Şəhərimizdə ekologiyanın nə qədər bərbad vəziyyətdə olduğunu rayondan şəhərə qayıdarkən bir daha aydın hiss etdim. Hətta, avtomobilimin havalandırma sisteminin karbonlu hava filtri də zəhərli havanı təmizləməkdə aciz idi. Yəni, bu zəhərli havanı udmağa məcburuq. Bəs, vəziyyəti necə dəyişmək olar? Əlbəttə ki, təbiət dostu “yaşıl” avtomobillərin alınmasını təşviq etməklə…

Bu yaxınlarda yerli TV-lərin birində hibridlər barədə maraqlı bir müsahibəni dinlədim. Söhbət hibrid avtomobillərə olan gömrük vergilərindən gedirdi. Jurnalistin tərəf müqabili hibrid avtomobillərin idxalının artdığını və onların gətirilməsindən iki milyon manaq gömrük rüsumunun toplandığını bildirirdi. Onun təxminlərinə görə,, yaxın illərdə hibridlərin idxalı 2 dəfə artmalıdır.

Sevindirici haldır. Demək millət artıq zəhərləndiyini anlayaraq "yaşıl" texnologiyalara diqqət yetirməyə başlayıb. Bununla belə, bu rəqəm iki dəfə artsa belə, vəziyyətə ciddi təsir etməyəcəkdir. Səbəb isə, ölkənin köhnə avtomobillərin qəbirsanlığına çevrilməsindədir.  Bunun da əsas səbəbi yeni avtomobillərin baha olmasıdır. Üstəlik, mövcud gömrük rüsumları sayəsində hibrid və elektrokarların qiyməti kəllə-çarxa qalxıb. Bu da ölkəyə zərərli tullantılar səviyyəsinə görə Avropada qadağan edilən avtomobillərin ölkəyə gətirilməsinə şərait yaradır. 

Bu müsahibədə ən maraqlısı odur ki, həmin məmur hibrid avtomobillərinə ediləcək güzəşt sayəsində rəqabətin pozulacağını və bundan vergidən yayınma (!) üsulu kimi istifadə ediləcəyini bildirirdi.  Xub, rəqabəti saxlamaq üçün, hibrid olmayan avtomobillərə də gömrük vergilərini gözdən keçirmək olmazmı, əcəba? Bu bir.

İkincisi, müsahibədə daha maraqlı bir fikir səsləndi hi, hibrid avtomobilləri elektriklə cüzi yürüş edir, sonra yenidən DYM keçirlər. Bəli, bu proses təxminən belədir, lakin bir məsələ var. Hibridlər də bir neçə kateqoriyaya bölünürlər. Məsələn, götürək son zamanlar Avropada populyar olan qoşulan hibridləri (PHEV). Müasir hibridlər elektrik ötürməsi ilə 30-40 km arasında yürüş edə bilirlər. Evdən işə qədər olan məsafə əksər halda 30 km keçmir. PHEV qurğulu hibrid modellər isə daha çox yürüş etmək iqtidarındadırlar. Yəni, evdən işə və geri tam elektrik ötürməsi ilə gedib-qayıtmaq olar.

Son zamanlar, avtomobil istehsalçıları modellərinin spesifikasiyasını dərc edərkən, bir qayda olaraq, CO2 emissiya göstəricisini xüsusi ilə vurğulayırlar. Misal üçün, götürək bizim bazarda təklif edilən Toyota RAV4 Hybrid krossoverini. Spesifikasiyanı araşdırsaq adi DYM ilə təchiz edilən modelin emissiya göstəricisinin təchizatdan asılı olaraq 134-145 q/km arasında olduğunu görərik. Həmin modelin hibrid versiyasında bu göstərici artıq 100-105 q/km arasındadır. Nəhayət, qoşulan hibrid olan Mitsubishi Outlander PHEV modelində bu 46 q/km göstərici (ən sərt WLTP tələblərinə görə) təşkil edir. Fərqin ciddiliyini qeyd etməm yəqin ki, yersizdir.

Bəli, vergiləri toplamaq böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının və müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial proqramların həyata keçirilməsi üçün hər bir manat vacibdirr. Digər tərəfdən, bizim və gələcək nəsilin sağlamlığı hesabına yığılan vəsaitin sabah bizə nə xeyri olacaq? Qeyd etmək lazımdır ki, köhnə avtomobillərin tullantılarının onkoloji, nəfəs yolları və kardioloji xəstəliklərin yayılmasında birbaşa və dolayı yolla əhəmiyyətli dərəcədə rolu vardır. Ölkəmizdə 2000-ci ildə bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan xəstə sayı 21,088 idisə, 2017-ci ildə bu rəqəm 45,756-ya çatmışdır. Diqqət yetirin, iki dəfə artım olub!

Sözümün canı odur ki, bu gün qazanılan vəsaitin hesabına sağlam olmayan nəsli yetişdirmək bizim strateji maraqlarımıza qulluq etmir. Sağlam olmayan millət nə inkişaf, nə də vətəni müdafiə edə bilər.

Sonra, demədi deməyin…