Son illərdə ekologiyanı qorumaq və geyim tullantılarını azaltmaq məqsədi ilə “Ləng moda” (ing. Slow Fashion) tətbiq edildiyi üçün yeni yaz-yay mövsümündə böyük dəyişiklər yoxdur. Həmişə olduğu kimi klassik geyim dəbdə qalır. Keçən ilki qarderobu cüzi dəyişiklərlə yeni mövsümdə istifadə etmək olar.

Qarderobda baza rənglərin üstünlük təşkil etməsi hər mövsümdə aktualdır. Modelyerlər 2024-cü ilin trend rəngləri aşağıdakılar olduğunu söyləyirlər:

- bənövşəyi və yasəmən rənglərin çalarları
- sürməyi və mavinin müxtəlif çalarları
- parlaq portağal çalarları
- günəş sarısı və limon çalarları
- ənənəvi ağ
- qəhvə-bej çalarlar
- açıq boz və qrafit
- xaki
- klassik qara
- limon və ot yaşılının çalarları

✽ Bu məqalə maraqlı ola bilər – Geyimin rəngi – xarakterin göstəricisidir ➤

Hər bir tədbir və görüşlər üçün Smart Kəjual obrazlar ən diqqətəlayiq seçimdir

Modada yaz-yay üçün parlaq rənglərin trendə gəlməsi, mütləq bu rənglərdə geyinmək məcburiyyətini yaratmır. Ən yaxşısı klassik baza rənglərdən istifadə etməkdir. İstəyə uyğun olaraq, obraza əlvan rəngli aksessuarlar (məsələn: qalstuk, paşe yaylıq, corab) əlavə etmək olar.

Bu ilin əsas trendlərindən biri – karamel rəngin tonlarıdır. 

Çəhrayı, sarı, limon və lavandanın yumşaq çalarları kişi obrazlarında yer alıb, hətta onların populyarlığının artacağı ehtimal olunur.

Cari mövsümün əsas tendensiyaları arasında vertikal zolaqlar, damalı printlər, geniş şalvar dəbinin qayıtması, minimalist tərz, kobud çəkmələr, müxtəlif formalı şlyapalar var.

✽ Bu məqalə maraqlı ola bilər – Qadınların kostyumlu kişilər xoşuna gəlir ➤

Slim fit şalvarlarla yanaşı bu yaz-yay sezonunda düz və enli kəsim şalvarlar da dəbdədir

Yeni trendlərə baxmayaraq klassika bu mövsümdə də aktual olaraq qalır. 

Yaz aylarında bir və iki bortlu kostyumlar, enli yaxalı pencəklər və yüksək beli olan şalvarlar trendi davam edir. Material olaraq incə yun (ing. Cool Wool), pambıq, kətan, lyosell parçalar məsləhət görülür.

Üst geyimi kimi bleyzer (yaxud idman pencəyi), denim, dəri, kətan və pambıq parçalardan gödəkcələr, Safari və İş Pencəyi (ing. Chore Jacket), yüngül parçalardan bomber gödəkcələr, kardiqanlar və trençkot yaxşı seçimdir. 

Kütləvi geyinilən şişmə gödəkcə və jiletlərdən artıq imtina etmək, onları təbii materiallardan gödəkcələrlə əvəz etmək məsləhətdir.

✽ Bu məqalə maraqlı ola bilər – Yaz-yay mövsümü üçün ayaqqabılar ➤

Qızmar yay aylarında işgüzar görünüş üçün kətan yaxud incə yun pencəklərə diqqət yetirin

Təbii materiallardan köynək, polo və t-şört bütün mövsüm boyu işləkdir. İsti havalarda tərləmənin qarşısını almaq üçün pambıq və kətandan tikilmiş geyimlərdən istifadə edin. 

✽ Bu məqalə maraqlı ola bilər – Yayın kətan modası ➤

Yazda havaların gün ərzində dəyişdiyini nəzərə alsaq, coxqatlı geyinmək məsləhətdir ki, səhər, günorta və axşam temperaturlarına uyğunlaşma asan olsun. Yun və pambıq sviterlər həm havaya uyğunlaşmaq, həm də daşımaq üçün çox rahatdır. İsti olduqda onu çiyinə ataraq gözəl tərz yaratmaq olar.

Ayaqqabılara gəldikdə – derbi, broq, loafer, mokasin və fəşn snikerlər əvvəlki kimi dəbdədirlər. Yüngül, astarsız dəri və zamşa Səhra (ing. Desert Boots) çəkmələrini iyul ayına kimi geyinmək mümkün olacaq. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.