Bej rəng çox diqqət çəkən olmasa da, zövqündən asılı olmayaraq çox kişilərin əynində bu rəngdə geyim görmək mümkündür. Yaz və yay aylarında daha ciddi tərz şalvar tələb olunduqda kişilər məhz bej rəngi seçirlər. O, çox yayğın olsa da boz qədər dəbli sayılmır. Lakin…

Bej rəng baza rənglərdən biridir, ona görə digər rənglərlə yaxşı uyğunlaşır. Həm də müxtəlif adları olan bej rəngin geniş çeşiddə çalarları mövcuddur.

Geyim, ayaqqabı, ev üçün boya, mebel və sairə seçərkən bejə bənzəyən, lakin müxtəlif adlı rənglərə rast gəlmək mümkündür.

✽ Bu məqalə maraqlı ola bilər – Geyimin rəngi – xarakterin göstəricisidir ➤

Əcnəbi lüğətlərə baxsaq: bej “very light brown, as of undyed wool; light gray with a brownish tinge” (boyanmamış yun kimi açıq qəhvəyi; qəhvəyi çalarlı açıq boz) kimi təyin olunur. Bu məna rəng haqqında ümumi məlumat verir, lakin tam əks etdirmir. 

Adın etimologiyası: Fransız dilində “bej” təbii yunun rəngini ifadə etmək üçün istifadə olunur.

Fil sümüyü və açıq qəhvəyi arasında olan bütün rənglər Bej rəng qrupuna daxildir və isti tonlarda olan neytral çalarlarını nümayiş etdirir.

Bu rəng müxtəlif sözlərlə adlandırıla bilər, lakin onlar bir-birinə o qədər yaxındır ki, çox vaxt çaş-baş salır. Geyim və parça istehsalçıları eyni rənglərə müxtəlif adlar verirlər. Hətta, diqqəti cəlb etmək üçün bej rəngə xüsusi adlar yaradırlar.

✽ Bu məqalə maraqlı ola bilər – Geyiminiz üçün 27 parça növü və onların tərkibi ➤

Bej, xaki, qəhvəyi

Bu üç ad tez-tez bir-birinin əvəzinə istifadə olunur və eyni rəng olmasa da, çox yaxındırlar.

Bej, qəhvəyi və xaki rəng kostyumlar əsasən isti fəsillərdə istifadə olunur, material olaraq incə yun, pambıq və ya kətandan hazırlanır. Qalın olan tvid və velvetdən isə diqqət çəkən payız kostyumlarında rast gəlinir. 

Açıq rəng geyimlər yaz-yay üçün hesab olunsa da bej rəngli geyimlər il boyu, bütün fəsillərdə istifadə oluna bilər, hətta qışda belə. Əlbəttə ki, qızmar günəşin şüalarından qorunmaq üçün bej rəng yaxşı seçimdir.

Soyuq fəsillərdə bej rəng qış gödəkcəsi yaxud palto Old Money tərzi yaradır. 

✽ Bu məqalə maraqlı ola bilər – “Old money” estetikası ➤

Bejin çalarları

Bejin çalarları o qədər bənzərdir ki, onları ayırd etmək müşkül olur.

Beige (Bej) – açıq qəhvəyi. Əvvəl söyləndiyi kimi fransız sözüdür və təbii yun rəngidir. Bu rəng əsasən yun kostyum, yun və pambıq şalvar, eləcə də trençkotlarda istifadə olunur.

Brown (Qəhvəyi) – maralların rəngini əks etdirən açıq qırmızı-qəhvəyi rəngdir. Qəhvəyi rəng çox tərcih edilən rənglərdəndir. Özəlliklə ayaqqabı, dəri gödəkcə, kostyum, müxtəlif tərz şalvarların, cins və digər geyimlərin ən çox istifadə olunan rəngidir.

Tan (Kürən) – bejdən tünd, qəhvəyinin qırmızımtıl rəngidir. Adı dəri aşılama prosesində istifadə olunan "tannum" sözündənn yaranmışdır. Dəri ayaqqabı və gödəkcələr üçün ən gözəl rənglərdən biridir. Yun, qabardin və pambıq kostyumlar, eləcə də Safari üslublu kostyumlar üçün çox istifadə olunur.

British Tan (Britaniya kürəni) – açıq narıncı-qəhvəyi rəng. Bu rəngə çinos şalvarlarda, eləcə də qəhvəyi rəng dəri məhsullarında rast gəlinir. Bu rəng dəri ayaqqabılar bütün rəng geyimlərlə uyğunlaşır.

Camel (Dəvə) – zəngin kürən rəngə sahib olan təbii dəvə yununun rəngidir. Müxtəlif geyimlərdə istifadə olunur.

Creme (Krem) – süd qaymağına bənzəyən açıq sarı rəngdir. Ondan pambıq köynəklərdə, kətan kostyumlarında, yun şalvarda görmək olar.

Khaki (Xaki) – zeytun rənginə bənzər tonlarda olur, bejdən daha tünd, qəhvəyidən açıqdır. Bu rəng ən çox pambıq şalvarda istifadə olunur, hərbi geyim rəngi kimi tanınır.

Ecru (Açıq bej) – fransız dilindən tərcümədə ekru "xam" və ya "ağardılmamış" deməkdir. Rənglənməmiş kətan və ya ipəyin rəngidir. Bu rəng pambıq və kətan köynəklərdə, kətan kostyumlarında, blazer və şalvarda istifadə olunur.

Ivory (Fil sümüyü) – sarı və ya bej rəngli fil sümüyünə bənzəyən rəngdir. Kremdən daha açıq rəngdir, bejdən daha çox ağ rəngə bənzəyir. İpək köynəklərdə, kətandan hazırlanmış geyimlərdə çox rast gəlinir.

Light brown (Açıq qəhvəyi) –  xaki ilə çox oxşardır, lakin daha açıq, sakit qəhvəyi tondur. Qəhvəyi rəng kimi geniş yayılmışdır.

Taupe (Açıq boz) – boz və bej rəngin qarışığıdır. Son illərdə həm geyim, həm də interyerdə geniş istifadə olunur.

Graige (Boz-qəhvəyi) - Taupe ilə bənzərdir, lakin ton fərqi var, qəhvəyinin tonu daha çoxdur. Kişi geyimlərində hər fəsil üçün yaxşı seçimdir.

Sand (Qum) – adından məlum olduğu kimi qum rənginə görə adlandırılan sarı-bej. Bu rəngə isti fəsillər üçün olan qabardin, kətan və pambıq kostyumlarda rast gəlmək olar.

Stone (Daş rəngi) – solğun boz-bej. Bu rəngə əsasən yay üçün kostyumlarda və şalvarlarda rast gəlmək olar. 

✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤

Xarici onlyan mağazalarda geyim seçərkən bej rəng müxtəlif adlarla göstərilə bilər. Yuxarıda sadaladığım adlar sizə daha rahat seçim etmək imkanı verəcək.

Bej rəngdə geyimlər həm də “Old Money” tərzinin əsas rənglərindəndir, daha zəngin zahiri görünüş yaradır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.