JaguarLandRover qrupunun sahibi olan Hindsitanın Tata konserni, amerikan Faradey Future şirkətinə 900 milyon dollar sərmayə qoyub. Yaxın zamanlarda özünün ilk elektrokarını buraxacaq şirkət maliyyə böhranı ilə üzləşib.
“Gasgoo” nəşrinin bildirdiyinə görə, son vaxtlar Faradey Future şirkətini iki yüksək vəzifəli menecer tərk edib. Bunlar, maliyyə xidmətinə başçılıq edən Stefan Krauze və texniki direktor Ulrix Kranz olub. Sonuncu uzun müddət BMW şirkətinin i bölümünə rəhbərlik edib. Bundan başqa, amerikan markası ilk modelinin buraxılışını 2019-cu ilə təxirə salıb. Bu maliyyə dəstəyi sayəsində, Tata konserni nəinki Faradey Future şirkətinin 10 faizlik səhmlərinə, eyni zamanda onun elektrik və telekommunikasiya texnologiyalarından istifadə etmək hüququna sahib olub.
Xatırladaq ki, bir müddət bundan əvvəl, Faradey Future Cənubi Koreyanın LG Chem nəhəngi ilə, elektromobillər üçün ən iri tutumlu litium-ion batareyalarının yaradılması barədə razılığa gəlmişdi. Faradey Furute şirkətinin ilk modeli olan FF91 krossoveri bu ilin yanvarında təqdim edilib. 5,2 metrlik uzunluğa malik olan krossover, 1050 at qüvvəsi hasil edən dörd elektrik mühərriki ilə hərəkətə gəlir. Krossover 100 km/saat sürətini 2,3 saniyəyə toplayır. FF91 batareyaları doldurmadan 700 kilometr məsafə qət etmək iqtidarındadır.