2022-ci ildə təqdim olunan Jeep Avenger krossoveri amerikan brendinin model sırasında inqilab edib. O, həm ən yığcam Jeep avtomobili, həmdə brendin tarixindəki ilk elektromobil olub. Doğrudur, sonradan Avenger modelinin hibrid versiyaları da işıq üzü görüb. Krossover Avropa bazarı üçün nəzərdə tutulub, məhz buna görə də, yerli filialın yenilənmiş avtomobilin tizerlərini yayımlamasında təəəcüblü bir şey yoxdur. Ən təəccüblüsü odur ki, bunu Jeep şirkətinin Braziliya filialı da edib: xatırladaq ki, Avenger krossoveri bu bazarda təmsil olunmayıb.

Hazırda braziliyalılar yenilənmiş krossoverin rəsmi təsvirlərini - həm tamölçülü fotosessiyada, həm də Rio-de-Janeyro küçələrində çəkilmiş şəkillərini dərc ediblər. İş ondadır ki, Braziliya Avenger modelinin Avropadan kənarda satılacağı ilk bazar və buraxılacağı ilk məkan olacaq. Beləliklə, bu, krossoverə qlobal model statusu bəxş edəcək.

Tizerlərdə vəd edildiyi kimi, restaylinq keçmiş krossover yenilənmiş yeddi bölməli radiator barmaqlığının imitasiyasını alıb. Bu barmaqlıq indi qabarıqdır və onun hər bir seqmenti ayrıca işıqlandırmaya malikdir. Ön və arxa işıqlar orijinal formalarını saxlayıblar, lakin yeni LED tərtibata sahib olublar. Başqa formalı ön bamper daha böyük gümüşü örtmələrə malikdir. Tizerlərdən göründüyü kimi, modelin Braziliya və Avropa versiyaları eyni ön hissəni alacaqlar.

Yenilənmiş krossoverin interyeri hələlik göstərilməyib. CMP platformasına əsaslanan digər Stellantis krossoverləri kimi, yenilənmiş Jeep Avenger də modernləşdirilmiş cihazlar paneli, daha böyük displeyləri və yeni funksiyaları olan məlumat-əyləncə sistemi ilə təchiz ediləcək. Avropada satılacaq krossoverlərdə qabaqcıl aktiv elektron təhlükəsizlik sistemlərinin quraşdırılacağı da gözləniləndir, Braziliyadakı qaydalar bu baxımdan daha yumşaqdır.

Elektromobillər Braziliyada o qədər də geniş yayılmayıblar, ona görə də orada batareyalı Avenger modelini gözləmək mənasızdır, çünki rəsmi şəkillərdəki krossoverin arxa hissəsində buraxılış sisteminin çıxış borusu diqqəti çəkir. Böyük ehtimalla, Latın Amerikasındakı ölkələr üçün sırf benzin versiyası da (bioetanolla işləmək imkanına malik olan) buraxılacaq. 

Avropada təklif olunan çeşidin hər hansı əhəmiyyətli dəyişikliklərə məruz qalacağı gözlənilmir. Yenilənmədən əvvəlki krossover ön ötürməli elektromobil (156 at qüvvəsi, 260 Nm) və ya hibrid (100 at qüvvəsi, 205 Nm) ola bilər. Arxada quraşdırılmış elektrik mühərriki (29 at qüvvəsi) olan tam ötürmə sistemi yalnız 136 at qüvvəli 1,2-litrlik PureTech turbomühərriki ilə təchiz olunan Avenger 4xe krossoveri üçün əlçatandır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Braziliyada satılacaq Jeep Avenger krossoverinin istehsalı Rio-de-Janeyro yaxınlığındakı Porto Real zavodunda həyata keçiriləcək. Avropa üçün yenilənmiş Avenger krossoverlərinin yığılması isə, Polşanın Tıxı şəhərindəki zavodda davam edəcək. Daha ətraflı məlumat təkmilləşdirilmiş krossoverin hər iki bazarda keçiriləcək tamölçülü təqdimatından sonra açıqlanacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.