Atalar “Dost başa baxar, düşmən ayağa” deyəndə ayaqqabının keyfiyyətli olmasına işarə ediblər. Təcrübəli stilistlər də ayaqqabıya qənaət etməyi məsləhət görmürlər, çünki o nəinki kişinin imicidir, həm qamətinə və samlağlığına, həm də özünə inamına təsir edir.

Ayaqqabının sağlamlığa böyük təsiri var, çünki insan gün ərzində ayaqqabı üzərində dayanır və hərəkət edir. Ona görə də onun keyfiyyətli və rahat olması vacibdir. Lakin, bununla yanaşı çəkmələrin sahibinin xarici görünüşü və geyimi ilə uygun gəlməsi gərəkdir. Bir çoxları əhəmiyyət verməsə də, ətrafdakılar xarici görünüşünüzə görə sizə qiymət verir. Ayaqqabının imicin formalaşmasındakı rolu az deyil. O nəinki təmiz və səliqəli, həm də geyimə uygün olmaldır. Bunun üçün hər geyimə və istəyə uyğun olan, müxtəlif ayaqqabı növləri mövcuddur. 

Bəzən ayaqqabı növlərinin adını səhv salırlar və yaxud bilmirlər. Məsələn, məzəli bir misal - ABŞ-da bütün oksford və derbi ayaqqabılarına “Oksford” deyirlər. Səbəbi isə çox sadədir - vaxtilə ABŞ Müdafiə Nazirliyi hərbçilər üçün çəkmələr sifariş edərkən bu sahədən bixəbər olan şəxs onlara “Oksford” adı verib. Bunun yanlış olduğunu isə deyən tapılmayıb, belə də qəbul olunub və bu gün də Amerikan mağazalarında fərqinə varmadan istifadə edilir. 

✽ Baza qarderob haqqında – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Lakin, Köhnə Dünyada düzgün klassifikasiyaya diqqət yetirilir. Avropa ölkələri arasında bu sahədəki lider İtaliyadır: illik istehsal həcmi 14 milyard avro təşkil edir. İtalyan ayaqqabılarının keyfiyyəti mükəmməlliyin sinonimi hesab olunur və mövcud olan 5 min fabrika İtaliyanı Avropa Birliyinin 1 nömrəli ayaqqabı istehsalçısına çevirir.

ABŞ bazarının nəhəng olması, ölkədə keyfiyyətli istehsalçıların mövcudluğunu labüd edib. Çində istehsalçıların çox olması isə, hər qiymət seqmentində istehsalın yaranmasına rəvac verib. Ölkəmizdə Çin malları ucuzluq və keyfiyyətsizliyin sinonimi kimi qəbul olunsa da, çox yüksək və bahalı ayaqqabılar istehsal edən Çin brendləri də mövcuddur və hətta onlar Avropa və Amerikada istehsal edilən analoqlarından bahadır. 

Kontinental Avropa, Böyük Britaniya və Amerika ölkələrinin fərqi isə ölçülərin müxtəlif olması ilə yanaşı sonunucu ikisində yarım ölçülər, ABŞ-da isə yeddiyə yaxın genişlik ölçüləri mövcuddur. Bu da geniş seçim imkanı yaradır. Enli pəncəsi olan alıcılar ensiz ayaqqabı geyinərək əziyyət çəkmir, ayaqlarına uyğun olanı seçirlər. 

✽ Bu məqalə maraqlıdır – Hansı ayaqqabı sürücü üçün daha uyğundur ➤

Ayaqqabının ayağa tam uyğun ölçüdə olması vacibdir, çünki həm böyük, həm də kiçik olanlar insan sağlamlığına ciddi zərbə vururlar. 

Ayaqqabının dar olması ciddi travmalar yaradır, ayaqlarda qan dövranının pozulmasına, varikoz damarlarında xəstəliklərin yaranmasına səbəb ola bilir. Bundan əlavə, ayaq barmaqlarının sıxılması əsəb sisteminə təsir edərək, sümüklərin zədələnməsinə və yastıpəncəlik, onurğada əyriliyə gətirib çıxarır və yerişə neqativ təsir göstərir.

Ayağı ölçmək üçün Brannok dəzgahı

Əksinə, ayaqqabının ölçüsü böyük olduqda digər problemlər yaranır. Böyük olan ayaqqabının içərisində ayaq “üzür” deyə bədənin balansı itir və çəkinin doğru bölünməsi pozulur. Bu da öz növbəsində, döyənək (mozol) yaradır, pəncədə və ayaqlarda ağrılar, insanın tez yorulması ilə nəticələnir, ayaq əzələlərində xəstəliklərin yaranmasına səbəb olur. Balansın itirilməsi yıxılma riskini artırır, onu bərpa etmək cəhdi ayaqqabı sahibində belinin əyilməsinə (psixologiyada bu “bədbəxt insan duruşu” adlanır) səbəb olur.

Bunları nəzərə alaraq, ayaqqabının ölçüsünün doğru seçilməsi çox vacibdir.

Başlanğıc üçün ayağın doğru ölçüsünü təyin etmək lazımdır. Bunun üçün A4 kağızını döşəməyə qoyaraq üzərində dayanıb, qələmlə ayaqların konturu çəkilir. Daha dəqiq məlumat üçün dik dayanıb, bədənin ağırlığının düzgün bölünməsinə nail olmaq lazımdır. Konturların çəkilməsini isə başqasına həvalə etmək məqsədəuyğundur. Köməkçi olmadığı halda stula oturub, ayaqları maksimal dərəcədə kağıza dayamaq və əl ilə konturlamaq olar. Bundan sonra kağızda ən uzun nöqtələri düz xətlə birləşdirib, xətti xətkeşlə ölçərək uzunluğu tapıb, sonra aşağıdakı siyahıda müxtəlif ölkələrin ayaqqabı ölçüsünü təyin etmək olar. 

Bunula yanaşı, pəncənin enini təyin etmək lazımdır, bunun üçün kağızda pəncənin yan enli hissədəki iki nöqtəni xətləyib, onu təyin edin. Digər üsül isə ayağın ətrafının ölçüsünü götürməkdir.

Bunları günün ikinci yarısında etmək lazımdır, çünki o zaman ayaq genişlənir. Mağazaya ayaqqabı almaq üçün yenə də günün 2-ci yarısında getmək məsləhətdir.

Qara ayaqqabı köhnəldikcə nimdaş görünüş alır, qəhvəyi rəngin çalarlarındakı ayaqqabılar isə vintaj olur. Vintaj çəkmələr son illərin dəbidir və onları xüsusi texnologiyalar sayəsində “köhnəldirlər”.

Yuxarıdakıları etmək hələ ayaqqabının yaxud çəkmənin ayağınıza düzgün oturacağına zəmanət vermir, çünki istehsalçıdan (brenddən), tikiliş formalarından asılı olaraq, seçim standart ölçüdən ½ və ya bir ölçü kiçik yaxud böyük ola bilər. Hələ də dünyada bu sahədə standart yoxdur. Ölçünü təyin etmək üçün ya onları geyinib yoxlamaq, internet üzərindən sifariş etdikdə isə müştərilərin şərhlərinə baxmaq yaxşı olar.

✽ Bu məqaləyə də baxın – Ayaqqabını göstər deyim kimsən ➤

Alıcılar həm öz təcrübəsi, ölçü, rahatlıq və keyfiyyət, həm də başqa parametlər barədə öz fikiləri ilə saytlarda bölüşürlər. Onları araşdıraraq ölçünü təxmini təyin etmək mümkündür. Premium istehsalçılar saytlarında ayaqqabı haqqında məlumatda “True to size” (standart ölçüdür), yaxud “Runs large. Order ½ size down” (Böyük ölçü. ½ ölçü kiçik sifariş edin), “Runs small. Order ½ size up” (Kiçik ölçü. ½ ölçü boyük sifariş edin) yazırlar.

Alış-veriş edilən ölkələrdə yaşayanlar üçün bu daha asandır. Uyğun gəlməyəndə ayaqqabını geri qaytarıb, dəyişmək mümkündür. Əgər siz Azərbaycanda, satıcı isə ABŞ-dadırsa, bu problem yaradacaqdır. Bir çox brend ayaqqabı istehsalçılarının veb saytına daxil olduqda Azərbaycana poçtla göndəriş, ehtiyac olduqda onu geri qaytarmaq xərcləri daxil olan şərtlər təklif edilir. Əlbəttə ki, bu kargo şirkətləri ilə nəqliyyat xərclərindən 2-3 dəfə daha baha başa gəlir.  

Bu problemlərlə qarşılaşmamaq üçün artıq istifadə etdiyiniz brendlərin ayaqqabılarının ölçülərini bilərək sifariş etmək daha rahatdır. 

Ölçünü (uzunluq və eni) təyin etdikdən sonra ayaqqabını seçmək olar. Seçərkən bilmək lazımdır ki, onun eni daha vacibdir: içərisində boşluq olmasın, daxilində ayaq sürüşməsin. Burun hissədə barmaqlarla ön tərəf arasında 10 mm məsafə qalmalıdır ki, addımlama zamanı pəncə uzanarkən barmaqlar dirənib zədələnməsin. Bu məsafə 10-30 mm qəbul olunur.

Ayaqqabının daxili böyük olduqda əlavə içlik alaraq, həcmi kiçiltmək olar. Bəzi ayaqqabılarda içliklər çıxarılıb, dəyişdrilə bilir. Bu zaman əlavə içliyi onların altına da yerləşdirmək olar.

Ayaqqabının materialı ikinci vacib şərtdir. Təbii dəridən olanlar ən yaxşı seçimdir. Ayaqqabının keyfiyyəti – həm də daxili hissəsinin ortüyünün materialı ilə ölçülür, keyfiyyətli ayaqqabıda içlik quzu dərisinidən olur. Belə ayaqqabılar baha olur, orta qiymətli olanlarda içlik parçadan olur, ucuz ayaqqabıda isə süni materiallarla döşənir. Həqiqi dəri və parça süni materiallardan fərqli olaraq, isti mövsümdə ayağı tərlətmir, çünki hava mübadiləsini təmin edir. 

Bununla yanaşı sənaye bir yerdə dayanmır, artıq poluretandan (PU leather) keyfiyyətli süni dərilər istehsal olunur. O, xarici görünüşnə görə təbii dəridən fərqlənmir, hətta müəyyən xarakteristikalarına (nəfəs alma, suya qarşı davamlılıq, xarici görünüşü və rəngi dəyişmir) malik olsa da, bu üsula ancaq büdcə çatışmadıqda əl atmaq olar. Əgər heyvanların öldürülməsinə qarşısınızsa, onda PU dəridən olan ayaqqabı sizin üçün yaradılıb.

Ayaqqabıları dəridən başqa zamşa, nubuk, parça və süni materiallardan da istehsal edirlər. Suni və yay üçün materiallardan hazırlanmış idman oksfordu bir çox istehsalçı tərəfindən təklif olunur. Onlar məhsullarını müasir texnologiyaların əsasında yaradaraq, gündəlikdə rahat, yüngül çəkili və dəbli snikerlər təklif edirlər.

Altlıq üçün də müxtəlif materiallardan istifadə olunur. Bahalı və yay-yaz ayaqqabıları üçün dəri altlıqlar təklif olunur. Onların əsas üstünlüyü hava keçirmə olsa da, yaş səthlərdə sürüşkəndirlər, daha tez “yeyilir” (bizim yol səthlərində 2 dəfə tez korlanacaq) və yağışlı havalarda yaş olurlar. Əgər müxtəlif mövsümlərdə istifadə üçün ayaqqabı axtarırsınızsa, dəri altlığa vurulmuş əlavə rezin təbəqə olanları yaxud kauçuk rezinindən hazırlnmış altlıqlısını seçmək lazımdır.

Artıq rezin altlıq ancaq bahalı ayaqqabılarda tətbiq olunur, çünki o süni altlıqlardan bahadır. Lakin rezin daha sağlam və dözümlü olması, yağışa-qara qarşı dayanıqlılığı ilə yanaşı, həm də gözəl görünüşə sahib olur - bir sözlə, universal və bütün mövsümlər üçündür. Bakıda qış fəsli mülayim keçdiyinə görə, bu ən yaxşı seçimdir. ,

Daha ucuz və mass-market ayaqqabılar üçün süni materiallar –  poliuretan (PU), termosiuretan (TPU), etilenvinilasetat (EVA), polivinilxlorid (PVC / PVC) ve termoelastoplastdan (TEP / TRP) istifadə olunur. Termoelastoplast ve termopoliuretan qış üçün uyğundur.

Ayaqqabı içliyinə gəldikdə isə yenə də dəri ilk yerdədir. Daha aşağı qiymət seqmentində pambıq, kətan, yün materiallardan istifadə olunur. Büdcə ayaqqabılarda süni materillar tətbiq olunur ki, maya dəyəri və pərakəndə qiyməti əlçatan olsun. Ucuz seqmetdən fərqli olaraq, orta və bahalı idman ayaqqabılarında süni materiallardan istifadə də var. Əksər hallarda onların ekstremal istifadə imkanını artıqmaq üçün yeni texnologiyalarla yaradılmış materiallardan hazırlanmış içliklər və daxili səth tətbiq edilir.

Yeni ayaqqabıların əksər hissəsi ilk istifadədə narahatçılıq yaradır və dabanda, kiçik yan barmaqlarda ağrı və qabar yarada bilər. Bunun olmaması üçün yeni ayaqqabını ilk gün evdə 1 saat ərzində daşımaq, 1 gündən sonra onu 2-3 saatlıq geyinmək, yeni bir neçə gün ara verdikdən sonra 1 günlük geyinib, yenə fasilə vermək lazımdır. Bu müddət ərzində ayaqqabı yumşalıb, ayağın formasını alacaq. Əziyyətsiz yolu isə pinəçiyə müracət etməkdir. Ayaqqabını xüsusi formalar ilə genişləndirə bilərlər.

Nəticə olaraq demək olar ki, dəri üz və daxili hissəsi olan ayaqqabılar daha sağlam və rahatdır. Lakin onların qiyməti yüksək olur. Onları endirim mövsümlərində çox ucuz, demək olar ki, büdcə variantlarının qiymətinə ilə əldə etmək olur. Udacağınız isə onlardan uzun müddət istifadədir. 

Ayaqqabıların uzun illər istifadəsi üçün bir neçə cütün olması vacibdir. Gün ərzində geyinilən ayaqqabı heç olmasa 24 saat dincəlməlidir. Ona görə eyni stildə 2-3 ayaqqabının olması onların uzun müddətli istifadəsinə imkan yaradır. Eyni ayaqqabı hər gün geyinilərsə, qısa zamanda formasını itirəcək və tez korlanacaqdır. 2-3 ayaqqabını seçərkən müxtəlif rəng yaxud eyni rəngin (qəhvəyinin müxtəli çalarları daha yaxşıdır) müxtəlif tonlarında almaq, gündəlik fərqli görünüş yaratmaq üçün daha məqsədəuyğundur. 

Bu, yuxarıda göstərilən hər bir ayaqqabı növü – krossovka, sniker, mokassin və çəkmələr üçün də keçərlidir. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.