Mokka X modeli Opel model xəttində olan krossoverlər arasında veteran sayıla bilər. Üstəlik, PSA konserninin platformasında inşa edilmiş Crossland X və Grandland X krossoverlərindən fərqli olaraq, Mokka X modeli General Motors konserninin platformasına əsaslanır.
Lakin, yaxın zamanda hər şey radikal şəkildə dəyişəcəkdir. Bu gün Opel şirkəti PSA konserninin EMP1 platformasında inşa edilmiş ikinci nəsil Mokka modelinin tizerini nümayiş etdirib. Avtomobil hazırda sınaqlardan keçirilir və üzərində iri sarı rəngli K hərfi olan orijinal qara-yaşıl rəngli kamuflyaja malikdir. Bununla belə, kamuflyaj örtüyü avtomobilin cizgilərini nəzərdən keçirməyə də mane olmur. Opel nümayəndələri yeni dizaynı detoksifikasiya adlandırırlar. Mahiyyətcə, bu minimalizm deməkdir və nümunə üçün, Pacel adlı inkişaf strategiyasının ilk vizual təcəssümü olan 2018-ci ilin GT X Experimental konseptini yada salmaq gərəkdir.
Yeri gəlmişkən, yeni Mokka X indeksini itirərək sadəcə Mokka olub. Xatırladaq ki, bu indeks krossoveri 2016-cı ildə keçirilmiş restaylinqi zamanı verilmişdi. İstehsalçı bunu qeyd etsə də, heç bir izahat verməyib. Biz isə, bunu köklərə qayıdış adlandıra bilərik.
Daha bir xəbər - Opel Mokka modeli elektromobil olacağıdır. Çox güman ki, Mokka modeli də son nəsil Opel Corsa modeli kimi müxtəlif güc aqreqatları ilə təklif ediləcəkdir. Elektrik versiyasının Mokka-e adlandırılacağından şübhə etməmək olar. Şirkətdən yeni Mokka modelinin texniki hissəsi barədə məlumat verilməsə də, onun bu ilin dördüncü rübündə istehsala gedəcəyini, ilk elektrik krossoverlərinin isə 2021-ci ilin əvvəlində satış debütü edəcəyini bildiriblər.