Kişilər arasında çinos cinsdən sonra ən populyar şalvardır. O həmçinin qadınlar üçün universal şalvar növüdür. Cins rahatlığı və klassik şalvara bənzərliyi ilə daha praktikdir. Çinos şalvarı pambıq parçadan hazırlayırlar, ona görə də hər bir mövsümdə geyinilir. Bununla yanaşı müasir üslubu və xüsusiyyətləri ilə fərqlənir.

Çinos adı ispan dilindəki “Chino” (Çin) sözündən yaranıb, çünki ilk dəfə bu parça Çindən idxal edilmişdir.

Çinos – pambıq parçadan tikilən, konus şəkilində aşağıya doğru ensizləşən dar kəsim, oxsuz və belində büküşlər olmayan kəjual şalvar növüdür.

✽ Bu məqalə maraqlı ola bilər – Yaz-yay mövsümündə kişilər nə geyinəcək? ➤

Bəzən Çinos (ing. Chinos) və Xaki (ing. Khaki) şalvar növləri dəyişik salınır. Onlar bənzər olsalar da, fərqləri var. Çinosdan fərqli olaraq Xaki şalvar qalın parçadan hazırlanır. Çinos dar və konusvari kəsim (ing. slim tapered fit), Xaki isə düz kəsim (regular fit), oxları, beldə büküşlər və balağındakı manjeti ilə fərqlənir.

Çinos (ing. Chinos) və Xaki (ing. Khaki) şalvarlar bənzər olsalar da, müəyyən fərqləri var

Çinos və Xaki şalvarlar bir çox geyim predmetləri kimi əsasını hərbi geyimdən götürüb. 

1848-ci ildə britaniyalı zabit Qarri Lamsden əskərlər üçün xaki rəngə boyanmış Tvil (ing. Twill) parçadan uniforma sifariş edir. Xaki hind dilində qum mənasını verir. Qum rəngində olması əskərlərin qumluqda görünməməsini təmin edirdi. Həm də bu geyimlər pambıq materialdan olduğuna görə isti hiss olunmurdu. Ondan sonra bütün dünyada hərbi formalar xaki rəngini aldı. Məhz ona görə bu şalvar növü Xaki adlanır. 

✽ Bu məqalə maraqlı ola bilər – Geyiminiz üçün 27 parça növü və onların tərkibi ➤

XIX əsrin sonlarında ispan-amerikan müharibəsi zamanı Filippində yerləşən amerikan ordusunun geyindiyi uniforma Çində tikildiyi üçün ispan dilindəki Çino sözündən Çinos adını alır. İstehsalı çox ucuz başa gəlməsi üçün şalvarların oxları, cibləri və bel büküşləri yox idi. Şalvar düz biçimə və ensiz formaya malik idi. Bununla yanaşı, yay istisində nəfəs alan və dözümlü olduğu üçün ideal sayılırdı.

Bu şalvarlar əskərlərin çox xoşuna gəldiyi üçün, bir müddətdən sonra xaki rəngli şalvarlar Amerikada populyarlaşır və II Dünya Müharibəsindən sonra geniş yayılmağa başlayır. Hərbi qulluqdan qayıdan əskərlər həmin şalvarları kolleclərin kampuslarında geyinilməsi sayəsində onları Preppi obrazının sinoniminə çevirdilər. 

Preppi stil (ing. Preppy) – kollecə hazırlıq məktəblərini bitirən (ing. College Preparatory Schools) və elit ali təhsil müəssisələrinə qəbul üçün hazırlaşan abituriyentlərin formasından yaranan geyim tərzidir. Preppi üslubu biznes və smart kəjual dress kodlarının qarışığı ilə xarakterizə olunur, səliqə, elitarlıq və rahatlığın nümayişidir.

Ralf Loren (Ralph Lauren) və Tommi Hilfiqerin (Tommy Hilfiger) sayəsində çinoslar yeni nəsil üçün lüks və dəbdəbəli üslub halını alır. Modelyerlər bu şalvarları pencək, polo köynəklər, loferlər ilə geyinərək müasir görünüş yaratmaqla populyar etdilər.

Çinos nədir?

Çinos universal şalvardır. Cinsdən daha ciddi, ənənəvi şalvardan isə daha sadədir. Onu həm strit stayl (ing. street style), həm də smart kəjaul obrazda istifadə etmək olar. Yayda sniker yaxud mokasin, t-şört ilə, yazda bunlara əlavə olaraq denim, dəri və digər gödəkcələrlə dəstləşdirmək olar. Smart kəjual obrazda isə pencək, klassik yaxud kəjual köynəklə, derbi ayaqqabı yaxud çəkmələrlə geyinmək mümkündür. Bir sözlə, Çinosla müxtəlif geyim predmetlərini uyğunlaşdırmaq olar.

İlk çinoslar kimi onlar bu gün də pambıq (ing. cotton) parçadan hazırlanır. Əksər hallarda ona cüzi miqdarda (5% qədər) elastan əlavə olunur. Bu da onun daha elastik və rahat olmasına, yuyulma zamanı isə formasını saxlamasına kömək edir.

Bu şalvar növünün kişilər arasında populyarlığını nəzərə alaraq, çinoslar digər parçalardan da hazırlanır. Onlar həmçinin pambıq və digər materialların qarışığından, yaxud süni və sintetik parçalardan tikilir. Çinoslar geniş çeşiddə və müxtəlif rənglərdə təklif olunur.

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Derbi ayaqqabı, çinos şalvar, klassik köynək, pencəklə iş görüşmələrinə, qeyri-rəsmi ziyafətlərə, təqdimat mərasimlərinə, hətta toylara getmək mümkündür. Bu obraza qalstuk da əlavə etmək olar. Belə bir dəst kostyumu əvəz edə bilər. 

Lakin çinoslar kök kişilərə uyğun deyil. Dar kəsim (ing. slim fit) bu halda ayaqları incə göstərərək beldən yuxarı hissə ilə disbalans yaradacaq. Ona görə daha geniş biçimdə olan Xaki şalvarlara üstünülük vermək məsləhətdir.

Çinos baza qarderobunda müxtəlif obrazlar yaratmaq üçün ideal geyim predmetidir

Çinos qadın qarderobunda da vacib yerlərdən birini tutur. Kəjual və işguzar tərzləri sevən qadınlar üçün çinoslar tapıntıdır.  

Qadın çinosları zamanla çərçivələnməyən dəbdir. O, yüngül və geniş olduğu üçün çox praktik və rahatdır. Əyinə sərbəst oturur, hərəkətləri məhdudlaşdırmır. Şalvarın büküşləri bədən qüsurlarını gizlətməyə və daha incə göstərməyə imkan verir. Yüksək bel sayəsində ayaqları vizual olaraq uzadır. Pastel tonlarda çinoslar işgüzar görüşlər üçün maraqlı obrazlar yaratmağa kömək edir. 

Hündür xanımlar ensiz çinosun balaqlarını qatlamaqla boylarını vizual kiçildə bilər. Dar kəsim çinos müxtəlif tərzlərdə istifadə ediləcək qədər universaldır. Meyilli yan və arxa ciblərinin olması, zəncirbənd və düymə ilə bağlanması bu şalvarın istifadəsini funksional və rahat edir.

Bəstə boylu incə xanımlar çinos şalvarında əla görünürlər. O, istənilən hissəyə həcm əlavə etməyə və diqqəti incə belə yönəltməyə imkan verir. Şalvarın balağını qatlamadıqda, yüksək dabanlı ayaqqabı ilə boyu vizual olaraq hündür göstərmək olar.

✽ Bu məqalə maraqlı ola bilər – Geyimin rəngi – xarakterin göstəricisidir ➤

Çinosu hər bir yaşda geyinmək olar. Bu şalvar növü üçün ənənəvi rənglər krem, bej, xaki, qəhvəyi, boz və ağ rənglərdir.

Cinslə yanaşı çinos hər kəsin qarderobunda “must have” – mövcudluğu mütləq olan predmetdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.