Skoda şirkəti üç modeli Laura səs köməkçisi və buluddan sürücü profilini yükləmək imkanı olan yeni multimedia sistemini əldə edib. Söhbət, Modular Infotainment Matrix (MIB3) kompleksinin adaptasiya edilmiş versiyasından gedir. Octavia modelindən sonra yeni multimedia sistemi ilə Superb, Karoq və Kodiaq modelləri də təchiz ediləcəklər.

Multimedia MIB3 üç versiyada təklif edilir: standart Bolero və naviqasiyalı Amundsen, habelə mərkəzi ekranın diaqonalı 8,0 və ya 9,2 düym olan top Columb versiyası. Standart olaraq, bütün versiyalar quraşdırılmış SİM-kartla təchiz olunur, buna görə də, proqram təminatı və xəritələr "hava üzərindən" yenilənir. Bundan əlavə, sistem Android Auto, Apple CarPlay, MirrorLink və firma tətbiqlərini dəstəkləyir. Laura səs köməkçisi 15 dildə anlayır və çex, ingilis, alman, fransız, italyan və ispan dillərində olan səlis nitqi təhlil edə bilir.

Multimedia sistemini yenilədikdən sonra mərkəz konsolundakı USB-A portları yerlərini müasir USB-C portlarına veriblər. Üstəlik, salon güzgüsünün yanında quraşdırılan videoregistratoru qoşmaq üçün opsional port da təklif edilir.

Bununla birlikdə, MIB3 sisteminin əsas yeniliyi şəxsi parametrləri "buludda" saxlamaq imkanıdır. Ümumilikdə, bort sisteminə 14-ə qədər əsas və bir qonaq profilini qeyd etmək olar. Lazım olduqda, onlara Skoda Connect hesablarını dəstəkləyən digər avtomobildən daxil olmaq mümkündür. Bu məlumatlar arasında güzgülərin, klimat-kontrolun, işıqlandırma və virtual cihazlar panelinin tənzimləmələri vardır. Onlar serverdə saxlanılır və daim sinxronizasiya olunur.