Məlum olduğu kimi, Almaniyada yol hərəkəti qaydalarını pozmaq çox baha başa gəlir. Məsələn, Avropa şəhərlərində maksimal sürət həddi 50 km/saat müəyyən edilib. Əgər siz bu qaydanı birinci dəfə pozsanız ciddi cərimə ödəməlisiniz. Almaniyada isə, cərimə məbləğləri astronomik həddə çatır, çünki yerli hakimiyyət orqanları bu məsələyə çox ciddi yanaşırlar və heç kimi bağışlamaq niyyətində deyillər.

İkinci belə qayda pozuntusu daha yüksək məbləğli cərimə ilə nəticələnəcəkdir. Üçüncü dəfə qayda pozulduqda isə, siz 3 aylıq sürücülük hüququnu itirməklə yanaşı, "idiotentest" adlandırılan testlərdən keçməlisiniz. Çünki, alman hökümətinin nəzərində siz "idiot"sunuz, yəni axmaq. Lakin iş bununla bitmir - testlərə qatılmazdan öncə, siz hazırlaşmalısınız. Bunun üçün siz psixoloqla 40 məşğələ keçməlisiniz və hər məşğələ üçün 100 avro ödəməlisiniz. Hər keçilən məşğələdən sonra sizin sənədinizə möhür vurulur. Yəni, bu məşğələlər sizə 4000 avroya başa gələcəkdir.

Məncə də, bütün bunları bilərək, şüurlu olaraq qayda pozan adama yalnız axmaq demək qalır.

Yalnız bundan sonra siz "idiotentest"-ə buraxılırsınız. Testlərdə isə, maraqlı suallar vardır. Məsələn, "3x2x3 metr ölçüləri olan çalada nə qədər torpaq var? (Cavab: çalada torpaq olmur)" .  Yaxud, "Monanın atasının dörd qızı var: Lala,Lele, Lulu və Lolo. Beşinci qızın adı nədir? (Cavab: Mona)". Belə bir sual da vardır: "Elektik qatarı şimaldan cənuba gedir, külək isə cənubdan əsir. Tüstü hansı tərəfə istiqamətlənir? (Cavab: Elektrik qatarının tüstüsü olmur)". Bu qəbildən olan çoxsaylı suallar həqiqətən də, insanı axmaq yerinə qoyulduğunu göstərir və düşünməyə vadar edir.

Deyə bilərsiniz ki, bunları bizə niyə danışırsan? Sözümün canı ondadır ki, gündəlik həyata  gördüyüm yol hərəkəti qaydalarına münasibət "idiotentest"-in bizdə də vacib olduğunu göstərir. Özü də təkcə sürücülər üçün deyil, piyadalar üçün də. Demədi, deməyin...