İşguzar səfərə hazırlaşarkən geyim məsələsində çətinlik yaşayanların sayı az deyil. Aeroport və təyyarədə rahat kəjual geyim, əcnəbi ölkədə isə, iş görüşməsində kostyum geyinmək lazım gəlir.
Təyyarə, qatar yaxud avtobusda rahat geyim növü – cins, t-şört yaxud hudi və ya sviter, sniker uyğundur ki, səyyah özünü rahat hiss etsin və uzun yol qət etdikdə isə, oturarkən geyimin əzilməsi barədə dərd çəkməsin.
Eyni zamanda, təyinat məntəqəsinə çatdıqda, oteldə çamadandakı kostyumu qısa zamanda çıxarıb geyinə bilsin. İlk baxışda heç bir problem görünmür. Lakin, kostyum və köynək çamadanda daşınarkən əzilir və ütülənmədən geyinildikdə səqliqəsiz görünür.
Belə halları yaşamamaq üçün sayahətə düzgün geyim seçmək lazımdır, daha dəqiq desək geyimin materialını.
Məhz qırışa davamlı, təbii, nəfəs alan parçadan tikilmiş kostyum hər bir iş adamı üçün əhəmiyyətlidir, ezamiyyət zamanı görüşlərdə isə çox vacibdir.
Kostyumun qırışmaması onun hazırlandığı parçadan asılıdır. Məlumdur ki, pambıq və kətan parçalar tez qırışır. Lakin, yun, yaxud yun qarışığı parçadan tikilən geyim qırışma və əzilməyə meylli deyil. İdeal variant yun və ipəyin 60/40 nisbətidir. Lakin, ipək hissə artdıqca parça bahalaşır.
Yun parçadan hazırlanan kostyumlar yayda sərin, qışda isə isti saxlayır. Bununla yanaşı qırışması cüzidir.
Yun parçanın digər üstünlükləri isə deformasiya olmaması, dözümlülük, formanı saxlama, estetik xarici görünüşdür.
2015-ci ildə London şəhərinin küçələsində Savile Row markası qoyunların iştirakı ilə yun sənayesinin dəstəyinə fəşn şou nümayişi keçirmişdir
Yun və ipək qarışığında isə, soyuq üçün yunun faizi, isti üçün isə ipəyin faizi çox olmalıdır. Soyuq üçün nisbət 80% yun, 20% ipək, ideal nisbət isə 60/40-dır.
Digər bir növ – yun və kəşmirin qarışığıdır. Kəşmir soyuqda çox isti saxlayır, lakin bahalı olduğu üçün onun yun ilə qarışığı daha məqsədəuyğun və əlçatandır.
Yay ayları üçün, həmçinin yun və kətanın qarışmasından olan parçadan istifadə edilir. Kətan qırışmağa çox meylli olduğu üçün, yun hissə bunun qarşısını alır.
Parçanı ucuzlaşdırmaq üçün yun parçaya az miqdarda (2-5%) sintetik liflər – elastan və neylon da əlavə olunarsa, qırışmanın qarşısını alır, bu həm də elastiklik əlavə edir.
Müasir sənayenin yaratdığı təbii əsaslı (evkalipt ağacından alınır) lyocell (tencer) parçası süni yolla istehsal olunur və bütün təbii materialların xüsusuiyyətlərini özündə əks etdirir. Xarici görünüşü ipəyi xatırladır, yumşaq və incə parıltısı var. O, toxunuşda da ipəyi xatırladır. Zamanın “ideal” parçası olaraq tanınır.
Lyocell bahalı olduğu üçün, onun pambıq və kətan ilə qarışığı kostyum üçün yaxşı seçimdir.
Hava işləməsi, hiroskopluğu, yüksək dözümlülüyü ilə yanaşı qırışmaya davamlıdır. Əgər bu parçadan olan geyim hansısa səbəblərdən qırışırsa, asılqanda çox qısa zamanda “sakitləşib”, sürətlə öz formasına qayıdır və qırışlar itir. Azərbaycanda az tanındığı üçün təklif olunmur. Lakin, dünya premium brendləri bu materialdan geyimlər təklif edirlər.
Yuxarıda göstərilən materiallardan hazırlanmış geyimlər qırışmır, qırışdıqda isə çiyinli asılqanda qısa müddət ərzində formasını bərpa edir. Məsələn, sahibi gecə yatan zaman kostyum “sehrli şəkildə” öz formasına qayıdır. Bu hallar üçün “Traveler 4 seasons” (80/20 nisbəti) parçası ən yaxşı seçimdir.
Yun materiallar müxtəlifdir:
- Qoyun yunundan hazırlanan material yumşaq, yüngül parıltılı olur. Onun “Super-100” variantı çox populyardır. Yay üçün daha yüngül olan Super-140-dır.
- Anqor keçilərinin yunundan hazırlanan Moxer parçası bir az “dişləsə" də, qırışma riski yoxdur.
- Vikunya yun parçası eyni adlı, lamaya bənzər nadir heyvanın yunundan hazırlanır, ən yumşaq və isti saxlayan yun parçadır. Ona görə də çox bahalıdır.
Yun yaxud yun qarışıqlı parça kostyumla yanaşı palto, idman pencəyi, bleyzer və gödəkcə üçün də gözəl seçimdir.
Əgər səfər zamanı təyyarədən görüşlərə yaxud tədbirlərə həmən getmək lazımdırsa, kostyumu keyfiyyətli yun materialdan əldə etmək məqsədəuyğundur. Çünki, bu halda kostyumunuz qırışısız və səliqəli görsənəcək. Hətta, belə kostyumda yola çıxmaq da olar.
Əlbəttə ki, yuxarıda göstərilən parçalardan kostyumlar ucuz olmayacaq.
Lakin, iş adamı üçün vacib olduğuna görə, bu xərcləri nəzərə almalıdır. İş görüb gəlir əldə edən şəxsin öz xarici görünüşünə investisiya etməsi məntiqli haldır, çünki qədim müdriklər demişkəın insanı “xarici görünüşə görə qarşılayırlar”. İlk təəsürat isə çox vacibdir, çünki danışıqlar daha asan şəkildə davam edəcək.
Bəs qırışmayan köynək mövcuddurmu?
Bəli, belə köynəklər geniş təklif olunur. Səyyahlar və “tənbəllər” non-iron (ütüyə ehtiyacı olmayan) köynəyə diqqət yetirməlidirlər. Bu köynəklər müxtəlif kateqoriyalara bölünür. Təbii materialdan olan, “nəfəs alan” pambıq (2-5% elastan olması yaxşıdır) parçadan hazırlanmış, lakin xüsusi ekoloji maddələrlə emal olunmuş köynəklərə üstünlük vermək məsləhətdir.
Non-iron köynəklərin qənaətcil variantı da mövcuddur. Lakin onlar 100% pambıq olsa da xüsusi kimyəvi maddələrlə emal olunur. Belə köynəklərin hava işləmə xüsusiyyəti zəif olur, ona görə də tərləmə riski var. Həmçinin, geyindikdə onun süniliyi hiss olunur, plastik material hissiyatı yaranır.
Non-iron köynəkləri yuduqdan sonra ütüləməyə ehtiyac qalmır. Yuyulmadan sonra asılqanda saxlayaraq, yaxud isti hava ilə işləyən qurutma maşınlarında qurutmaq lazımdır. Bu da onun başlıca üstünlüyüdür. Çamadana rahat şəkildə qatlayıb yerləşdirərək, lazım olduqda isə çıxarıb anında geyimək olur.
Bəs kostyumu çamadana necə yerləşdirmək lazımdır?
Kostyumun şalvarını səliqəli şəkildə xətlərinə görə düzəldib rulon şəkilində yığılır, çünki bu halda o çamadanda əzilməyəcək. Pencək əks üzünə çevirərək, qollarını bir-birinə keçirib, səliqəli şəkildə qatlanır.
✽ Bu məqaləyə də baxın – Çamadanı yığcam toplama üsulu ➤
Digər çıxış yolu, şalvarı çamadana yerləşdirib, pencəyi cinslə geyinib, aeroportda və təyyarədə çıxararaq, səliqəli şəkildə kənara qoymaqdır.
Səyahət üçün kapsul komplekt
İşguzar səfərə gedərkən, müxtəlif görüş, tədbir, axşam yeməkləri və şəxsi vaxtkeçirmə üçün çox sayda geyim dəstləri götürməyə ehtiyac yoxdur. Bunun üçün kapsul komplekt (bir-birinə uyğunlaşa bilən geyimlərdir) yaratmaq daha ağıllı çıxış yoludur.
Dəstdə mövsümə görə pencək, şalvar (yaxud çinos), qalstuk (iş görüşmələri tələb edirsə), cins, köynək, polo yaxud t-şört, hudi yaxud sviter, gödəkcə, qəhvəyi çalarlarda derbi ayaqqabı yaxud lofer ya da çəkmə, sniker və ya mokasin ola bilər. Bu dəst 20-düymlük diyircəkli kiçik çamadana (kabin əl çantası) səliqəli şəkildə yerləşir və müxtəlif tədbirlər üçün uyğun obrazlar yaratmağa imkan verir.
Yaz və payız aylar üçün trençkot (plaş), qış ayları üçün palto əlavə edilə bilər. Onları həm kəjual geyimlə, həm də işgüzar obrazla rahat uyğunlaşdırmaq mümkündür.
Qısamüddətli səfərlərimdə bu üsuldan istifadə edirəm, çünki böyük çamadanı baqaja təhvil vermək, çatdıqda geri almaq kimi vaxt itkisi ilə qarşılaşmırsan, həm də az çəki ilə səyahət daha rahatdır.
Əgər səyahət zamanı laptop, planşet və texniki aksessaurları götürməyə ehtiyac varsa, onları kiçik ölçülü bel çantasına (back pack, ruckzack) yaxud brifkeys (briefcase) çantaya yığmaq olar. Hər iki növ çantanı əldə edərkən arxa hissəsində çamadanın teleskopik (hərəkətli) qulpuna keçirilə bilən qayışların olmasına diqqət yetirin.
Belə funksionallıq səyahətdə çox əlverişlidir. Həm pencəyin çiyni əzilmir, həm də “ağırlıq daşımağa” ehtiyac qalmır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.