Sviterlərin materialı haqqında öncəki məqalədə danışmışdıq. Digər bir xüsusiyyət – onların mövcud olan növləridir. Bu dəfə onların özəllikləri haqqında məlumat ala biləcəksiniz.
✽ Bu məqalə maraqlı ola bilər – Sviter necə seçilir ➤
Uzun boğazlı sviterlər, onlara Vodolazka (ruscadan gəlir və dalğıçlar geyindiyi üçün bu adı alıb), yaxud badlon və ya qolf da deyilir. İngiliscə turtleneck (tısbağa boğazı), Roll-neck (qatlanan boğaz), Polo-neck (polo oyunçuları geyindiyi üçün) yaxud Golf sweater də (qolf oyunçuları istifadə edir) deyilir.
Moda sahəsində onların populyar olmağında The Beatles qrupunun və Hollivud aktrisa Audrey Hepburn böyük rolu olmuşdur.
Uzunboğazlı sviterləra modanı The Beatles qrupu yaratdı
Hesab edirəm ki, hər kəsin qarderobunda Vodolaska olmalıdır. O həm boyun hissəni isti saxlayır, həm pencəyin, gödəkcənin boyun hissəsini dəri və saçın yağlarından qoruyur, həm də çox dəbli görünür. Onu hər cür geyimlə dəstləşdirmək mümkündür. Hətta kostyumla dəstləşdirərək işgüzar obraz yaratmaq mümkündür.
Vodolazkaların boğazı iki növ olur: qatlanan (turtleneck) və qatlanmayan (mock neck). İkinci növün boğazı bir az qısa olur və qatlamağa ehtiyac qalmır.
Ən çox tərcih edilən rənglər qara, ağ, sürməyi, sumağı (bordo), bozun çalarları və bej rənglərdir.
✽ Bu məqalə maraqlı ola bilər – Sviterin 50 çaları ➤
Uzun boğaz qatlanan (turtleneck) və qatlanmayan (mock neck) Vodolazka
V boyunlu (V neck) sviterlər yaxud Pulover əsasən köynəyin üstündən geyinilir. Onu kostyum yaxud bleyzer ilə işgüzar tərz obrazda istifadə etmək olar. Hətta bu obraza qalstuk da əlavə etmək mümkündür. Gündəlik (kəjual) obrazlar üçün t-şörtla dəsləşdirilə bilər.
Dairəvi boyunlu (Crew neck) sviter yaxud Cemper rahat növlərdən hesab olunur. Onun altından geyinilən geyimlər görsənmədiyi üçün hər predmet istifadə etmək olar. Köynəklə geyindikdə, köynəyin yaxalarının ucları svetrin boynunun altında qalır, yalnız kiçik yuxarı hissə görünür. Kəjual obraz üçün altından ağ rəng t-şört geyindikdə boyun hissədə incə kant yaradır ki, bu da ona xüsusi yaraşıq verir.
Zəncirbənd yaxalı (Zipper Sweater) sviterlərlə həm köynək, həm t-şörtlə geyinmək olar. Lakin, onu sərbəst də istifadə etmək olar. Ancaq gigiyena məqsədi altından t-şört geyinmək tövsiyyə edirəm. Bu sviterlər bleyzer yaxud idman tərz pencəklə də gözəl obraz yaradır. Bu sviter bədənə ideal oturmalıdır. Onların yaxaları düyməli, qısa zəncirbəndli yaxud açıq olan növləri var.
✽ Bu məqalə maraqlı ola bilər – Kişilər üçün 33 qayda ➤
Pulover, Cemper və Yarım Zəncirbənd Sviter
Kardiqan (cardigan) sviterin növlərindən biridir. Çox zaman yanlış olaraq onu yalnız təqaüdçü və ya ahıllara aid edirlər. Lakin, kardiqan hər bir yaşdakı kişiyə yaraşıq verə bilər. Onu köynəklə, kostyumla yaxud smart kəjual obrazda (çinos yaxud cinslə köynək və bleyzer) geyinərək dəbli obraz yaratmaq olar.
Kardiqan əsasən düymələrlə bağlanır. Onların da V yaxası yaxud boğaza kimi düymələnən və zəncirəndlə bağlanan növləri mövcuddur.
Qolsuz sviter əsasən pencəyin altından geyinmək üçün uyğundur. Kişilər üçün onu ayrıca geyinmək o qədər də yaxşı təəsürat bağışlamır və “əlaçı”, “botan” obrazı yaradır. Odur ki, bu sviterdən uzaq durmağı məsləhət görürəm. Qadınlarda isə bu tərz sviterlə daha gözəl tərz yaratmaq mümkündür.
Hesab edirəm ki, hər kəsin qarderobunda uzunboğaz (vodolazka), yumru boyunlu sviter və kardiqanın olması müxtəlif maraqlı obrazlar yaratmağa imkan verir.
✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤
Zəncirbəndli və düyməli Kardiqan, Qolsuz Sviter
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.