“Autograph” jurnalının artıq 16,5 yaşı var. 2002-ci ilin aprel ayında ilk nəşrimiz işıq üzü gördü. 2000-ci illərin böhranın sona yetməsi, bizi yeni və maraqlı layihə ilə bazara çıxmağa sovq etdi.
Avtomobil jurnalistikasına yeni nəfəs gətirdik. Gücümüzü birləşdirib yeni, maraqlı jurnal çıxardıq. Baş redaktorumuz Natiq Zərbəliyevin avtomobil jurnalistikasındakı təcrübəsi, mənim iqtisadi təhsil və təcrübəm, hər ikimizin avtomobilə sevgisi bu uğurlu layihənin yaranması ilə nəticələndi.
İlk dəfə avtomobil istehsalçılarının media mənbəyindən məlumat və yüksək keyfiyyətli şəkillərindən istifadə etdik. 3-cü buraxılışımızdan başlayaraq Azərbaycanda ilk rəqəmsal foto kameranı nəşriyyat işində biz tətbiq etdik. Dördüncü nömrədə ilk dəfə dünya çaplı Paris avtomobil sərgisindən geniş reportaj hazırladıq. İlk dəfə bizim redaksiya avotomobilləri çəkiliş üçün deyil, əsl test üçün bir neçə günlük dilerlərdən istifadəyə götürdü. İlk dəfə Autograph jurnalında avtomobil testlərini düzü düz, əyrini əyri biz yazdıq. Əlbəttə, dilerlərdən inciyənlər də oldu, amma biz buna baxmayaraq öz strategiyamıza sadiq qaldıq. İlk dəfə yerli jurnallardan məhz biz internet məkanına tam olaraq miqrasiya etdik, peşman da deyilik. Çünki burada əsl oxucumuzu tanıya bilirik. Google Analytics-in sayəsində bu asandır!
İlk dəfə yerli jurnallardan məhz biz internet məkanına tam olaraq miqrasiya etdik, peşman da deyilik.
Son çap versiya jurnalımız 2012-ci ilin dekarında çıxdı. 3 ay sonra isə Autograph internet jurnal kimi ərsəyə gəldi. Onun yaradılması üçün ciddi Veb Studiya ilə əmakdaşlıq etdik. Məqsədimiz sadə interfeys və oxucu üçün rahat olan jurnal yaratmaq idi.
Beş ildən sonra, saytımızın müasir dövrə uyğunlaşmasına ethiyacı vardı. Onu da həyata keçirdik. Artıq həm desktop, həm planşet, həm də çox popular olan smartfonlarda rahat oxunması üçün saytı yenilədik. Saytın daxili tag sistemini yaratdıq ki, məlumatı axtarmaq asan olsun, onlarla bölüşməyi asan etdik. Bu işdə bizə Decode web studio yardımcı oldu. Bir sözlə, qarşılayın, yeni Autograph.az!
Oxuyun, agah olun, xəbərim yoxdur deməyin. Hamınıza uğurlar diləyirəm!