Brembo şirkəti əyləc texnologiyası sahəsində tanınmış dünya lideridir, lakin şirkətin yeni G Sessanta support konsepsiyası sizə bir qədər qəribə görünə bilər. Yeni supportların maraqlı xüsusiyyəti - onların LED işıqlandırmaya malik olmasıdır. Üstəlik, nəqliyyat vasitəsinin sahibi işqlandırmanın rəngini smartfonundakı tətbiq vasitəsi ilə dəyişdirə bilər.
Aşağıda dərc etdiyimiz videoçarxda baykda quraşdırılmış G Sessanta supportlarını görmək olar. Lakin Brembo şirkətindən yeni texnologiyanı avtomobillərdə də tətbiq etmək imkanının olduğu bildiriblər.
Brembo hesab edir ki, işıqlandırılan suppotların iki əsas tətbiq istiqaməti ola bilər. Birincisi, belə supportlar estetik cəhətdən çox cəlbedici görünə bilərlər. Gecə vaxtı şəhərdə hərəkət edərkən müxtəlif rənglərlə işıqlanan supportlar şübhəsiz ki, ətrafdakıların diqqətini cəlb edəcəkdir.
Alternativ olaraq, onlardan sürücü və ya pilotu məlumatlandırmaq üçün istifadə etmək olar. Məsələn, yanıb-sönən qırmızı işıqlar sürücüyə əyləc qəliblərinin dəyişdirmə vaxtının gəlib çatdığını göstərə bilər. Daha bir variant – supportlardan əlavə stop-siqnal kimi istifadə etməkdir. Bu, avtomobili digər hərəkət iştirakçıları üçün daha nəzərəçarpan edəcəkdir.
İtalyanlar G Sessanta supportlarının dizaynının 1972-ci ilin Brembo əyləc supportlarında ilham alınaraq yaradıldığını bildirirlər. Yeri gəlmişkən, işıqlandırılan supportlar keçən il nümayiş etdirilmiş güzgü səthinə malik olan Brembo Greentive əyləc diskləri üçün ideal variant ola bilər. Belə disklər daha gec yeyilir və onların üzərindəki Brembo loqotipləri bir növ aşınma indikatoru rolunda çıxış edirlər. Loqotipin silinib yox olması əyləc diskinin dəyişilməsinə ehtiyacın olduğunu bildirir.
Brembo şirkəti dəbli supportlar üzərində çoxdan işləyir. Şirkət 2019-cu ildə Cenevrə avtosalonunda naxışlarla bəzədilmiş supportları nümayiş etdirmişdi. Naxışların arasında arqayl, narıncı kamuflyaj, neon hərflər, yarpaqlar, Kit Harinqin naxışları, gepard və əjdaha təsvirləri də var idi.