T-şört (futbolka) qarderobun ən sadə, lakin ən güclü elementlərindən biridir. Həm rahat, həm də dəbli görünmək istəyənlər üçün bu köynək forması illərdir dəyişməyən baza rolunu oynayır. O, həm kişi, həm də qadın qarderobunda yer alaraq unisex predmetə çevrilib.

T-shirt (T-köynək) adının etimologiyası onun formasından qaynaqlanır və “T” hərfinə bənzər siluetinə görə belə adlanır, yəni düz gövdə və iki yan qol birlikdə “T” formasını xatırladır. 

T-şört ilk dəfə XX əsrin əvvəllərində ABŞ ordusunda alt geyim kimi istifadə olunub. Sadə, düyməsiz və funksional olması onu gündəlik hərbi həyat üçün ideal seçimə çevirmişdi. 1950-ci illərdə Marlon Brando (“A Streetcar Named Desire” filmində) və Ceyms Din (“Rebel Without a Cause” filmində) bu predmeti üsyankarlıq və cazibə simvoluna çevirdilər. Beləcə, T-şört küçədən podiuma kimi uzanan yol keçdi.

✽ Bu məqalə maraqlı ola bilər – Kişilər üçün hərbi stil ➤

Pencək, cins və ya çinos şalvarla T-şörtün kombini ortaya dinamik və müasir bir obraz çıxarır

1980-ci illərdə Corcio Armani (ing. Giorgio Armani) T-şörtü klassik pencəklə birləşdirərək kişi modasında yeni bir dövr yaratdı. O, sərt quruluşlu kostyumları “yumşaldaraq” Neapolitan tərzinə yaxınlaşdırdı və T-şörtü onlarla dəstləşdirərək “rahat eleqantlıq” anlayışını yaratdı. İncə pambıq və viskoz materiallardan hazırlanmış sadə, açıq rəngli T-şörtlər (xüsusilə ağ və tünd göy) pencək altında həm maskulin, həm də müasir görünüş yaradır. Bu stil bu gün də aktualdır və Armaninin imzası sayılır.

T-şört sadə bir geyim predmeti kimi görünə bilər, amma onunla qurulan obrazlar heç də sadə deyillər.

Bugünkü T-şörtlər müxtəlif kəsim və yaxalıq formaları ilə təqdim olunurlar. Dairəvi yaxalı (ing. crew neck) modellər klassik və hər geyimlə uyğunlaşan formadır. V-yaxalı (ing. V-neck) modellər boynu vizual olaraq uzadır və daha zərif görünürlər. Düyməli yaxa ilə Henli (ing. Henley) modellər isə, rustik xarakterli hava yaradır. Uzunqol (ing. long-sleeve) T-şörtlər sərin mövsümlərin rahat və funksional seçimidir.

Crew neck, V-neck, Henley və Long-sleeve T-şört növləri

Kəsim baxımından dar (ing. slim fit) modellər atletik silueti vurğulayır, düz (ing. regular fit) yaxud komfort (ing. comfort fit) kəsim modellər isə, daha universal və rahatdır. Oversize modellər isə, daha çox gənclər üçündür.

Alt qat kimi geyinmək üçün dar kəsim, sərbəst istifadə üçün düz kəsim daha uyğundur.

Model seçimi bədən quruluşuna və stil məqsədinə bağlıdır. Sadəlik üçün dairəvi yaxalı və düz biçimli modellərdən başlamaq yaxşı seçim ola bilər.

T-şörtün rəngi obrazı tamamilə dəyişə bilər. Ağ rəng təmiz, klassik və hər cür geyimlə uyğunlaşır. Qara rəng eleqant və minimal görünüş yaradır, axşam şənlikləri üçün idealdır. Boz tonlar neytral və sakitdir, laylı geyinmə üçün yaxşı seçimdir. Tünd mavi tonlar dəbdəbəli və gündəlik geyim üçün mükəmməldir. Bej və torpaq tonları yumşaq və təbii görünüş yaradır, yay aylarında xüsusilə effektivdir. Əlvan rənglər isə, fərdi ifadə və enerji üçün istifadə edilirlər, lakin bu işə ehtiyatla yanaşmaq tövsiyə olunur.

Ağ rəng T-şört və açıq ton cins (ing. light wash) — qadın qarderobunda tez-tez seçilən, sadəliklə tərzi birləşdirən klassik duetdir

Ümumiyyətlə, baza rənglərinə (ağ, qara, mavi, boz, xaki və bej) üstünlük vermək daha məqsədəuyğundur. Bu tonlar demək olar ki, bütün geyimlərlə uyğunlaşır.

T-şörtləri hər yaşda geyinmək mümkündür. Orta və yuxarı yaşlılar üçün saçların və dəri tonunun ağarması səbəbilə neytral, yəni baza rənglərdə geyinmək daha məqsədəuyğundur. Məsələn, tünd göy və ağ rəng T-şört ağarmış saçla eleqant kontrast yaradır.

T-şört alarkən yalnız görünüşə deyil, toxunuşa da diqqət yetirmək vacibdir. 100% pambıq modellər yumşaq, nəfəs alan və gündəlik istifadə üçün idealdır. Supima və Pima pambığı daha incə lifli, premium keyfiyyətli materiallardır. Modal, viskoz və lyocell (tencel) kimi süni materiallar təbii əsaslıdır, hava mübadiləsi və yüksək tər udma xüsusiyyətinə malikdirlər. Bu parçalar axıcı siluet və yumşaq toxunuş təqdim edir. Kətan yay aylarında sərinlik və tekstura fərqliliyi yaradır. Poliyester qarışıqları formanın saxlanması üçün istifadə edilirlər, lakin sintetik materialın miqdarı 30%-dən çox olmaması məsləhətdir. Elastan (5%-dən çox olmamaq şərti ilə) pambığa elastiklik və formanın qorunması üçün əlavə edilir. Gündəlik istifadədə tam sintetik materiallardan uzaq durmaq tövsiyə olunur, çünki onların nəfəs alma qabiliyyəti məhduddur və yalnız idman üçün uyğundur.

✽ Bu məqalə maraqlı ola bilər – Etiketdəki simvolların təyinatı ➤

Ağ T-şört, mavi cins və qəhvəyi, kürən yaxud qara dəri gödəkcə dəsti zamansız və kəjual üslubun klassik nümunəsidir

T-şört qarderobun təməlidir. Onu pencək və ya gödəkcə ilə birləşdirərək sadə, lakin eleqant görünüş əldə etmək mümkündür. Lakin burada bir məqamı nəzərə almaq lazımdır: pencəyin boyun hissəsi dəri ilə birbaşa təmasda olduğu üçün tez çirklənə bilər. Bu isə, tez-tez təmizləmə və yuma ehtiyacı yaradır, nəticədə parçanın aşınmasına və sürətlə sıradan çıxmasına səbəb ola bilər.

T-şörtü köynək və ya sviterin altından geyinmək, laylı geyinmə prinsipinə uyğun olaraq, obrazı struktur baxımından dərinləşdirir və üst qatları gündəlik aşınmadan, tərləmə və çirklənmədən qoruyur.

T-şört ilk baxışda sadə geyim elementi kimi görünə bilər, lakin onunla qurulan obrazlar həm ifadəli, həm də çoxqatlı ola bilər. Doğru kəsim, uyğun rəng və keyfiyyətli material obrazı həm rahat, həm də zövqlü edir.

✽ Bu məqalə maraqlı ola bilər – Sviter necə seçilir ➤

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.