Scuderia Ferrari komandası dördqat dünya çempionu Sebastyan Fettel ilə yollarının ayrıldığını bəyan edib. Fettel bu mövsümün sonunda (əlbəttə mövsüm baş tutarsa) italyan komandasını tərk edəcəkdir. Bununla belə, Fettelin karyerasına harada davam edəcəyi və Şarl Leklerin komanda yoldaşının kim olacağı barədə məlumat verilməyib.

Ferrari şirkətinin mətbuat xidməti ilə müsahibəsində, Sebastyan Fettel müqaviləsinin uzadılmamasının səbəbinin maliyyə məsələsi ətrafındakı fikir ayrılıqlarının olmadığını bildirib. O, "müəyyən qərarlar verən zaman pul haqqında düşünmədiyini" söyləyib. Eyni zamanda, Fettel Ferrari komandasına təşəkkür edərək, italyan kollektivi ilə çalışmanı yüksək nəticələrlə başa vurmağa hazır olduğunu da qeyd edib.

Daniel Rikkardo

Scuderia Ferrari komandasının rəhbəri Mattia Binotto alman pilotun 2015-2019-cu illər arasında əldə etdiyi nailiyyətlərindən danışaraq, Sebastyana peşəkarlığına görə təşəkkür etdiyini bildirib və tərəflərin qeyri-adi mövsümdə çox şeylərə nail olacağına ümid etdiyini söyləyib.

Alman mətbuatı Fettelin Ferrari komandasından getməsinin səbəbi kimi, italyan komandasında Leklerə olan favoritizmi və Sebin italyan komandasının rəqbətcilliyinə şübhə etdiyini göstərib. Eyni zamanda, guya Fettel FIA ilə Ferrari arasında güc qurğularının leqallığı məsələsi ilə bağlı əldə edilmiş qalmaqallı razılaşmadan məmnun deyil, hiyləgərliklə yox, əsl mübarizə şəraitində qələbə qazanan əzmkar pilot kimi yadda qalmaq istəyir.

Rəhim Əliyev

Şarl Leklerin gələcək komanda yoldaşına gəldikdə isə, Formula 1-in Azərbaycandakı şərhçisi olan Rəhim Əliyevin fikrincə, bu yerə ən real namizəd Daniel Rikkardodur. Avstraliyalının Renault komandasında o qədər də xoşbəxt olmadığı aşkardır və o, hər bir pilot kimi qırmızı kombinezonda yarışmaq xəyalları qurur.

Rəhim Əliyev eyni zamanda, Sebastyan Fetteli Renault və yaxud McLaren komandasına görə biləcəyimizi də söyləyib. Lakin, alman pilotun karyerasını başa vurmaq ehtimalı da var.