“Geyimə görə qarşılayıb, ağıla görə yola salırlar“ - atalar sözü qədim zamanlardan aktuallığını itirmir. Psixoloqlar isə deyir ki, insanın həmsöhbətində özü haqqında ilkin təəssürat yaratması üçün 30 saniyə, bu təəssüratı dəyişdirmək üçün isə 5 il lazımdır. Öz həyat tərzini və imicini əyani təqdim etmək üçün qarderobun düzgün seçilməsi vacibdir. Bu xüsusi ilə iş aləmində keçərlidir, çünki hər kişinin məqsədi pul qazanmaqdır. İmicin bu məsələdə rolu böyükdür. Psixoloji olaraq hamı uğurlu insan ilə iş görmək istəyir. Özəlliklə, iş üçün müsahibəyə gedəndə xarici görünüş çox şey həll edir.

Hər kəsin büdcəsinə görə, həm çox sayda "look" (obraz, görünüş) yaratmaq üçün "Baza Qarberobu" (BQ) üsulundan istifadə etmək olar. Baza qarberobunun başlıca məqsədi bir-biri ilə uyğunlaşan geyimləri toplamaqdır. Məsələn, cəmi 7 predmet ilə hər gün müxtəlif obraz yaratmaq mümkündür. Həm də gələcəkdə bu qarderoba əlavələr etmək və əşyaları dəyişmək olar.

  • Baza qarderobu - geyim əşyalarına çəkilən minimal məsrəf və minimal miqdar ilə yaradılır, bütün predmetlər bir-biri ilə uyğunlaşır. O müxtəlif vəziyyətlər üçün rahatlıq və əminlik yaradır, səhər gəzintisindən tutmuş axşam yeməyinə qədər bütün sahələri əhatə edir. Baza qarderobu dəbdən çıxmayan, universal, hər zaman aktual baza geyim predmetlərindən toplanır və ona sonradan mövsümlərə uyğun geyimləri əlavə etmək olur. Vaxtaşırı müəyyən predmetləri dəyişərək qarderobu yeniləmək mümkündür.

Baza Qarderobu yaradarkən daha universal, dəbli və funksional  əşyalardan başlamaq lazımdır. Yaxşı qarderobun yaradılması planlama, vaxt və müəyyən büdcə tələb edir. Amma, doğru seçim etdikdə büdcəyə ciddi qənaət etmək olur. BQ yaratmaq üçün fəşn məsləhətçiyə müraciət etmək ən asan yoldur. O, bədən quruluşu, saçın, üzün rəngi və digər göstəricələrə görə doğru siyahı tərtib edəcəkdir. 

Baza qarberobu üçün rənglər: qara, boz, ağ, xaki, mavi, tünd göy, qəhvəyi və bej rəngin çalarları.

Kişi üçün 32 predmetdən ibarət baza qarderobuna aşağıdakılar daxil ola bilər. Bütün geyimlərin eyni zamanda alınması şərt deyil, onları vaxtaşırı əldə etməklə BQ formalaşdırmaq da mümkündür. Həmçinin, işinizə uyğun olaraq, müəyyən dəyişikliklər edilə bilər.

1. Tünd Göy Kostyum

Tünd-göy kostyum - universaldır. Ofisdə, iş görüşmələrində, tədbirlərdə, iclaslarda, konfranslarda, toy, şadlıq, doğum günü şənliyi, qonaqlıq və digər məqsədlər üçün uyğundur. Ağ yaxud açıq mavi köynəklə, göy, boz, bordo və qırmızı qalstukla yaxşı uyğunlaşır. Qara yaxud qəhvəyi rəngli ayaqqabı ilə geyinilir. Döş cibinə “President” üslübunda qatlanmış ağ paşe-yaylıq əlavə edilir.

Kostyum bədən ölçüsünə uyğun olmalıdır, nə böyük, nə də dar olmamalıdır. Mağazadan alınan kostyumu dərzidə bədən ölçülərinə görə uyğunlaşdırmaq məsləhətdir ki, daha səlist və dəqiq otursun. Ən yaxşısı isə, kostyumu atelyedə sifariş etməkdir. O, mağazadan alınan hazır kostyum qədər xərc aparacaq. Yaxşı kostyumu yerli atelyedə 500 manatdan başlayan qiymətlərlə sifariş etmək mümkündür. Pencəyin boynu tam oturmalı, qolu isə köynəyin manjetindən 1.5-2 sm qısa olmalıdır. Köynəyin qolu baş barmağın əsasında bitməlidir. Xüsusi sifarişlə tikilən kostyumların şalvarında kəmər halqaları qoyulmur, lakin yan tərəflərdə beli tənzimləmək üçün bağlantılar əlavə olunur.

✽ Bu məqaləyə baxın – Səyahət üçün qırışmayan kostyum ➤

2. Boz Kostyum

Digər universal rəng - bozdur. Orta yaxud kömür boz rəngindəki kostyum il boyu istifadə oluna bilər, hər bir tədbir və hadisə üçün uyğundur. Yenə də ağ, açıq mavi və zolaqlı köynəklə, göy, boz, qara, bordo, qırmızı qalstukla geyinilə bilər. Qəhvəyi ayaqqabı ilə daha uyğun cütlük yaradır. Əgər tədbir rəsmidirsə qara oxford (ayaqqabı) ilə geyinmək lazımdır. Həmçinin döş cibindəki “President” üslübunda qatlanmış ağ yaylıq görünüşü daha yaraşıqlı edir. Toy məclisinə, qeyri-formal tədbirlərə hazırlaşdıqda paşe-yaylıq başqa üsullarda (Puff, Rose, Four-Point Fold) tərtib oluna bilər.

3. Bleyzer (Sport Coat)

Ayrı satılan pencəyin qarderobda olması unversal obraz yaratmaq üçün əla seçimdir. Kostyumdan fərqli olaraq, klassik şalvar, çinos, cins ilə cütləşdirərək çox sayda obraz yaratmaq olur. Tünd göy rəngdə pencək unversaldır və istənilən şalvarla uyğunlaşa bilər. O, boz, bej, daş rəngi, mavi şalvarla geyinilir. Köynək rəngi yenə də ağ, mavi, zolaqlı mavi, yaxud kejual köynək ola bilər. Qəhvəyi dəri ayaqqabı, lofer və ya çelsi çəkmə görünüşü gözəl tamamlayacaqdır.

Bleyzeri qış üçün yun, yay üçün kətan materialdan əldə etmək məsləhətdir.

4. Ağ Köynək

Ağ köynək ən universal və baza əşya sayılır, çünki istənilən rənglə uyğunlaşır. İstər formal, istər biznes və smart kəjual dress-kodlar üçün gözəl seçim ola bilər. Klassik yaxud "Kent" yaxalı köynəklərə üstünlük verilir, köynəyin qollarında Fransız manjetinin olması daha baha görünüş yaradır. Onlar qol düymələri ilə bağlanır.

5. Açıq Mavi Köynək

Ağ kimi açıq mavi rəng də universaldır və yuxarıda göstərilən geyimlərlə gözəl ahəng təşkil edir. Onu öz rəngindən tünd qalstukla geyinmək məsləhətdir. 

  • Köynəklərin materialının standart fit olduqda 100% pambıq, slim fit olarsa 97% pambıq, 3% elastan olması məsləhətdir. Slim fit köynək bədənə kip oturduğu üçün yeməkdən sonra genişlənməyə yeri olmalıdır, bu zaman isə elastan köməyə gəlir.

6. Mavi zolaqlı Köynək

Mavi zolaqlı köynək də ağ və mavi kimi universaldır. Onu həm göy, həm boz kostyum, həm də bleyzer ilə geyinmək mümkündür. Onu bir rəngli yaxud naxışlı qalstukla cütləşdirmək olar.

  • Hər bir köynəkdən bir neçə ədəd olması daha yaxşıdır ki, onları dəyişərək uzun müddər geyinmək mümkün olsun. Çünki eyni köynəyi bir neçə gün ardıcıl geyindikdə sürətlə aşınır.

7. Kəjual köynək

Gündəlik (kəjual) köynək denim, flanel yaxud pambıq materialdan ola bilər. İstirahət, gəzinti, əyləncə yaxud şəxsi görüşlər üçün cins yaxud çinos şalvar, gödəkcə yaxud palto ilə gözəl ahəng yaradır. Kəjual köynək 2-3 ədəd universal rənglərdə (ağ, göy, boz, xaki, qəhvəyi) yaxud qırmızı olarsa daha geniş obraz yaratmağa imkan verir.

Denim köynəyi eyni rəng və materialdan cins və gödəkcə ilə geyinməyin. Çünki bu amerikan fəhləsinin obrazıdır

8. Sviter

Soyuq günlərdə sviterlərin istifadəsi həm dəbli görünüş yaradır, həm də isti saxlayır. V yaxud Oval boğazlı sviterin qarderobda olması yaxşı seçimdir. Onu futbolka və köynəklə idman pencəyinin, gödəkcənin, paltonun altından, hətta kostyumla geyinmək dəbli görünüş verir. Çoxqatlı geyim son illər dəbdədir. Cins, çinos şalvar və çəkmələrlə birlikdə kəjual görünüş yaradır. Flanel köynək cins və çinosla giynilə bilər.

Pencəyin altından geyinmək üçün nazik, 100% pambıq sviter daha yaxşıdır

9. Badlon (Turtleneck sweater)

Badlon (vodolazka) kostyumla smart kəjual obraz yaradır. Onu həmçinin denim, çinos, gödəkcə, palto ilə geyinmək mümkündür. Qara yaxud tünd goy (navi) rənglər daha universaldır. Badlonu hər iki kostyumla sərt dress-kod olmadıqda cümə günləri ofisə geyinmək olar. Boz şalvar, bleyzer və qəhvəyi derbi yaxud çelsi ilə smart kəjual obraza çevriləcək. Hər iki obrazda badlon ətrafdakılarda sizin haqqınızda yaradıcı şəxs hissi yaradacaq.

Vodolazka pambıq, ipək və kaşemir qarışıqlı materialdan olarsa, qışda həm rahat, həm də isti olacaq

10. Polo

Yay aylarının klassikasıdır. Polo köynəkləri həftə sonları cins, çinos şalvarları və astarsız kətan yaxud pambıq pencək, dəbli idman ayaqqabısı yaxud yungül ayaqqabı ilə gözəl görünəcəkdir.

11. Futbolka (T-shirt)

2 dəst ağ və qara futbolkaların qarderobda olması mütləqdir. İstək üzərinə tünd göy (lacivərt) rənglisini də əlavə etmək olar. Onları cins, çinos, şort, pencək, gödəkçə ilə uyğunlaşdırmaq çox asandır və müasir görünüş yaradır. Ağ və qara rənglər universaldır və hər bir obraz üçün uyğundur. Futrbolka ilə cins, bleyzer və sniker müasir və azad obraz yaradır.

12. Boz Şalvar

Boz universal rəng olduğu üçün idman pencəyi, gödəkcə ilə çox gözəl uyğunlaşır. Boz rəngin çalarlarının geniş olduğunu nəzərə alsaq, açıq yaxud orta boz olması daha doğrudur. Boz rəng şalvar hər bir obraz üçün baza predmetdir.

13. Çinos şalvar

Bu şalvar növü cins və klassik şalvarın birləşməsindən yarandığı üçün universaldır və qarderobda olan digər əşyalarla - futbolka, polo, kəjual köynək, sviter, badlonla rahat uyğunlaşır. İdman pencəyi yaxud gödəkcə ilə geyinilə bilər. Onu boz, daş rəngi, qəhvəyi və bej rənglərdən birində seçmək olar.

14. Cins

Denim materialdan hazırlanan şalvar hamıya yaraşır, yetər ki, bədən formasına uyğun növdən seçilsin. Onun tərzləri yetəli qədərdir: regular, slim straight, slim fit. Hər bir kişinin qarderobunda cins şalvarın olması labüddür. O həm smart kəjual, həm gündəlik görünüş yaratmaq üçün uyğundur və rahatdır. Şəxsi görüşlərə, dress-kod olmayan tədbirlərə, həftə sonu, işdən sonra pencək, gödəkcə, palto ilə çəkmə, derbi, mokassin, snikerlə geyinilə bilər.

✽ Cins barədə məqaləyə baxın – Cins haqqında maraqlı faktlar ➤

15. Palto

Boz yaxud qara palto hər bir kişinin qarderobunda olmaldır. O həm kostyum, həm də sviter və cins/çinos ilə geynilə bilər. Palto universal geyimdir və kişini cəlbedici görünüş verir, bu da öz növbəsində müvəffəqiyyətli insanın əlamətidir. Onu seçərkən trenddə olanı deyil, klassik varianta üstünlük vermək lazımdır ki, uzun illər aktual olsun.

Daha hündür boylu kişilərin uzun, bəstə boyluların isə qısa palto geyinməsi məsləhətdir. Rəng isə zövq məsələsidir

16. Denim gödəkcə

Denim gödəkcə cins şalvar kimi hər zaman dəbdədir. Onu eyni rəngli cins şalvarla geyinmək məsləhət deyil, fərqli olması məsləhətdir. Ən yaxşısı çinos şalvarla geyinin. Top olaraq futbolka, köynək, vodolazka, sviterlə cütlük təşkil edir. Köynək, çinos, derbi yaxud çelsi ilə ofisə (sərt dress-kod yoxdursa) geynilə bilər, bu çox gözəl və müasir obraz olacaqdır.

Zövqə görə 2 rəngdən birini seçmək olar. İstəsəniz ikisini də ala bilərsiniz, niyə də olmasın?!

17. Qara Oksford ayaqqabı

Rəsmi tədbir və görüşlər üçün qara dərili formal Oksford ayaqqabısının qarderobda olması labüddür. Onu qarderobdakı göy, boz kostyum ilə geyinərək formal obraz yaratmaq olar. Çins ilə geyinilməsi qəbul edilmir.

Qara dəridən klassik Oksford ayaqqabı

18. Qəhvəyi rəng ayaqqabı

Qəhvəyi ayaqqabı hər iki kostyum və qarderobdakı bütün şalvarlarla geyinilərək dəbli, italyansayağı görünüş yaradır. Derbi ayaqqabı daha rahat olduğu üçün, qəhvə, konyak, siqar rəngində olanı əldə etmək yaxşı seçimdir. Bu rənglər qeyri-formal və cəlbedici obrazlar yaradır. 

Derbi həmçinin Wingtip (broggue) olarsa zövqlü seçimdir və son illərdə çox populyardır. Onu rəsmi tədbirlərə geyinmək qəbul olunmasa da, ofisə, görüşlərə və gündəlik həyatda istifadəsi diqqət çəkir.

Qəhvə rəngli Derbi Wingrtip dəri ayaqqabı

19. Lofer

Loferlər həmçinin universal ayaqqabı növüdür, onu həm kostyum, həm də smart kəjual geyimlə uyğunlaşdıraraq müxtəlif obrazlar yaratmaq olur. Qara yaxud tünd qəhvəyi rəngdə olan lofer qarderobun bütün əşyaları ilə cütləşir. Qeyri formal (çinos, cins ilə) dress-kodla yay aylarında lofer görünməyən corablarla (no show socks) geyinilir.

Konyak rəngli dəri Lofer

20. Sniker (dress krossovka)

Snikerlər son illərin ən dəbli ayaqqabısıdır və getdikcə daha populyarlaşır. Özünə hörmət edən hər ayaqqabı istehsaçısının assortimentində sniker mövcuddur. Dizaynları bənzər olsa da, onlar material və keyfiyyətlərinə görə fərqlənirlər. Daha uyğun obraz yaramaq üçün həm xarici, həm də iç tərəfi təbii dəridən olan sniker seçmək lazımdır ki, həm uzun müddət istifadə etmək olsun, həm də ayağın rahat nəfəs almasına imkan yaratsın. Ağ rezin altlıqlı qara, qəhvəyi, konyak, siqar, göy yaxud ağ rənglərdə sniker ilə baza qarderobdakı kəjual predmetlərlə müasir obrazlardan seçim etmək asandır. 

Ağ dəri snikerlər hər bir obrazla uyğunlaşır

21. Çəkmə (Boots)

Payız, qış və yaz aylarının əvvələrində Çelsi (Chelsea) çəkmələrin istifadəsi də dəbli kişi obrazı yaradır, həm də ayaqları quru və isti saxlayır. Qara, tünd qəhvəyi və konyak rəngli təbii dəridən yaxud zamşadan tikilmiş çelsi çəkməsi kostyumlarla - biznes kəjual, cins, çinos, idman pencəyi və gödəkcələrlə smart kəjual obrazlar yaradacaqdır. 

Zamşadan Çelsi çəkməsi daha zəngin görünüş yaradır.

✽ Bu məqaləyə baxın – Ayaqqabını necə seçmək lazımdır ➤

22. Tünd göy ipək Qalstuk

Tünd-göy qalstuk klassikadir, o istənilən kostyumla və köynəklə yaxşı görünür. Qalstukun eni pencəyin yaxalığının eninə görə seçilir. Yaxa nazik olduqda 2-2.25 düym, enli olduqda 3.25-4 düym enində qalstuk geyinmək lazımdır. Son ildə həm enli qalstuk, həm də enll yaxalıqlı kostyumlar dəbdədir.

23. Tünd qırmızı ipək Qalstuk

Tünd-göy qalstuk kimi, tünd qırmızı da kostyumlarla ahəng təşkil edəcək və gözəl görünəcəkdir. Həm ağ, həm mavi, həm də zolaqlı köynəklə, tünd göy və boz kostyumla uyğunlaşır. 

✽ Bu məqaləyə də baxın – Qalstukun rəngi nə deyir? ➤

24. Cib yaylığı

Ağ ipək cib yaylığı da universal predmetdir, onu həm göy və boz kostyumlarla, həm də bleyzerlərlə istifadə etmək gərəkdir. Bununla yanaşı digər rəngdə yaylıqlar da əldə etsəniz əla olar. Bu büdcənizə elə də təsir etməyəcəkdir. Trendyol-da ucuz qiymətə keyfiyyətli paşe-yaylıqlar sifariş etmək olar.

Gedəcəyiniz məkandan asılı olmayaraq pencəklərin döş cibində yaylığın olması aksiomdur.

The Presidential Fold - paşe-yaylığı necə qatlamalı

25. Şərf

Şərflər boyun və boğazı qoruma funksiyası ilə yanaşı kişiyə yaraşıq verir. İpək, kaşmir, yun və pambıq materiallardan olan şərflərin standart ölçüsü: eni 30 sm, uzunluğu 150 sm-dir. Klassik göy, boz və bej ən populyar rənglərdir. Bu rəngləri seçsəniz uduzmazsınız, qarderobdakı bütün geyimlərlə uyğunlaşa biləcəklər. Şərf həm də paltonun boyun və yaxasını dəri və saç yağları ilə çirklənməsindən qoruyacaq.

Şərf bağlamanın üsulları

26. Bel Kəməri

Xüsusi safirişlə tikilən kostyumlar istisna olaraq, hazır alınan kostyumları kəmərlə geyinmək qəbul olunub. Kəmər həmçinin şalvar, çinos və cinslə istifadə oluna bilər. Formal və buzness kəjual dress-kodla kəmərin rəngi ayaqqabı ilə ahəng təşkil etməlidir, ona görə də kəmərin naxışsız qara, qəhvəyi və kürən rəngli dəridən olması hər bir geyimlə istifadə üçün məqsədəuyğun edir. Kostyumla 3.5 mm, cinslə isə 4 sm enində dəri kəmər geyinmək daha məqsədəuyğundur.

Kəmərin təmiz dəridən və naxışsız olması onu daha faydalı edir

27. Dəri əlcəklər

Qış aylarında dəri əlcəklər əlləri donmadan qorumaqla yanaşı əsilzadə obrazı yaradır. Keyfiyyətli təbii dəridən əlcəklərin smartfonu idarə etmək üçün növləri satışda var, odur ki, zəngə cavab vermək və mesaj yazmaq üçün onları çıxarmağa ehtiyac olmayacaqdır. Palto ilə əla uyğunlaşır. İdealda əlcəklərin rəngi ayaqqabıya görə olmalıdır. İki ədəd, qara və qəhvəyi (kürən, konyak, siqar rənglər də ola bilər) rəngli əlcəkləri qarderobunuza əlavə edin və soyuq günlərdə mütləq özünüzlə götürün.

 

28. Qol saatı

Smart saatların populyarlaşması etiket və stil qaydalarını dəyişib. Artıq onların da bahalı və ekzotik versiyaları təqdim olunur. Smart saatlar yalnız zamanı deyil, həm də məlumatları əks etdirdiyi üçün artıq hər kəsin seçimidir. Müxtəlif istehsalçıların saatları bənzər olsa da, ortaq olan onların kəmərlərinin rahat dəyişməyin mümkün olmasıdır. Kəmərlərdə dress-koddan asılı olaraq, müxtəlif material və rənglərdən istifadə etmək olar. Kostyumlarla təbii dəri kəmər, smart-kəjual və idman tərzi üçün metal qolbağıdan istifadə etmək olar. Əgər kəmərin rəngi ayaqqabı və bel kəmərilə bənzər olarsa, bu sizin incə zövqünüzdən xəbər verəcəkdir.

✽ Yeni saatlar haqqında oxumaq üçün Saat rubrikasını izləyin ➤

Soyuq aylarda dəri kəmər, isti fəsildə metal braslet daha məqsədəuyğundur, çünki yayda bilək təri dərini korlayır

Xatırlamaq lazımdır ki, qol saatı və ayaqqabı daşıyıcısı haqqında çox söz deyə bilər.

29. Günəş eynəyi

Eynək yalnız günəşdən qorumaq üçün deyil, o həm də dəbli görünüş yaradır. Günəşin ultrabənövşəyi şüaları il boyu gözlərə mənfi təsir edir, hətta günəş görünməyəndə belə onlar aktiv olurlar. Ona görə UV400 və polarizasiyalı günəş eynəyi almaq məsləhətdir. Eynəklər üz formasına görə seçilir. Ray-Ban RB2140 Wayfarer (yaxud RB2132 New Wayfarer) klassika olaraq hər bir üz formasına uyğun gəlir. Amma onu seçərkən, mütləq baş ölçüsünə görə (S, M, L, XL ölçülərlə yanaşı 54-18 yaxud 50-22 variantda olur) almağı məsləhət görürəm. Saxta eynək nəinki hiss olunur, həm də gözləri korlayır, çünki şüşəsi UV şüalardan qorumur, həm də sizə olan hörməti azaldır.

✽ Bu məqalə maraqlıdır – Günəş eynəyi haqqında bilmədikləriniz ➤

Ray Ban Wayfarer hər üz formasına yaraşır

30. Dəri Çanta

Artıq hər bir iş adamı laptop isitifadə edir və onu özü ilə daşımaq məcburiyyətindədir, həmçinin sənədləri və digər əşyaları götürür. Bunlar üçün dəri briefcase uyğundur. Digər seçim olaraq dəri bel çantası (ryukzak, back pack) ola bilər. Onun da təbbi dəridən olması müasir iş adamı obrazı yaradır. 

Dəri çanta nəinki imicdir, həm də uzun müddət istifadə edildikdə vintaj halı alır, bu da ona xüsusi rəngarənglik qatır. Çantanı qəhvəyi yaxud konyak rəngli keyfiyyətli təbii dəridən olması məsləhətdir

Bel çanrası yaxud Briefcase? Büdcəniz imkan verirsə, hər ikisini alın

31. Çətir

Payız, qış və yaz aylarında yağışın geyimi islatmaması üçün çətirdən mütləq istifadə etmək lazımdır. Axı sizin vacib iş görüşməsinə, görüşə yaxud tədbirə yaş vəziyyətdə gəlməniz mənfi təəsürat yaradacaqdır. Avtomobiliniz olsa belə, parkinqdən binaya gedən yol uzun və yağışlı ola bilər. Onun forması bahalı əsa şəkilində olarsa obraza alicənablıq qatacaq. Bakı küləkli olsa da, hər zaman sürətli olmur, odur ki, çox zaman çətir işə yaraya bilər. Artıq əsa formasında, ruzgara dözümlü olan dəbli çətirlərdən seçmək olarki bərk küləkli günlərdə sınmasın.

32. Ətir (parfüm)

Psixologiya sübut edir ki, insanlar şüuraltı olaraq bir-birinə uyğunluğunu qoxu ilə hiss edir. Ona görə ətirdən istifadə vacibdir. Yaxşı ətir qoxusu geyim kimi təəsürat yaradır. Sizə uyğun olan ətiri seçmək üçün konsultlarla məsləhətləşmək lazımdır. Ətiri çox deyil, bədəndəki xüsusi yerlərə (boyun və bilək) az sayda vurmaq lazımdır. Bir müddətdən sonra özünüz onu hiss etməsəniz də, ətrin qoxu şleyfi gün ərzində digərlərinə təsir edəcəkdir.

Mövcud qarderobu araşdırmaq və yeni predmetlər alaraq əlavə etmək, baza qarderob yaratmaq istədiyi olan, lakin yolunu bilməyənlər konsultasiya üçün müraciət edə bilər. Həmçinin Instagram səhifəmdə videoları izləyərək məlumat almaq mümkündür.

✽ Fəşn Konsultasiya üçün (What’s App) müraciət ➤

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.