20 il bundan öncə başıma gəlmiş maraqlı bir hadisə barədə söhbət açmaq istəyirəm. O zamanlar, ölkəmizdə xarici markaların avtomobilləri yenicə populyarlaşmağa başlayırdı və hər kəs böyük həvəslə sürətli, etibarlı və texniki tərəqqinin nailiyyətlərini özündə cəmləşdirən avtomobillərə sahib olmağa can atırdı.

Ölkəmizdə avtomobil sektorunun yavaş-yavaş ayağa qalxması da həmin vaxtlara təsadüf etmişdi. Doğrudur,o zamanlar rəsmi dilerləri barmaqla saymaq olardı, lakin küçələrimizdə yağışdan sonra göbələk kimi artan “boz” dilerlərə istənilən qədər rast gəlmək olardı. Məlum məsələdir ki, xarici avtomobillər üçün gərək olan ehtiyat hissələrinin qiymətləri o zamanlar populyar olan sovet istehsalı avtomobillərlə müqayisədə kifayət qədər yüksək idi.

Yadımdadır, dostlarımdan biri mənim də sahib olduğum markadan olan avtomobili almışdı və bir gün söhbət əsnasında onun artıq yarasız hala gəlmiş əyləc qəliblərini yenidən üzlətdiyini eşitdim. Doğrusu heyrətimi gizlədə bilmədim – həmin markanın nümayəndəsinin ölkəmizdə fəaliyyət göstərdiyini nəzərə alsaq, bu markadan olan avtomobillər üçün ehtiyat hissələrinin əldə edilməsi heç də problem deyildi. Yeganə problem qiymət faktoru idi. Lakin, təhlükəsizlik məsələsində heç də qənaət etmək olmaz və mən dostuma sürətli avtomobilin etibarlı əyləclərə sahib olmasının vacibliyini anlatdım. Axı üzlənmiş əyləc qəlibi yüksək sürətlərdə əyləcləmə zamanı qırıla və əyləc diski ilə təkər diski arasında qala bilərdi. Fəsadlarını isə, özünüz düşünün. Sözhbətimizdən sonra diler mərkəzinə yollanaraq avtomobilin əyləc qəliblərini yenisi və orijinalı ilə dəyişdik.

Artıq, ehtiyat hissələrinin qıtlığı olan o günlər geridə qalıb. İndi bazarda müxtəlif qiymətə satılan ehtiyat hissələrini almaq olar. Məlum məsələdir ki, istehsalçı tərəfindən məsləhət görülən orijinal ehtiyat hissələrinin qiyməti bahadır və hər kəs ehtiyat hissəsini ucuz qiymətə satın almağa can atır. Əlbəttə ki, hər kəs istəyir ki, avtomobilinin istismarı ona baha başa gəlməsin və təmirə az pul xərcləsin. Amma gəlin bir an düşünək – özümüzün və ailəmizin təhlükəsizliyi bizim üçün nə qədər önəmlidir? Təhlükəsizliyə  qənaət etməyə dəyərmi?

Əlbəttə ki, orijinal ehtiyat hissəsini almağa gücünüz çatmırsa, o zaman digərlərinə nəzər salmaq  məcburiyyətindəsiniz.

Gəlin bir məsələni dəqiqləşdirək. Məlumdur ki, avtomobil istehsalçıları bir çox komplektləşdiriciləri kənar istehsalçılarda sifariş edirlər. Yəni, avtomobil şirkətlərinin sifarişi əsasında ehtiyat hissələri, qurğular və avadanlıqlar istehsalı üzrə ixtisaslaşmış şirkətlər bu komponentləri təklif edirlər. Hətta, avtomobil istehsalçıları qurğu və avadanlıqların layihələndirməsini belə şirkətlərə həvalə edirlər də.

Avtomobil istehsalçısı ilə ehtiyat istehsalçısı arasında bağlanmış müqaviləyə əsasən, sonuncu müəyyən olunmuş müddətdə tələb olunan ehtiyat hissələrini yalnız istehsalçıya göndərir. Bu müddət bitdikdən sonra isə, istehsalçı orijinal ehtiyat hissəsini öz qablamasında satmaq hüququ əldə edir. Belə ehtiyat hissələri OEM (Original equipment manufacturer) damğasını daşıyır – yəni, orijinal avadanlıq istehsalçısı tərəfindən istehsal edilmiş. OEM-lərə misal olaraq Bosch, ZF, Hella, Champion, BBS, Aisin, Mahle, KYB, Valeo və sair markaları göstərmək olar.

Beləliklə, bazarda bir neçə növ ehtiyat hissəsi vardır: birincisi, avtoistehsalçının loqotipləri olan orijinal qablamada rəsmi dilerlər tərəfindən gətirilən və satılan ehtiyat hissələri, OEM-istehsalçının satdığı ehtiyat hissələri və orijinal ehtiyat hissələrinin surətləri. Yəni, cibinizə görə istənilən ehtiyat hissəsi mövcuddur.

Ən maraqlısı odur ki, bəzi işbazlar sonuncu ehtiyat hissələrini orijinal adı ilə satmağa cəhd göstərirlər. Bunun üçün onlar orijinal ehtiyat hissəsinin satıldığı qablamadan demək olar ki, fərqlənməyən qablamadan istifadə edirlər.Bununla birlikdə isə, avtomobil istehsalçılarının hüquqları da pozulmuş olur ki, şirkətə məxsus olan loqotipdən qeyri-qanuni istifadə edilmiş olur. Bu məsələnin hüquqi tərəfidir. Digər tərəfi isə, alıcı aldadılmış olur, çünki ona original adı ilə saxta ehtiyat hissəsi satılır. Bu da məsələnin mənəvi tərəfidir. 

İş orasındadır ki, avtoistehsalçı öz ehtiyat hissələrinin keyfiyyətinə və təhlükəsziliyinə tam zəmanət verir, saxta ehtiyat hissələrinin keyfiyyətinə və təhlkəsizliyinə isə, heç kim təminat vermir. Ən yaxşı halda, belə hissələrin ömrü orijinala nisbətən çox qısa olur. Hətta, bu yaxınlarda mənə belə işbazların başına gəlmiş gülməli hadisəni də danışıblar. Adam işlənmiş ehtiyat hissəsini götürərək nümunə kimi Çinə göndərib və məlum məsələdir ki, yenisinin parametrlərindən çox uzaq olan bir konteyner yararsız ehtiyyat hissəsini gətirib.

Müdrik atalarımız demişkən, “ucuz ətin şorbası da ucuz olar”. Odur ki, ehtiyat hissəsi almazdan əvvəl papağınızı qarşınıza qoyub, yaxşı-yaxşı fikirləşin. Sonra demədi, deməyin...