Ferrari son on ildə saysız-hesabsız sürətli avtomobillər hazırlayıb. Onların hər biri əvvəlkindən daha güclü, daha sürətli və daha mürəkkəb olub. Ancaq Maranelloda yaxşı bilirlər ki, sürət həmişə emosiyanın sinonimi deyil.
Məhz buna görə 12Cilindri Manuale sadəcə yeni model deyil. O, Ferrari-nin sürücülərə verdiyi bir sualın cavabıdır: bəzən mükəmməllik doğrudanmı hissləri üstələyir?
İlk baxışdan hər şey tanış görünür. Uzun kapot, arxaya çəkilmiş salon, V12 atmosfer mühərriki və arxa ötürmə. Bunlar Ferrari-nin onilliklər ərzində formalaşdırdığı klassik grand tourer düsturunun ayrılmaz hissələridir. Lakin Manuale versiyasının ən böyük fərqi kapotun altında deyil, salonun mərkəzindədir - orada yenidən transmissiyanın metal keçidli qolu yerləşir.
İllərdir Ferrari üçün transmissiyanın açıq metal keçidli qolu sadəcə texniki detal deyildi. O, markanın vizit kartlarından biri idi. 355, 550 Maranello, 575M və 599 GTB Fiorano kimi modellər bu səsin – metalın metala toxunduğu o qısa “klik”in – ətrafında formalaşan emosiyanı yaddaşlara həkk etmişdi.
Maraqlıdır ki, 12Cilindri Manuale həmin hissi geri qaytarır, amma tam fərqli üsulla.
Əslində avtomobil klassik mexaniki transmissiyaya malik deyil. Arxa oxda yenə də səkkizpilləli iki muftalı transmissiya yerləşir. Mufta pedalı və ötürmə qolu isə “Manuale by Wire” adlandırılan elektron sistem vasitəsilə həmin transmissiyanı idarə edir. Ferrari mühəndisləri hətta muftanın tutma nöqtəsini, uğursuz keçid hissini və mühərriki söndürmək ehtimalını belə proqramlaşdırıblar. Nəticədə sürücü mexaniki transmissiyanın bütün ritualını yaşayır.
Bu qərar ilk baxışdan paradoksal görünür. Axı Ferrari niyə tamamilə yeni mexaniki transmissiya hazırlamadı?
Cavab çox güman ki, romantik deyil. Müasir emissiya normaları, səs-küy tələbləri və etibarlılıq standartları klassik mexaniki transmissiyanı əvvəlki kimi istehsal etməyi getdikcə çətinləşdirir. Ferrari isə keçmişi olduğu kimi təkrarlamağa yox, onun hissini qorumağa çalışıb.
Bütün bunların fonunda dəyişməyən bir qəhrəman var - 6,5 litrlik V12 atmosfer mühərriki. 830 at qüvvəsi hasil edən bu mühərrik 9500 dövr/dəqiqəyə qədər fırlanır və Ferrari-nin daxiliyanma mühərrikləri tarixində ən saf səslənən aqreqatlardan biri hesab olunur.
Maraqlıdır ki, 12Cilindri Manuale versiyasında nə güc, nə ötürmə nisbətləri, nə də xarakter dəyişib. Ferrari sürəti artırmağa yox, sürücünün prosesdə iştirakını artırmağa çalışıb. Bununla yanaşı, 12Cilindri Manuale kütləvi model deyil.
Cəmi 1499 avtomobil istehsal olunacaq və onların hər biri Tailor Made proqramı vasitəsilə fərdiləşdiriləcək. Bu da göstərir ki, Ferrari burada satış rekordları qırmağa yox, kolleksiya dəyəri yaradacaq avtomobil hazırlamağa üstünlük verib.
Bəlkə də 12Cilindri Manuale haqqında ən maraqlı məqam onun texnologiyası deyil. Bu avtomobil göstərir ki, XXI əsrdə avtomobil istehsalçıları artıq təkcə mühərrik və transmissiya istehsal etmirlər. Onlar həm də xatirələr yaradırlar. Ferrari isə bu dəfə keçmişi geri qaytarmağa çalışmayıb. Sadəcə onu yenidən yaşatmağa çalışıb.
Qeyd: Ferrari 12Cilindri modelinin təqdimatı və texniki xüsusiyyətləri haqqında ətraflı məqalə də Autograph-da dərc olunub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









