Artıq istilər gəlir. İsti mövsümü rahat keçirməkdə geyimlərin böyük rolu var. Bu səbəbdən geyimlərin hansı parça növlərindən hazırlanması çox vacibdir.

Yay üçün nəfəs alan, nəm (tər) udan və yüngül parçalardan geyim daha uyğundur. Bunlara tropik yun, kətan, ipək və pambıq material parçalar aiddir. Süni parçalardan lyosell, viskoz, kupra və modal materiallar misal ola bilər. Sintetik materiallardan olan geyimlərdən imtina etmək məsləhətdir.

Alacağınız geyimin parçasının tərkibini onun daxilindəki etiketdəki məlumatda tapmaq olar.

✽ Bu məqalə maraqlı ola bilər – Etiketdəki simvolların təyinatı ➤

Lyosell parçadan kişi və qadın geyimləri yay üçün idealdır

Süni materiallar

Lyosell (həmçinin Tencer adlanır) belə materialların içərisində ən ideal sayıla bilər. Pambıq və ipək parçanın bütün xüsusiyyətlərinə malikdir. Bununla yanaşı onların çatışmayan cəhətləri Lyoselldə yoxdur. Süni yolla yaradılan bu materialın əsası təbiidir və evkalipt ağacından alınır. İstehsalı isə, maksimal dərəcədə ekolojidir. Həm də isti havada sərin saxlayır. Yüksək dərəcə nəm udma, nəfəs alma, hipoallergenlik xüsusiyyətləri var, əzilmir, qırışmır, yumşaqdır. Toxunuşda xoş təəssürat yaradır. Lyosellin pambıqla qarışığı olan parçalar cüzi qırışma olduğu halda qısa zamanda ilkin vəziyyətinə qayıdır. Lyocell çox dayanıqlıdır, 600 dəfə yuyulmaya qədər dözümlüdür.

Viskoz və Kupra da təbii əsaslı süni yolla istehsal olunan materiallardır, süllulozdan alınır. Onlar da hava mübadiləsi və nəm udma xüsusiyyətlərinə malik olan əzliməyən parça növlərindəndir. Ona görə bir çox geyimlərin astarı üçün istifadə olunur. Kupra viskozdan fərqli olaraq bahalıdır. Hər iki material antiallergikdir.

Modal viskozla bənzər xüsusiyyətlərə malikdir, lakin viskoz, kupra və lyoselldən fərqli olaraq antibakterial özəlliyi yoxdur.

✽ Bu məqalə maraqlı ola bilər – Geyiminiz üçün 27 parça növü və onların tərkibi ➤

Təbii parçalardan olan geyimlər bahalı görünüş yaradır

Təbii materiallar

Hamı yun materialın qış üçün olduğunu düşünsə də, isti havarlar üçün də uyğundur. Əlbəttə ki, söhbət tvid və ya qalın yundan deyil, nazik yun parçalardan gedir. İncə yun parça yay aylarında həm sərinlik gətirir, həm də qırışmadan can qurtarır. Yun parçanın yüksək nəm udma, nəfəs alma özəlliyi var. Hətta bu materialdan tikilmiş kostyumlardan avqust ayının qızmar havalarında istifadə etmək mümkündür.

Kətan parçadan geyim yay ayları üçün ideal sayılan materialdır. O, yüksək nəm udma xüsusiyyəti ilə yanaşı, bədəni sərin saxlayır. Lakin, kətan çox tez qırışır. Kətanın qırışması normal sayılaraq, dəb kimi qəbul edilir. Allergiyadan əziyyət çəkənlərin rənglənməmiş, təbii rəngdə kətandan istifadə etmələri məsləhətdir. Kətan parçadan kostyum həm kişilərə, həm də qadınlara kəjual obraz üçün uyğundur.

✽ Bu məqalə maraqlı ola bilər – Yaz-yay mövsümündə kişilər nə geyinəcək? ➤

Pambıq materialın da digər materiallar kimi nəfəs alma, nəm udma bacarığı ilə yanaşı, çatışmayan cəhəti də var – qırışmaq. Lakin pambıq parça geniş yayıldığı üçün qiymət cəhətdən daha əlverişlidir. Cins üçün olan denim parça da pambıqdan hazırlanır, dayanıqlığını artırmaq üçün isə az miqdarda (5% qədər) sintetik material (neylon, spandex) əlavə olunur.

İpək yay ayları üçün yaxşı seçimdir. Buna baxmayaraq kişilərin əksəriyyəti ipək geyinmir. Lakin ipək parça daha rahat və yayda sərin olduğu üçün qadınlar arasında istifadəsi geniş yayılmışdır. İpək geyim gündüzün istisində bədəni qızmadan qorumaqla yanaşı, sərin yay axşamlarında bədənin istisini qoruyur.

Müxtəlif ziyafətlər üçün atlasdan tikilmiş geyimlər qadınlar arasında çox populyardır. Ondan yay istiləri üçün fərqli geyim növlərində istifadə olunur.

Qadınlar üçün atlasdan, kişilər üçün yundan kostyumlar yayda bədəni sərin saxlayır

Hansı parçalar yay üçün uyğun deyil və istifadə edilməməlidir?

Neylon, polyester, akril, vinil sintetik materiallardır, yay aylarında onlardan tikilmiş geyimlərdən istifadə etmək məsləhət deyil. Çünki, belə parçaların hava keçirmə özəlliyi olmadığı üçün bədən qızır, tərləyir, bu da öz növbəsində bir çox problemlərə səbəb ola bilər.

Flis (ing. Fleece) – yumşaq parçadır. Lakin, qış geyimlərində istifadə olunur. Ona görə də yay üçün ən bərbad seçimdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.