Volkswagen şirkəti konseptual I.D.Crozz elektrik krossoverinin yeni variantının ilk təsvirini dərc edib. Bu konseptin birinci variantı aprel ayında keçirilmiş Şanxay avtosalonunda nümayiş etdirilmişdi.
İstehsalçı Frankfurt avtosalonuna dəyişdirilmiş dizayna malik olan konsepti gətirəcəkdir ki, bu model seriya avtomobilinə daha yaxın olmalıdır.
Eksteryerdən başqa konseptdə hansı dəyişikliklərin olması barədə məlumat verilməyib. Şanxayda nümayiş etdirilən konsept ümumi gücü 302 at qüvvəsi olan iki elektromotor və 81 kilovat-saatlıq litium-ion batareyalar dəsti ilə təchiz edilmişdi. Dolu batareyalarla krossover 500 kilometr qət etmək iqtidarındadır. Onun maksimal sürəti 180 km/saat həddində məhdudlaşdırılıb. Krossover, xüsusi olaraq elektrokarlar üçün hazırlanmış MEB modul platformasında inşa edilən üçüncü konseptdir. Buna qədər Volkswagen bu platformada I.D. hetçbekini və I.D.Buzz minivenini inşa etmişdir. Hər üç konsept seriyaya gedəcəkdir: hetçbek 2019-cu ildə, sonra isə krossover, miniven isə 2022-ci ildən sonra işıq üzü görəcəkdir.
Alman istehsalçısı 2025-ci ilə kimi bir milyon elektrokar satmağı planlaşdırır.