Rolls-Royce şirkəti Wraith və Dawn modellərinə sifarişlərin qəbulunu dayandırıb. Kupe və kabrioletin istehsalı 2023-cü ilin əvvəlində dayandırılacaq və onların varisləri olmayacaqdır: Britaniya istehsalçısı hər iki avtomobili Spectre elektromobili ilə əvəzləmək niyyətindədir. Xatırladaq ki, Wraith kupesi doqquz il, Dawn kabrioleti isə yeddi ildir ki, buraxılır. Hər iki model də xüsusi versiyalar və yeganə nüsxədə buraxılmış modellər də daxil olmaqla zəngin irsə malikdir.
Rolls-Royce Wraith Kryptos Collection
Məsələn, keçən yay 1930-cu illərdə Rolls-Royce təyyarə mühərrikləri ilə hərəkətə gələn Thunderbolt avtomobilində bir neçə sürət rekordu vuran Corc İstona həsr olunmuş Wraith və Dawn Black Badge Landspeed Collection versiyası debüt edib. Ondan əvvəl isə Bespoke bölməsi Wraith Inspired By Earth və kriptoqrafik Wraith Kryptos Collection modellərini nümayiş etdirib. Dawn kabrioleti isə, öz növbəsində, “guruldayan1920-ci illəri” tərənnüm edən Silver Bullet kolleksiya versiyasını əldə edib.
Rolls-Royce Dawn Silver Bullet
Niels van Roij Design dizayn studiyası və Carat Duchatele kuzov atelyesi 2020-ci ildə şutinq breyk kuzovlu Wraithmodelini - Rolls-Royce Silver Spectre Shooting Brake universalını təqdim ediblər. Klassik üçqapılı universalı yaratmaq üçün, mütəxəssislər avtomobilin damını tamamilə yenidən hazırlamalı və arxa dirəkləri dəyişdirməli, həmçinin yeni şüşələri yaratmalı və arxa qapını yenidən yığmalı olublar. Salonda dörd oturacaq quraşdırılıb və baqaj bölməsinə birbaşa giriş mövcuddur.
Rolls-Royce Silver Spectre Shooting Brake
Artıq Rolls-Royce şirkəti hər iki modelə sifarişlərin qəbulunu dayandırıb, lakin onlar yalnız 2023-cü ilin əvvəlində tamamilə istehsaldan çıxarılacaqlar. Hər iki modelin varisi olmayacaqdır, çünki ingilislər bütün səylərini Spectre elektromobilinin hazırlanmasına sərf edəcəklər. Müəyyən mənada akkumulyatorla işləyən kupe Çarlz Rollsun gələcəyə baxışını təsdiqləyir. Şirkətin qurucusu 1900-cü ildə Columbia elektrik ekipajına olan heyranlığını gizlətməsə də, elektromobillərin adi hala çevrilməsi üçün uzun illərin gərək olduğunu hesab edirdi.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.