Cənubi Koreyanın TheKoreanCarBlog nəşri dördüncü nəsil Kia Sorento krossoverinin mühərrikləri və transmissiyaları haqqında məlumatı paylaşıb. Sənəddə güc qurğusunun konfiqurasiyası, iş həcmi və ötürmələr qutusunun növü haqqında məlumat vardır. Eyni zamanda, Kia şirkəti yeni modelin daxili görünüşünün ilk rəsmi şəkillərini dərc edib.
Dərc edilmiş siyahıya görə, satış bazarlarından asılı olaraq, yeni Sorento modeli altı güc aqreqatı ilə təklif ediləcəkdir. Krossover 1,6-litrlik benzin turbomühərrikinin əsasında inşa edilmiş hibrid güc qurğusu, 220 at qüvvəsi hasil edən yeni 2,2-litrlik turbodizel, habelə 2.0 və 2.5-litrlik benzin mühərrikləri ilə təchiz ediləcəkdir. Yəqin ki, krossoverin top modifikasiyası 300 at qüvvəsinə malik olan 2,5-litrlik "turbodördlük" ilə hərəkətə gələcəkdir.
Dizel mühərriki səkkiz pilləli DCT "robot", digər güc aqreqatları altı və ya səkkiz pilləli avtomatik qutular ilə tandemdə çalışacaqdırlar. Yeni Kia Sorento krossovero həm ön, həm də tam ötürmə sistemi, həmçinin beş və ya yeddi yerlik salonla təklif ediləcəkdir.
Mühərrik xətti haqqında məlumatın sızması ilə yanaşı, Kia şirkəti yeni krossoverin eksteryer və interyerinin rəsmi şəkilləri ilə paylaşıb. Eskizlərdə ön panelin dizaynı açıqlanıb, iqlim sisteminin interfeysi və multimediya sisteminin 10,25-düymlük ekranı iri planla göstərilib və eyni zamanda, avtomatik ötürmələr qutusunun ənənəvi dəstəyinin yerini şaybaya verdiyi vurğulanıb.
Əslində göstərilənlərin heç biri bizim üçün sirr deyil, çünki bu yaxınlarda avtomobilin cəsuslar tərəfindən çəkilmiş eksteryer və interyer şəkillərini dərc etmişik.
İnsayderlər dördüncü nəsil Kia Sorento modelinin Cənubi Koreyadakı təqdimatının fevralın 17-nə planlaşdırıldığını iddia edirlər. Krossoverin dünyəvi təqdimatının martın 3-də işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəyi məlumdur. Böyük ehtimalla, Kia şirkəti İsveçrədə Avropa bazarı üçün nəzərdə tutulan mühərrik çeşidi və təchizat səviyyələri barədə məlumatı açıqlayacaqdır.