Keçən əsrin 60-80-ci illərində International Harvester şirkəti Scout brendi altında ofrouder və pikaplar istehsal edib. Artıq xəbər verdiyimiz kimi, 2021-ci ildə Volkswagen konserni hazırda Navistar International adlanan şirkəti və onunla birlikdə tarixi brendin hüquqlarını alıb. Alman konserni ofrouder və pikaplar istehsal etmək üçün Scout brendini yenidən canlandırmaq qərarına gəlib.
Məlum məsələdir ki, söhbət elektrik güc qurğuları ilə təchiz ediləcək avtomobillərdən gedir. Tarixi brendin yeni model xəttinin təqdimatı bu il baş tutmalıdır. Yenidən canlandırılmış modellərin əsas rəqibləri Jeep Wrangler və Gladiator ofrouderləri olacaq. Volkswagen konserni Scout brendi altında buraxılacaq ofrouder və pikapların hazırlanmasını Avstriyanın Magna Steyr şirkətinə həvalə edib və bu razılaşma tarixdəki ən böyük müqavilədir.
2024-cü ilə qədər yeni Scout modelləri haqqında bir neçə eskizdən başqa heç bir məlumat yox idi, lakin cari ilin əvvəlində şirkət “Hər birimizdə bir skaut var” adlı tizeri dərc edib. Videoda skautların “rahatlıqdan qaçdığı, qeyri-müəyyənliyə məhəl qoymadığı, çətinliklərə isə, güldükləri”, həmçinin onların bizi keçmiş, indiki zaman və gələcək ilə bağladığı bildirilir.
Lakin əsas xəbər yeni modellərin debüt tarixidir. Dərc olunmuş tizerdə Scout elektromobillərinin 2024-cü ilin yayında təqdim edəcəyi bildirilir. Yəqin ki, söhbət seriyaöncəsi prototiplərdən gedir, çünki brend üçün əsas model olacaq elektromobilin debütü 2026-cı ilə planlaşdırılır. Elə həmin il Cənubi Karolinadakı yeni zavod fəaliyyətə başlamalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.