlumatlarına əsaslanaraq optimal pilləni seçən transmissiya.

Yeni Ghost modelinin bütün şassi texnologiyalarına nəzarət edən proqram təminatı da Planar sistemin tərkib hissəsidir.

Sedanın qapıları artıq elektrik ötürməsinin köməyi ilə həm açılır, həm də bağlanır. Salondakı havanın keyfiyyətinə isə, 2 dəqiqədən az müddətdə ən kiçik hissəcikləri təmizləyən yüksək həssaslıqlı sensorlarla təchiz edilmiş Micro EnviromentPurification sistemi cavabdehdir.

Opsiyalar arasında 600 metrdən çox məsafəni əhatə edən lazer fənərləri, gecələr piyadaların və vəhşi heyvanların aşkarlanması sistemi, aktiv kruiz-kontrol, avtoparklayıcı, 18 kanallı gücləndiricisi olan 1300 vattlıq səs sistemi, “sənayedə ən yaxşı” priyeksiya ekranı, ən yeni multimedia sistemi vardır. Bütün bunlar sayəsində Ghost rəsmi olaraq texnoloji cəhətdən ən qabaqcıl Rolls-Royce avtomobili elan edilib.

Rolls-Royce artıq yeni Ghost modelinin səs izolyasiyası barədə ətraflı məlumat verib: mühəndislər lazımi səviyyədə komfort səviyyəsini təmin etmək üçün hər elementin akustik xüsusiyyətlərini ayrı-ayrılıqda araşdırıblar. Eyni zamanda, sərnişinləri dezorientasiya etməmək üçün avtomobili tamamilə səssizləşdirməyiblər və hətta xüsusi olaraq onun üçün tək bir not kimi qəbul edilən “pıçıltını” yaradıblar.

Ümumiyyətlə, Rolls-Royce nümayəndələri yeni Ghost modelinin dizayn fəlsəfəsini şirkətdə “post-bolluq” ifadəsi ilə təsvir edirlər. Onların sözlərinə görə, markanın müştəriləri artıq çoxsaylı mürəkkəb və cəlbedici detalları görmək istəmirlər və yüksək keyfiyyətli minimalizmə üstünlük verirlər. Buna görə də, məsələn, yeni radiator barmaqlığının işıqlandırılması parlaqlığını bir qədər azaltmaq gərək olub. Ən diqqət çəkən yeni daxili detal isə, ön sərnişin qarşısında quraşdırılan işıqlandırılan Ghost yazıdır - bu, Bespoke bölməsinin yeni sedan üçün hazırladığı sifariş ilk opsuyadır.

Azərbaycanda yeni Rolls-Royce Ghost modeli 500 min dollardan başlayan qiymətlə satılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.