Rolls-Royce şirkəti Paris avtosalonunda iştirakdan imtina edib. Bununla belə, britaniyalılar özlərinin ən mühüm yeniliyi üzərindəki sirr pərdəsini məhz sərginin keçirildiyi günlərdə götürüblər. Bu, Britaniya markasının ilk elektrik modeli olan Spectre kupesidir. Spectre fransızcadan tərcümədə "xəyalət" deməkdir.

O, Rolls-Royce 3.0 dövrünü açır - lakin birinci mərhələ 1904-cü ildə ilk Rolls-Royce avtomobilinin peyda olması deyil, indiki Rolls-Royce Motor Cars şirkətinin 2003-cü ilin yanvarında fəaliyyətə başlamasında hesablanır. Rolls-Royce 2.0 mərhələsi isə, 2017-ci ildə yeni Phantom sedanının buraxılması ilə başlayıb və hazırda davam edir. Üçüncü mərhələ isə indi başlayır.

Rolls-Royce on ildən artıqdır ki, elektrik avtomobilləri ilə təcrübə aparır - hələ 2011-ci ildə Rolls-Royce 102EX prototipi, yəni elektrik ötürməsi olan Phantom təqdim edilmişdi, lakin bu layihə davam etdirilmədi.

Əslində elektrik ötürməsi Rolls-Royce markasının imicinə daha çox uyğundur - axı bu marka tarixi boyu ən az səs-küy və titrəyiş səviyyəsinə malik olan avtomobillər istehsal etməyə çalışıb. Daxili yanma mühərrikindən elektrik mühərrikinin xeyrinə imtina isə, bu istiqamətdə böyük sıçrayış etməyə imkan verəcəkdir. Artıq batareyalı Rolls-Royce reallığa çevrilib.

Əslində Rolls-Royce Spectre kupesi istehsalı başa çatmaqda olan Wraith modelini əvəz edəcəkdir (sifarişlərin qəbuluna yazda son verilib): hər iki model də fastbək kuzovuna malikdir. Bununla belə, britaniyalılar Spectre modelini 2008-2016-cı illərdə istehsal edilmiş Rolls-Royce Phantom Coupe kupesinin mənəvi varisi adlandırmağa üstünlük verirlər.

Ölçü baxımından elektromobil məhz bu iki modelin arasında yerləşir: elektrokarın uzunluğu 5453 millimetr, eni - 2080 millimetr, hündürlüyü isə 1559 millimetrdir. Təkər bazasının ölçüsü 3210 millimetrdir.

Xoşbəxtlikdən, Spectre altı il əvvəlki Rolls-Royce 103EX elektrik konsepti kimi radikal alınmayıb. Şirkət dizayner inqilabını həyata keçirməyə cəsarət etməyib, ona görə də, ilk baxışdan, qarşımızda əsl Rolls-Royce avtomobilinin dayandığını görürük. Bununla belə, təkamül xarakterli dəyişikliklər kifayət qədərdir.

Optika indi "tərsinə çevrilib" – gündüz hərəkət işıqlarının “qaşları” yuxarıda, tündləşdirilmiş əsas fənərlər isə aşağıda yerləşirlər. Ön tərəfdəki ənənəvi barmaqlıq qorunub saxlanılıb, özü də onun işıqlandırılması üçün içərisində 22 işıqdiodu quraşdırılıb - lakin onun arxasında artıq heç bir radiator yoxdur. Bu "plitə" Rolls-Royce markasının tarixindəki ən geniş olanıdır , lakin bu, azaldılmış hündürlüyün qarşılığıdır.

Mühəndislər aerodinamika üzərində yaxşıca işləyiblər. Hamarlanmış künclər, dəqiqləşdirilmiş səthlər və hətta burundakı heykəlciyin optimallaşdırılmış forması 0,25 kimi çox layiqli Cd əmsalını əldə etməyə imkan verib. Qapılar hələ də hərəkətin əksi istiqamətinə açılır və onlar da rekorda imza atıblar: hər bir qapının uzunluğu 1,5 metrə çatır! Standart təkər diskləri 23 düymlükdürlər.

Dörd nəfərlik salon müasir benzin mühərrikli Rolls-Royce modellərindəki ilə eyni şəkildə tərtib edilib. Klimat-kontrolun analoq bloku, havalandırma deflektorlarının çəpərciklərinin dartılan düymələri və transmissiyanın sükanaltı dəstəyi qorunub saxlanılıb. Cihazlar paneli virtualdır, lakin şirkətin digər modellərində də artıq belə cihazlar paneli var. Ulduz dekorunu indi təkcə tavan üçün deyil, həm də qapılar (hər birində 5876 LED) və yan divarlar üçün də sifariş etmək olar. Sərnişinin qarşısındakı panelə isə 5500 işıq nöqtəsi quraşdırılıb.

Elektrik avtomobili müasir Phantom, Ghost və Cullinan modellərinin əsaslandığı “Dəbdəbə Arxitekturasına” (Architecture of Luxury) əsaslanır: bu, alüminium kuzov panelləri olan fəza çərçivəsindən istifadə edildiyi deməkdir.

Döşəmənin altında quraşdırılmış təxminən 700 kiloqram çəkisi olan dartma batareyasından salonun əlavə səs izolyasiyası kimi istifadə edilir, onun güclü çərçivəsi isə kuzovun sərtliyini 30% artırmağa imkan verir. Maraqlıdır ki, daxili yanma mühərriklərindən elektrik ötürməsinə keçid avtomobildə istifadə olunan elektrik naqillərinin ümumi uzunluğunun 2 kilometrdən 7 kilometrə qədər artmasına səbəb olub.

Planar adlanan pnevmatik asqıda mühüm bir yenilik var - açıla bilən köndələn dayanıqlılıq sabitləşdiriciləri. Əgər ofrouderlərdə belə bir sistem təkərlərin şaquli gedişini artırmağa imkan verirsə, Rolls-Royce kupesində məqsəd tamamilə başqadır.

Asqının həqiqətən müstəqil olması üçün, sabitləşdiricilər düz xətt üzrə hərəkət zamanı açılırlar: beləliklə, titrəyiş bir təkərdən digərinə ötürülmür. Asqının idarəetmə sistemi naviqatora bağlıdır və elektronika döngələrdən əvvəl preventiv olaraq sabitləşdiriciləri birləşdirir.

Spectre kupesi ümumi hasilatı 585 at qüvvəsi və 900 Nm olan dörd elektrik mühərriki ilə hərəkətə gəlir, lakin burada dartma vektoruna nəzarət və ya idman rejimi kimi elementlər yoxdur: onlar Rolls-Royce üçün yad elementlərdir.

Dartma batareyasının gücü 120 kilovat/saat, yürüş ehtiyatı isə təxminən 520 kilometrdir (WLTP). Boş çəkisi 2975 kiloqram olan elektromobil 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənə bilər. Bununla belə, bütün bu göstəricilər hələ də dəyişə bilər, çünki bu günə qədər test proqramının cəmi 55 faizi tamamlanıb və qarşıda hələ incə tənzimləmə mərhələləri var. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Xəyalətlərin” müştərilərə çatdırılmasına 2023-cü ilin dördüncü rübündə başlanmalıdır. Qiymətinə görə, Spectre kupesi Cullinan və Phantom modellərinin arasında yerləşəcəkdir: onun qiyməti təxminən 275 min funt sterlinqdən başlayacaqdır.

Gələcəkdə bütün yeni Rolls-Royce avtomobilləri yalnız elektrik ötürməsi ilə hərəkətə gələcəklər. Hazırkı Phantom, Cullinan və Ghost benzin modelləri nisbətən yenidirlər, odur ki, onların istehsalını davam etdirəcəklər. Yalnız həyat dövrləri başa çatdıqdan sonra bu modellər elektrokarlar ilə əvəz olunacaqlar. Rolls-Royce 2030-cu ilin sonuna qədər tamamilə elektrik ötürməsinə keçməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.