Scuderia Cameron Glickenhaus şirkətinin başçısı Ceyms Qlikenhaus De Tomaso P72 superkarının yaradıcılarını Ferrari və Pagani modellərinin dizaynından istifadə etməkdə ittiham edib. Qlikenhaus P72 modelinin xarici görkəminin onun sifarişi ilə Pininfarina tərəfindən inşa edilmiş Ferrari P4/5 modelindən götürüldüyünü iddia edir.
De Tomaso P72 superkarı Qudvudda keçirilən Sürət festivalında debüt edib. Superkar Apollo Intensa Emozione modelinin yaradıcıları tərəfindən hazırlanıb və inşa edilib. Dirçəldilmiş De Tomaso markasının rəhbəri Norman Çoyun sözlərinə görə, avtomobil üzərində işləyən dizaynerlərin ilham mənbəyi rolunda 1965-ci ilin De Tomaso P70 (Ghia-De Tomaso Sport 5000) və 60-cı illərin Le Man sportprototipləri çıxış ediblər.
Ghia-De Tomaso Sport 5000
Ceyms Qlikenhaus isə, P72 modelinin eksteryer dizaynının bütövlüklə Ferrari P3/4 və P4/5 modellərindən götürüldüyünü, interyerin isə, Pagani avtomobillərini xatırlatdığını bildirib. Əslinə qalsa, P72 modelinin salon tərtibatında Spyker modeli ilə də bənzərlik tapmaq olar. De Tomaso şirkətindən avtomobilin yaradılması zamanı əsas diqqətin təmiz idarəetmə və toxunuş hissiyatına yönəldildiyini bildiriblər. Onlar, layihənin hazırlanması zamanı əsas götürülən minimalistik yanaşmanın, markanın banisi olan Alexandro de Tomazonun yaşadığı eranı təmsil etdiyini də vurğulayıblar.
Apollo IE superkarıının karbon şassisində inşa edilən və V12 mühərriki ilə təchiz olunun De Tomaso P72 superkarı 72 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Superkarın qiyməti 750 min avrodur.