Radford şirkəti Type 62-2 modelini bu ilin avqust ayında təqdim edib, lakin təqdimat zamanı tünd pəncərələr avtomobilin interyerinə nəzər salmağa imkan verməyiblər. Bu gün şirkət interyer üzərindəki sirr pərdəni qaldıraraq, ilk və hələlik yeganə modelinin interyerini nümayiş etdirib.
Yenidən canlandırılmış markanın nümayəndələri avtomobilin interyerinin 1969-cu ilin orijinal Lotus Type 62 yarış avtomobilindən ilhamlanaraq yaradıldığını bildiriblər: onların fikrincə, üçqollu sükan çarxı və sürücü oturacağının forması buna birbaşa işarədir.
Daha bir maraqlı məqam ön sərnişinin qarşısındakı hissədə quraşdırılan saat və saniyəölçəndir – köhnə yarış avtomobilindəki cihazları xatırladan bu elementlər dəbdəbəli saatların istehsalçısı olan məşhur Bremont manufakturası tərəfindən hazırlanıblar.
Sürücünün qarşısında karbondan hazırlanmış sükan və rəqəmsal cihazlar paneli var. Bu panelin sağ və sol tərəfində yerləşən ekranlar avtomobilin ön qanadlarında quraşdırılmış kamerlardan ötürülən görüntüləri əks etdirirlər.
Belə hal dəhşətli dərəcədə müasir (bəlkə də yersiz) görünsə də, dizaynerlər interyerdə nostalji doğuran elementləri tətbiq etməklə uyğunsuz vəziyyətdən çıxmağa çalışıblar. Bunlara misal kimi, yarış avtomobilləri üçün ənənəvi olan tumblerləri və transmissiaynın dəstəyinin “açıq” mexanizmini göstərmək olar.
Radford Type 62-2 modelinin istehsalına bu il başlanmalıdır. Cəmi 62 ədəd avtomobil buraxılacaqdır və onların hər biri sahibinin istək və tələblərinə uyğun olaraq inşa ediləcəkdirlər. Odur ki, hər bir superkar unikal olacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.