Toyota Land Cruiser 300 modelinin Yaponiyadakı satışlarına dünən, 2 avqust tarixində başlanılıb. Yerli KİV-lərin bildirdiyinə görə, avtomobilə olan böyük tələbat nəticəsində, ofrouderin bəzi populyar versiyalarına 2 - 4 il arasında növbə yaranıb. Avtomobilə olan növbə artıq sifarişlərin qəbuluna başlanılan iyul ayında formalaşıb – yapon istehsalçısı Land Cruiser 300 modelinə 20 mindən çox öncədən sifarişi rəsmiləşdirib. Söhbət pulu əvvəlcədən ödənilmiş avtomobillərdən gedir.

Yaponiyada yeni Land Cruiser 300 modelini 5.100.000 yendən (79.800 manat) başlayan qiymətlərlə almaq olar. Yerli alıcılara 3,5-litrlik benzin mühərriki ilə 3,3-litrlik dizel aqreqatı arasında seçim etmək təklif olunur. Hər iki aqreqat 10-pilləli avtomatik transmissiya ilə təchiz edilir. Ofrouderi beş və ya yeddi yerlik salonla əldə etmək olar.

Bununla belə, jurnalistlər hansı versiyaların ən böyük tələbata malik olduğunu və hansı modellərə  dörd illik növbənin yarandığını açıqlamayıblar. Artıq bildiyimiz kimi, Toyota şirkəti Land Cruiser 300 modelinin alıcılarına onu təkrar satmağı qadağan edib. İstehsalçı qadağanın səbəbinin ofrouderlərin xaricə, o cümlədən texnikanın ixracatı üzrə qadağanın olduğu bölgələrə kütləvi axını ilə izah edib.

Məhdudiyyət öncədən sifariş olunmuş avtomobillərə də şamil edilir. Əgər diler avtomobilin təkrar satış məqsədi ilə sifariş edildiyini aşkarlayarsa, alqı-satqı müqaviləsinə dərhal xitam veriləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.