Yayın istisindən sonra, sərin hava və yağışlar dövrü başladığı üçün, geyim stilini dəyişmək zamanıdır. Son illərin trendi olan kişi geyimlərinin xarakterik xüsusiyyətləri – sadəlik, yığcamlıq, rahatlıq və demokratiklikdir. Bu payızın moda trendləri istisna deyil.
Son illərdə moda səngiyib. Bunun səbəbi də dəbin dəyişmə tezliyinin azalması və ekologiyanı qorumaq istəyidir. Külli miqdarda geyimlərin məişət tullantılarına çevrilməsinin qarşısını almaq üçün “yavaş dəb” tətbiq edilir. Bu səbəbdən keçən illərdə əldə olunan qarderoba dəyişiklik etməyə ehtiyac qalmır və yalnız aşınmış və yırtılmış geyimləri yeniləri ilə əvəz etmək yetərlidir.
Öncəki illərdə olduğu kimi, klassik geyim tərzi yenə də aktuallığını itirmir. Klassik geyim hər bir kişiyə yaraşıq verir. Smart kəjual və biznes kəjual yenə də trenddə qalmağa davam edir. Baza rənglər üzərində yaradılan qarderob aktuallığını qoruyur. Mavi, boz, qəhvəyi, xaki, bej, ağ və qara rənglərə və pastel tonlara üstünlük vermək məsləhətdir.
Payızda havanın sərinləşməsi ilə əlaqədar kostyum, bleyzer, gödəkcə, plaş, yüngül paltolarla yaradılan obrazlar daha uyğundur.
✽ Bu məqalə maraqlı ola bilər – Kişi paltoları haqqında ➤
Bu payızda sviter, kardiqan, pencək, gödəkcə, küləkcə, trençkot kimi üst geyimlərinə diqqət yetirmək olar. Bu üst geyimlər cins, çinos, karqo şalvarlarla dəstləşdirmək mümkündür. Top olaraq t-şört, polo, köynəklər, badlon (vodolazka) və incə sviterləri dəstə əlavə edin.
Payızın başlanğıcında hava tez-tez dəyişdiyi üçün səhər və axşam sərin, günorta isə isti olur. Hava dəyişikliyinə uyğunlaşmaq üçün çoxqatlı geyinmək (məsələn, t-şört, köynək, jilet və godəkcə) məsləhətdir. Havadan asılı olaraq, qatları çıxarmaq yaxud geyinmək olar ki, havaya uyğunlaşaraq tərləmənin və soyuqlamanın qarşısı alınsın. Çünki, dəyişkən havada xəstələnmək çox asandır.
Yağışdan qorunmağın ən yaxşı yolu çətirdən istifadədir. Bu halda istədiyiniz obrazı yarada bilərsiniz. Çətir həm də zadəgan obrazıdır və diqqətəlayiq aksessuardır.
Yağışlı havalar üçün üst geyim olaraq trençkot həm dəblidir, həm də islanmadan qoruyur. Burberry Trençkotu yaradarkan qabardin material istifadə etmişdi. Trençkot hərbçiləri səngərlərdə soyuqdan, yağışdan, nəmişlikdən qoruma özəlliyini özündə birləşdirirdi. Müasir zamanda Trençkot müxtəlif materiallardan hazırlanır. Polyester və poliamid parçalar suya davamlı olsalar da, onların hava keçirmə qabiliyyəti aşağıdır.
✽ Bu məqalə maraqlı ola bilər – Geyiminiz üçün 27 parça növü və onların tərkibi ➤
Rəng olaraq soyuq aylarda əvvəllər tünd rəng paltar geyinmək qəbul olunsa da, buna aludə olmayın. Hətta qışın soyuğunda da açıq rəng geyim qəbul olunandır (hətta ağ şalvar yaxud gödəkcə geyinmək dəbdədir). Qara rəng kirlənməni gizlətdiyi üçün əksəriyyət ondan istifadə edir. Amma, müasir zamanda yüksək texnoloji paltar yuyan maşınlar, kimyavi maddələr, təmizləmə mərkəzləri mövcuddur. Ona görə qara rəngə bağlanmağa ehtiyac qalmır.
İş görüşmələrinə və ofisə biznes formal yaxud smart kəjual tərz, gündəlik isə kəjual obrazlar uyğundur.
Bu il total denim (cins şalvar və denim gödəkcə) dəbə minsə də, bu tərzdən imtina etməyi məsləhət görürəm. Çünki, total denim fəhlə obrazıdır, eleqant deyil.
✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤
Cins şalvarla chore jacket, dəri yaxud parça gödəkcə daha eleqant görsənəcək. Denim gödəkçə ilə çinos şalvar geyinmək məsləhətdir. Fərqli materiallar və rənglər gözəl kontrast yaradır.
Bəstə boy kişilərə alt və üst geyimin rəngi arasında kontrast yaratmaq məsləhət deyil, çünki vizual olaraq boyu 2 yerə bölərək kiçildir.
Ayaqqabılara gəldikdə isə, dəri sniker, derbi, broq ayaqqabılar, çelsi, çukka, derbi, qaytanlı, kombat, işçi (work boots) çəkmələri seçmək olar. Onların su keçirməz olması (waterproof, water resistant) vacibdir ki, yağışlı fəsillərdə ayaqları quru saxlasın.
Əgər qarderobda olan ayaqqabılarınız suya davamlı deyilsə, onları xüsusi təbii tərkibli sprey və kremlərlə sukeçirməz etmək olar. Amma, nəbadə mağazalarda satılan silikon tərkibli spreylərdən istifadə edəsiniz, çünki onlar havanın işləməsinin qarşısını alır, həm də silikon dərinin məsamələrini bağlayaraq, dərinin qısa zamanda korlamasına səbəb olur.
İncə şərfləri üzə çıxarmaq vaxtıdır. Onları payızda həm pencək, həm də gödəkcələr ilə istifadə etmək olar. Payızın başlanğıcında bandananı boyun sarğısı (şərfi) kimi istifadə etmək olar.
Geyim kişinin “üzüdür”. Eleqant, minimalist tərzdə geyinmiş kişilər daha çox etibar yaradır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.