Tədbirlərin dəvətnamələrində dress kod göstərilsə də, bəziləri buna diqqət yetirmir, ya da dress kod haqqında anlayışları yoxdur. Digərləri isə, onu vacib saymırlar.
Dress koda riayyət dəvət edənə və digər iştirakçılara hörmət əlamətidir. Amma, çox zaman tədbirlərə küçə geyimində (ing. street fashion), yaxud rəsmi tədbirə cins, t-şört, pencək və snikerdə gələnləri də görürəm.
Təsəvvür edin ki, Amerika yaxud Avropada tədbirə dəvət edirlər və dəvətnamədə “Black Tie” yazılıb. Qonaq isə adi boz kostyumda tədbirə qatılır. Salona daxil olarkən smokinqdəki kişilər və qara uzun don geyinmiş qadınlar, üzə deməsələrdə, nəinki həmin şəxsə təəccüblə baxacaqlar, həm də səviyyəsiz hesab edəcəklər.
Əgər səfər zamanı baqajda uyğun geyim yoxdursa, onu kirayə götürmək mümkündür. Bunun üçün oteldəki resepşinə müraciət etmək kifayətdir.
Dress Kod (Geyim Kodu) – müəyyən bir təşkilatda, müəssisədə və ya tədbirdə iştirak üçün tələb olunan vahid geyim forması.
Kişilər üçün əsas Dress Kod (DK) növlərini nəzərdən keçirək.
White Tie (ağ qalstuk) yaxud Ultra-formal – ən ciddi və rəsmi geyim tərzidir. Adətən bu cür tədbirlər olduqca yüksək səviyyəlidir. Məsələn, Prezident səviyyəsində və yaxud ölkədə akkreditə olunmuş səfirin təşkil etdiyi ziyafət, bal, mükafatın təqdimatı kimi tədbirlərdir.
Azərbaycanda tətbiq olunmur. Lakin, əcnəbi ölkələrdə, xüsusi ilə ABŞ, Avropa ölkələri və Böyük Britaniyada qarşılaşmaq mümkündür.
Bu DK-da ağ “kəpənəkli” frak, ağ paşe yaylıq, laklı ayaqqabılar, cib saatı və ağ əlcəklər geyinmək qəbul olunub. Frak qara olmalıdır, digər rənglər qəbuledilməzdir. Üçdüyməli ağ jilet mütləqdir. Heç bir halda qara jilet geyinmək olmaz, əks halda ofisintla səhv sala bilərlər.
Black Tie (qara alstuk) – təntənəli və rəsmi geyim tərzidir. Lakin White Tie-dan daha sadədir. Rəsmi ziyafət, toy və ya təntənəli tədbirlərdə tətbiq olunur. Azərbaycanda bəzi toylarda bu DK tətbiq etmək cəhdləri olsa da, yalnız bəy və gəlinin dostları ona əməl edir, digər qonaqlar isə, belə geyinməkdən çəkinirlər.
Atlas yaxalı smokinq kostyum, eyni parçadan hazırlanmış, atlas lampaslı şalvar. Adından göründüyü kimi, qara “kəpənək” qalstuk ilə dəst olunur. Bu dəstlə lak ayaqqabı deyil, qara dəridən klassik Oxford ayaqqabı geyinilir.
“Xrom” dəridən yaxud qara dəridən olan Oksford ayaqqabı həm də sərfəlidir, çünki onu digər kostyumlarla da istifafə etmək olar. Qara laklı Oksford çox təntənəli görünür.
Formal – bu DK Black Tie standartlarındadır və geyimə tələb çox ciddi və sərtdir. Seçimə görə Smokinq, tünd rəng ikili və ya üçlü kostyum tələb edir. Smokinq boz yaxud sürməyi rəng ola bilər. Üçlü kostyumda jiletin rənginin fərqli olması qəbul ediləndir. Smokinq ilə “kəpənək”, kostyumla isə, mütləq qalstuk taxılır.
Fransız manjeti və qol düymələri (“zaponki”, ing. Cufflinks) olan ağ, mavi və xətli mavi köynək sakit çalarlarda qalstukla tamamlanır. Döş cibinə ağ yaxud rəngli paşe yaylıq əlavə olunur (paşeinin qalstukla eyni olması artıq mütləq deyil).
Ayaqqabı hamar dəridən qara rəngli Oksford və Derbi ola bilər. Çəkmə qadağandır.
Black Tie Optional (qara qalstuk seçimə görə) – Formal DK-un sadələşdrilmiş növüdür. Bu halda Smokinq tünd kostyum, ağ köynək və ipək qalstukla əvəzlənə bilər.
Cocktail (kokteyl) – dəbdədəli restoranda şam yeməyi, korporativ ziyafət, sərgilərin açılışı, çoxlu sayda qonaq dəvət olunan ailə şənliyi kimi tədbirlər üçün nəzərdə tutulub. Əgər dəvətnamədə bu DK göstərilibsə, tünd kostyum, ağ köynəklə qalstuk taxmaq məsləhətdir. Əhəmiyyətli detallardan biri, ağ köynəyin pencəyin qollarından iki santimetr uzun olan manjetləridir.
Business Best (biznes mükəmməl) – böyük şirkətlərin və korporasiyaların rəhbərlərinin görüşü “Business Best” sloqanı altında keçirilir. Bu geyim kodu xarici partnyorlarla danışıqlar, vacib işgüzar nahar və şam yeməyi, korporativ tədbirlər üçün seçilir.
Sürməyi yaxud kömür rəngində (xətli də ola bilər) yüksək keyfiyyətli kostyum, gümüş rəng qol düymələri taxılan fransız manjeti olan ağ köynək, tünd qırmızı, bordo və ya qırmızı rəngin çalarlarında qalstukla dəstləşdirilir. Döş cibinə “Prezident” tərzində qatlanmış ağ ipək paşe yaylıq yerləşdirlir. Cilalanmış qara dəridən Oksford yaxud Derbi ayaqqabılar geyinilir.
Business (biznes) – işgüzar kostyumun məcburi olmasını nəzərdə tutan rəsmi geyim kodudur. Bu halda kostyum, ağ yaxud mavi köynək və ipək qalstuk geyinilir. Kostyumun rəngi müxtəlif ola bilər, sürməyi, bozun çalarları, qəhvəyi. Onların rənginə uyğun gələn qara yaxud qəhvəyi ayaqqabılar, Çelsi, Derbi və Çukka çəkmə ilə dəstldirmək məsləhət görülür. Amma, əlvan rəngli, oversayz və estravaqant kosyumlar bu DK daxil deyil.
Ümumiyyətlə sahibkarlara və korporativ əməkdaşlara işgüzar görüşlərə bu DK-la qatılmaq məsləhətdir, çünki bu obraz daha çox etibar və ciddilik yaradır.
✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤
Business Traditional (ənənəvi işgüzar) – işgüzar görüşlər və ofis üçün tətbiq olunur. Bir yaxud iki bortlu kostyum, düz şalvar nəzərdə tutur (çinosun bu DK yeri yoxdur). Köynək və pencəklə badlon (vodolaska) və kardiqan istifadə oluna bilər. Qalstuk məcburi deyil. Bu dəst klassik ayaqqabılar ilə tamamlanır.
Business Casual (işgüzar sadə) – korporativ ziyafətlər, şirkət təqdimatları, piknik tipli tədbirlərdə tətbiq edilir. Kostyumu qalstuksuz geyinmək də olar. Köynəyi kostyumun rənginə uyğun seçmək məsləhətdir. Digər seçim bleyzer, çinos şalvar və köynək ola bilər. Pencək və şalvarın rəngləri müxtəlif olması daha yaxşıdır. V-yaxalı kardiqan və sviterlər ağ, mavi və açıq boz rəngli köynəklərlə yaxşı görünəcək. Pencək və şalvar sürməyi, mavi, boz, qəhvəyi və bej rənglərlə məhduddur. Cins şalvardan istifadə edilmir. Ayaqqabı olaraq klassik ayaqqabı, lofer və ya Çelsi yaxud Çukka çəkmələrdən seçim etmək mümkündür.
Smart Casual (gündəlik eleqant) əvvəl göstərdiyim Business Casual-dan fərqlənir və daha demokratik olaraq geniş seçim təqdim edir.
Artıq çinosla yanaşı cins şalvar, t-şört, badlon (vodolaska) və polo köynəklərə icazə var. Cins və çinosla, bleyzer, idman pencəyi dəsti ilə yanaşı gödəkcə, kardiqan, sviter də geyinmək olar. Ayaqqabıya gəldikdə: lofer, derbi, broqlar, sniker, həmçinin qaytanlı, çelsi, çukka və dezert çəkmələrə icazə var.
Informal (qeyri-rəsmi) yaxud Casual (gündəlik) – qonaqlığa, piknik və bu kimi tədbirlərə dəvət alarkən qeyd oluna bilər. Bu halda, tədbirə istədiyiniz hər hansı bir geyimdə getmək olar. Ancaq, seçdiyiniz obraz digərlərinin estetik hissinə toxunmamalıdır. Belə tədbirlərə yarıçılpaq, açıq-saçıq geyimdə, şapşapı ilə getmək olmaz. Başqa məhdudiyyətlər olmadığı üçün yaradıclıq tətbiq edib rahat və sadə obraz yaradaraq tədbirə qatılmaq daha məqsədəuyğundur.
Bu halda cins, polo köynək, t-şört, kəjual köynək, sniker, gödəkcə yaxud zövqünüzü oxşayan digər kəjual geyimləri seçmək məsləhətdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.