Porsche şirkəti ictimaiyyəti yeni Cayenne Electric krossoverinin debütünə hazırlamağa davam edir. Həmişə olduğu kimi, tamölçülü təqdimat öncəsi ictimaiyyətin marağını artırmaq üçün nəzərdə tutulmuş bir sıra önizləmə və təqdimatlar keçirilir.
Yayın ortalarında yeni Cayenne Electric yüngül kamuflyaja örtülmüş şəkildə nümayiş etdirilib, bir ay əvvəl isə, krossoverin sensorlu salonu üzərindəki sirr pərdəsi götürülüb. İndi isə, elektromobilin əsas komponentinin - dartma batareyasının - əsas xüsusiyyətləri dərc olunub. Bundan əlavə, seriyaöncəsi krossoverin demək olar ki, kamuflyajsız fotoşəkilləri yayımlanıb.
Yeni Porsche Cayenne Electric modeli yığcam Macan Electric krossoverinin də əsasını təşkil edən, Porsche və Audi tərəfindən hazırlanmış yenilənmiş PPE (Premium Platform Electric) platformasında inşa olunub. Cayenne elektrik krossoveri nikel-manqan-kobalt-alüminium (NMCA) katodu və qrafit-silikon anodu olan 800 voltluq dartma batareyası ilə təchiz edilib.
Bunun sayəsində batareya yüksək enerji sıxlığına və doldurma sürətinə malikdir. Batareya, nasazlıq halında asanlıqla ayrı-ayrılıqda dəyişdirilə bilən altı ədəd çıxarılan alüminium modulda yığılmış 192 elementdən ibarətdir. Batareyanın ümumi korpusu avtomobilin güc strukturuna inteqrasiya olunub ki, bu da sərtliyi artırmağa və çəkini azaltmağa imkan verir.
İki tərəfli soyutma sistemi batareyanın həm korpusunun üstündəki, həm də altındakı temperaturu yüksək dəqiqliklə tənzimləməyə imkan verir, onun məhsuldarlığı isə, təxminən 100 böyük məişət soyuducusunun məhsuldarlığına bərabərdir.
Bütün istilik tənizmləmə sistemi prediktiv rejimdə işləyir ki, bu da bort sensorları və naviqasiyasının məlumatlarına, habelə sürücünün seçiminə əsaslanaraq, batareyanı əvvəlcədən doldurulmağa hazırlayır.
Dartma batareyasının ümumi tutumu 113 kilovat/saatdır və WLTP dövrünə əsasən təxmini gediş məsafəsi 600 kilometrdən (372 mil) çoxdur. Amerikalı jurnalistlər üçün təşkil edilən magistral sınaqları zamanı, seriyaöncəsi Cayenne Electric modellərinin batareyanı doldurulmadan 563 kilometrdən (355 mil) çox məsafə qət etdiyi, maksimum 113 km/saat (70 mil) sürətilə hərəkət etdiyi bildirilir.
Maksimum şarj gücü 400 kilovatdır və bu rejimdə batareyanın 10%-dən 80%-ə qədər doldurulmasına 16 dəqiqədən az vaxt lazımdır. 300 kilometrlik gediş məsafəsini 10 dəqiqə ərzində bərpa etmək mümkündür.
400 voltluq terminallardan istifadə zamanı, şarjın gücü 200 kilovatdan çox olmayacaq. Porsche həmçinin yeni Cayenne üçün 90%-ə qədər səmərəliliyə malik olan 11 kilovatlıq simsiz şarj sistemini bəyan edib. Parkinq rejimində krossover avtomatik olaraq xüsusi induktiv şarj panelini aşkarlayır və şarjın səmərəliliyini artırmaq üçün aşağı "yatır".
Yeni Porsche Cayenne Electric modelinin dəqiq güc və dinamik xüsusiyyətləri hələ də gizli saxlanılır. İlkin məlumatlara görə, krossoverin top versiyası təxminən 1000 at qüvvəsinə və 1500 Nm fırlanma anına malik olacaq.
Xatırladaq ki, hazırkı Cayenne krossoverinin ən bahalı hibrid versiyası 739 at qüvvəsinə malikdir. 100 km/saat həddinə sürətlənmə təxminən üç saniyə çəkməlidir. Aktiv stabilizatorları olan asqı da vəd edilib.
Yuxarıda qeyd olunan sınaqlar zamanı, minimal kamuflyaja malik olan seriyaöncəsi Cayenne Electric modelinin rəsmi şəkilləri də çəkilib. Bütün bunlar Porsche Cayenne Electric avtomobilinin yaxınlaşan rəsmi təqdimatına işarə edir, lakin şirkət hələlik dəqiq tarixi açıqlamayıb. Bununla belə, şirkət nümayəndələri təqdimatın "yaxın bir neçə həftə ərzində" baş tutacağını bildiriblər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









