Mini şirkəti ən ekstremal modeli olan John Cooper Works GP hetçbekini keçən il təqdim etmişdi. 3.000 nüsxəlik məhdud saylı tirajla buraxılan avtomobili almağa macal tapmayanlar üçün, Mini şirkəti "bərkgedən" John Cooper Works hetçbekinin GP Pack indeksini almış versiyasını hazırlayıb. Bu model xüsusi kuzov dəsti və dekoru sayəsində ekstremal versiyaya bənzəyir.
GP Pack dəstinin tərkibinə ikirəngli kuzov, qara eksteryer elementləri, 18-düymlük təkər diskləri və Dinamica dərisi ilə üzlənmiş idman oturacaqları daxildir. Yeni dəst JCW modelini daha sürətli etməsə də, hetçbekə aqressiv görünüş bəxş edir. Yeni dəstdə orijinal JCW GP modelinin bütün atributları mövcuddur: kuzovun boz Racing Grey rəngi, damın gümüşü Melting Silver rəngi, 18-düymlük təkər diskləri və qara parlaq dekor.
Salonda idman oturacaqları, Walknappa dərisi ilə örtülmüş JCW sükan çarxı və 3D printerdə çap edilmiş sükan altı dəstəklər quraşdırılıb. Bu dəstəklər opsional 8-diapazonlu Steptronic Sport avtomatik ötürmələr qutusunu sifariş edərkən quraşdırılır.
Texniki cəhətdən avtomobil dəyişilməz qalıb. Mini JCW modeli 231 at qüvvəsi və 321 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik, 6-pilləli mexaniki və ya avtomatik transmissiya ilə təchiz edilir. Mexaniki transmissiya ilə təchiz edilmiş hetçbek 100 km/saat həddinə 6,3 saniyəyə, avtomatik qutu ilə isə 6,1 saniyəyə sürətlənir. Hər iki versiyanın maksimal sürəti 246 km/saatdır.
Mini John Cooper Works GP modeli 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,0-litrlik mühərrik və 8-pilləli Steptronic qutusu ilə təchiz edilir. Mini JCW GP modeli yerindən 100 km/saat həddini 5,2 saniyəyə toplayır. Onun maksimal sürət həddi 265 km/saat təşkil edir.