Moda dünyası hər mövsüm dəyişir, trendlər gəlir və gedir. Lakin klassik və funksional geyimlər zamanın sınağından çıxaraq aktuallığını qoruyub saxlayır.

Son illərdə kişi qarderobunun ən vacib elementlərindən birinə çevrilən Çor Cəket (ing. Chore Jacket, yəni fəhlə pencəyi) və ya Şaket (ing. Shacket – shirt jacket, yəni köynək-gödəkçə) də məhz belə geyimlərdəndir. Vaxtilə fəhlələr üçün yaradılmış bu Pencək bu gün Smart Kəjual və Sakit Lüks (ing. Quiet Luxury) estetikasının ayrılmaz hissəsinə çevrilib.

Çore Cəket funksionallığı, rahatlığı eleqant üslubla bir araya gətirən nadir geyim nümunələrindəndir.

Təəssüf ki, Çor Cəket Azərbaycanda, hətta Türkiyədə belə geniş tanınmır və hələ də kütləvi populyarlıq qazanmayıb. ABŞ və Avropada isə bu model uzun illərdir müasir kişi qarderobunun əsas elementlərindən biri hesab olunur. Bu gün həm mass-market markaların, həm də premium və lüks moda evlərinin kolleksiyalarında Çor Cəket müxtəlif interpretasiyalarda geniş yer tutur.

ABŞ-da olarkən mən də bu modelin iki fərqli versiyasını əldə etmişdim: biri klassik sürməyi (tünd göy) rəngdə trikotaj parçadan, digəri isə xaki rəngli qalın tvil parçadan. Yaz və payız aylarında onları yüngül gödəkcə kimi, mülayim qış günlərində isə çoxqatlı kombinlərin əsas elementi kimi istifadə edirəm.

ABŞ-da bu model əsasən Chore Jacket adı ilə tanınır. Avropada isə ona daha çox Şaket və ya Overşot (ing. Overshirt) deyilir. Adlar fərqli olsa da, hər üç termin funksionallığı və rahatlığı özündə birləşdirən eyni geyim konsepsiyasını ifadə edir.

Gəlin indi bu ikonik geyimin tarixini, onu fərqləndirən xüsusiyyətləri, istifadə olunan materialları və müxtəlif üslublarda necə kombin etməyin mümkün olduğunu birlikdə nəzərdən keçirək.

Yaranma Tarixi

Çor Cəket (fransızca Bleu de Travail – “işçi mavisi”) XIX əsrin sonu və XX əsrin əvvəllərində Fransada dülgərlər, dəmirçilər, kəndlilər, fəhlələr və dəmiryolçular üçün gündəlik iş geyimi kimi hazırlanmışdı. Onun yaranmasında əsas məqsəd estetik görünüşdən çox, maksimum funksionallıq, möhkəmlik və hərəkət sərbəstliyini təmin etmək idi.

Əvvəlcə fəhlə sinfi üçün nəzərdə tutulan bu gödəkcələr adətən sürməyi (tünd mavi) rəngdə tikilirdi. Bu rəng iş zamanı yaranan kir və ləkələri daha az nəzərə çarpdırırdı. Geniş kəsimi ağır fiziki əmək zamanı rahat hərəkət imkanı yaradır, iri və dərin cibləri isə alətlərin, qeydlərin və gündəlik istifadə olunan digər əşyaların rahat daşınmasına xidmət edirdi.

Zaman keçdikcə bu utilitar geyim fəhlə sinfinin sərhədlərini aşaraq əvvəlcə rəssamların və ziyalıların, daha sonra isə dünyanın dörd bir yanında üslubuna önəm verən insanların qarderobunun ayrılmaz hissəsinə çevrildi.

Bu gün Çor Cəket zəngin funksional irsini qoruyaraq müasir dəbin ən yüksək estetik və keyfiyyət standartlarını özündə birləşdirən ikonik bir geyim nümunəsidir. Zamanın sınağından uğurla çıxmış bu gödəkcə klassik zərifliyi müasir dizayn dili ilə ahəngdar şəkildə birləşdirir və onu həm üslubun, həm də praktikliyin simvoluna çevirir.

Əsas Xüsusiyyətləri

Çor Cəket özünəməxsus dizayn elementləri ilə digər pencək və gödəkçələrdən dərhal seçilir:

Düz və Rahat Siluet: Bədəni sıxmayan, bir qədər boş və struktursuz (ing. unstructured) kəsimə malikdir. Bu, təbii eleqantlıq yaradır.

Funksional Ciblər: Adətən sinə hissəsində bir və ya iki (biri üstdə, digəri isə iç tərəfdən tikilir), aşağı hissədə isə iki böyük yamaq ciblə (ing. patch pocket) təchiz edilir. Bu ciblər həm praktiki istifadə üçün əlverişlidir, həm də Pencəyə xarakterik vizual dərinlik qatır.

Sadə Yaxalıq: Klassik köynək yaxalığına (ing. shirt collar) bənzər səliqəli yaxası onu həm köynəklərlə, həm də sadə tişört və sviterlərlə uyğunlaşdırmağa imkan verir.

Sadə Düymələr: Metal, sümük, qalın plastik və ya  digər materiallardan hazırlanmış sadə düymə sıraları pencəyin təmkinli xarakterini tamamlayır.

Parçalar və Materiallar

Çor Cəket mövsümdən və istifadə məqsədindən asılı olaraq müxtəlif materiallardan hazırlanır. Keyfiyyətli, təbii tərkibli parçalar bu geyimin həm uzunömürlü olmasını təmin edir, həm də zaman keçdikcə onun xarakterini və görünüşünü daha da zənginləşdirir.

Pambıq (ing. Cotton) Çor Cəket üçün ənənəvi materiallardan biridir. Xüsusilə sıx toxunuşlu pambıq parçalar, məsələn ağır tvil (ing. heavy twill), yaz və payız mövsümü üçün ideal seçim hesab olunur. Bu parçalar istifadə olunduqca özünəməxsus patina qazanır və illər keçdikcə daha xarakterik görünüş əldə edir.

Kətan (ing. Linen) və Tropik Yun (ing. Cool Wool) isti yaz və yay aylarında ən rahat seçimlərdəndir. Kətan dərinin nəfəs almasına imkan verir, sərinlik hissi yaradır və isti havalarda yüksək komfort təmin edir. Tropik yun isə yüngüllüyü, nəfəsalan quruluşu və zərif görünüşü ilə seçilir.

Denim, Moleskin, Yun parçalar və teksturalı toxunmuş materiallar isə payız və qış mövsümündə daha çox üstünlük təşkil edir. Bu parçalar soyuq havalarda daha yaxşı istilik izolyasiyası təmin edir, eyni zamanda Çor Cəketə daha möhkəm və ifadəli görünüş qazandırır.

Çor Cəket yalnız kişi qarderobunun deyil, qadın dəbinin də sevilən klassiklərindən biridir. Onun rahat silueti, funksionallığı və zamansız dizaynı sayəsində bu model qadın qarderobunda da geniş istifadə olunur. Fərqli kəsim, rəng və materiallarda təqdim edilən Çor Cəket həm gündəlik, həm də zərif Smart Casual kombinlərin uğurlu tamamlayıcısı hesab edilir.

Rəng Seçimi

Çor Cəket seçərkən rəng palitrası onun ümumi xarakterini, hansı üsluba uyğun gələcəyini və qarderobunuzdakı digər geyimlərlə necə kombin olunacağını müəyyən edən əsas amillərdən biridir.

Tarixi klassika – Bleu de Travail (Fəhlə Mavisi): Çor Cəketin ənənəvi və ən tanınan rəngi tünd mavidir. Tarixən bu rəng kir və ləkələri daha az göstərdiyi üçün seçilsə də, bu gün onun əsas üstünlüyü universallığıdır. Tünd mavi qara istisna olmaqla demək olar ki, bütün baza və torpaq tonları ilə asanlıqla uyğunlaşır və müxtəlif üslublarda rahatlıqla istifadə olunur.

Təbii torpaq tonları – Bej, Qum, Xaki və Zeytun: Müasir Smart Kəjual və Sakit Lyuks estetikasında bu rənglər xüsusi yer tutur. Yumşaq və təbii çalarlar obraza zəriflik qatır, xüsusilə payız mövsümünün rəng palitrası ilə ahəng təşkil edir. Eyni zamanda çoxqatlı kombinlər yaratmaq üçün ideal baza rolunu oynayır.

Tünd qəhvəyi və Antrasit: Daha təmkinli və dərin görünüş axtaranlar üçün tünd qəhvəyi və antrasit (kömür boz) rənglər əla seçimdir. Xüsusilə payız və qış mövsümündə bu tonlar həm eleqant, həm də yetkin üslub yaradır və yun, flanel, denim kimi teksturalı parçalarla mükəmməl uyğunlaşır.

Düzgün rəng seçimi Çor Cəketin potensialını tam üzə çıxarır. Məhz rəng bu geyimi sadə işçi formasından zamansız, zərif və funksional qarderob elementinə çevirən əsas detallardan biridir.

Kombinlərin yaradılması

Çor Cəketin ən böyük üstünlüklərindən biri onun olduqca universal olmasıdır. Bu modeli həm Gündəlik (ing. Casual), həm də Smart Kəjual üslubunda rahatlıqla istifadə etmək mümkündür. Düzgün kombinlərlə o, fərqli mövsümlərdə və müxtəlif situasiyalarda eyni dərəcədə funksional görünür.

Kəjual obrazlar: Gündəlik istifadə üçün Çor Cəketi sadə tişört, yumru boğaz sviter, klassik cins və ya çino şalvarla kombin edə bilərsiniz. Ayaqqabı olaraq low-top dəri snikerlər, derbi ayaqqabılar, çelsi və ya çukka çəkmələr uğurlu seçimdir. Sərin havalarda isə çoxqatlı görünüş yaratmaq üçün tişörtlə yaxud sviterlə Çor Cəketin arasına yüngül kardiqan, və ya jilet əlavə etmək kifayətdir.

Smart Kəjual obrazlar: Daha eleqant və qeyri-rəsmi işgüzar görünüş üçün düyməli yaxalı (ing. button-down) oksford, şambre və ya denim köynəklər, eləcə də trikotaj polo köynəklər ideal seçimdir. Onları tünd yuyulmuş və ya xam (ing. raw denim) cins şalvar, yarımklassik şalvar və ya çino ilə, ayaqqabı olaraq isə loafer və ya dəri derbi ayaqqabılarla tamamlayaraq rahatlıq və eleqantlıq arasında mükəmməl balans yaratmaq mümkündür.

Çor Cəket sadəcə bir üst geyimi deyil, funksionallığın, keyfiyyətin və təmkinli eleqantlığın simvoludur. Vaxtilə fəhlələrin gündəlik iş geyimi kimi yaranan bu model bu gün həm kişi, həm də qadın qarderobunda zamansız klassiklərdən biri hesab olunur. Düzgün material, rəng və kombin seçimi ilə Çor Cəket ilin müxtəlif fəsillərində rahatlıqla istifadə oluna bilən, uzun illər aktuallığını qoruyan etibarlı qarderob investisiyasıdır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.