Dünən Instagram sosial şəbəkəsindəki CocheSpias hesabında qeyri-adi Rolls-Royce prototipinin videogörüntüləri yayılıb. Videoçarxadakı prototip haqqında heç bir məlumat yoxdur. Avtomobilin hansı kuzova malik olduğu da aydın deyil – çox güman ki, prototip bu yaxınlarda patent təsvirləri aşkar edilmiş naməlum Rolls-Royce modelinin sınaq prototipidir.
Ciddi kamuflyaja malik olan qeyri-adi prototip hərəkət zamanı çəkilib. Videoda təsvir olunmuş Rolls-Royce prototipinin klassik üçqapılı “şutinq breykə” bənzədiyini söyləmək olar, amma əslində avtomobilin kuzov forması radikal şəkildə fərqlənə bilər. Böyük ehtimalla, bu prototip bir ay bundan əvvəl patent görüntüləri dərc edilmiş avtomobildir.
Xatırladaq ki, “süzən” arxa dayaqlara malik olan avtomobilin patent təsvirləri Braziliyada aşkar edilib. Zahiri cəhətdən kupe dizaynı dəyişdirilmiş Wraith modelinə bənzəyir. Avtomobilin ən maraqlı elementi dəbdəbəli yaxtaların göyərtələrinin üslubunda tərtib edilmiş arxa hissəsidir. Modelin xüsusi sifarişə əsasən yeganə nüsxədə inşa edildiyi ehtimal olunur. Bu isə, yeni avtomobilin gələcəkdə Hyperion rodsteri və dəbdəbəli Sweptail kupesi ilə eyni cərgədə duracağını göstərir.