Artıq yaz gəlib, bir müddətdən sonra hava mülayim olacaq. Bununla əlaqədar olaraq isti geyimləri yığışdırıb, daha yüngül tərzə keçəcəyik. Ona görə artıq qarderobu inventarizasiya edib, çatışmayanları yaxud köhnəlmişin əvəzinə yenisi ilə əvəz etmək vaxtıdır.
sBəs 2023-cü ilin yaz-yay sezonu üçün hansı ayaqqabılar aktual olacaq?
Xəbəriniz olsun ki, bəzi ayaqqabıları ilboyu istifadə etmək olar. Azərbaycanda qış mülayim keçir, yaz və payız mövsümündə qar və yağışların az olması buna imkan verir. Bir fəsil üçün qarderobda 3-5 ayaqqabının olması lazımdır. Ona görə də ilboyu istifadəsi mümkün olan ayaqqabıların alınması həm qənaət etməyin, həm də dəbli görünməyin ən yaxşı yoludur.
✽ Bu məqaləyə də baxın – Ayaqqabını necə seçmək lazımdır ➤
Çəkmələrinizi gizlətməyin
Qışda geyindiyiniz yarımboğaz çəkmələri yığışdırmağa ehtiyac yoxdur. Əgər keyfiyyətli dəri çəkmələriniz varsa, onları yay aylarında da geyinmək olar. Amma, burada bir məsələ var. Ayaqların tərləməməsi üçün həmin çəkmələrin xarici və daxili keyfiyyətli təbii dəridən olmalıdır. Çünki, dərinin havalandırma funksiyası mövcuddur.
Yazda qəbul olunsa da, yay aylarında kişini çəkmə, incə şalvar, polo yaxud köynəkdə görmək çox adama təəcüblü gələ bilər. Amma, öz tərzinə malik olan kişi üçün belə hallar maneə deyil.
Dörd fəsildə istifadə etmək üçün qəhvəyi, açıq qəhvəyi, kürən, açıq boz rəngdə olan çəkmələr uyğundur, həm də müxtəlif rəng geyimlərlə uygunlaşır. Qara rəng çəkmələrdən uzaq durmağı məsləhət edərdim.
Çəkmələr ümumən qar və yağış üçün qəbul olunsa da, çelsi və qaytanlı çəkmələri yay aylarında da geyinmək mümkündür. Bu yayda gündəlik kişilərin ofisə bağlı dəri derbi, oksford və broqlarla bənzərdir.
Afrika səhralarındakı səyahətçilərin ayaqlarında səndəl deyil, məhz çəkmə görmək olar. Bu çəkmələrin ən populyar olanı Clarks Desert Boots-dur. Onların kütləvi şəkildə istehsal olunmasının səbəbkarı Nathan Klarksdır. Britaniya Ordusunun zabiti olan Nathan Afrika qəbilələrinin çəkmələrin sayəsində ayaqlarını istidən və qumdan qoruduğunu aşkar edir. Bənzər çəkmələri Britaniya hərbçiləri də Afrikada istifadə edirdilər.
Klarks ordudan ayrıldıqdan sonra ayaqqabı istehsalını təşkil edərək Desert Boots adlı Çakka (Chukka) stilində çəkmə yaradır. Artıq onillərdir bu çəkmə növü ikona olaraq davamlı dəbdədir. Onlar məhz quru və isti havada istifadə olunur, yağışlı havalar üçün nəzərdə tutulmayıb.
Desert Boots (Səhra çəkməsi)– özəllikləri astarın olmaması, altlığının isə təbii kauçuk – krepdən olmasıdır. Krep – təbii material olaraq kauçuk ağacının şirəsindən hazırlanır. Belə altlıq gündəlik istifadəni çox rahat edir.
Çakka (Chukka) - dezert çəkmələr onun bir növüdür. Onlar xarici görünüşunə görə bənzər olasalar da, fərqləri kifayət qədərdir. Çakkaların dəri, zamşa yaxud parça astarı, altlığı isə dəri, rezin, kauçuk, poliuretan və digər sintetik materiallardan olur. Onları çox yüksək olmayan boğaz hissəsi və qaytanlar üçün cəmi 2 cərgə dəliklərlə tanımaq olar.
Çelsi (Chelsea) digər bir yay çəkməsi ola bilər. Öncə söylədiyim kimi, onun xarici və daxili həqiqi dəridən hazırlanıbsa, yayın qızmarında ayağı tərlətməyəcək. Havalandırmanın daha yaxşı olması üçün çəkmənin altlığı üçün ən yaxşı material – dəridir. Ancaq, dəri altlıq yalnız quru səthlər üçündür. Onu həm sudan, həm də aşınmadan rezin aplikasiyalar qoruya bilər. Yağışda geyinilərsə, suyu və nəmişliyi içəri keçirmə riski var.
Kombat və Qaytanlı Çəkmə (Lace-up Boots) digər variantdır. Yuxarıda qeyd olunanlar bu çəkmələr üçün də keçərlidir. Şalvarın balağını qatlayaraq çəkmənin boğazından 1-2 sm yuxarı etmək havalandırmanı intensivləşdirir.
Çəkmələri, formal kostyum istisna olmaqla bütün növ şalvarla: cins, çinos, karqo, bəzilərini (məsələn dezert və kombat) isə hətta şortla daşımaq olar. Yay üçün özəlliklə açıq rəngli geyimlə çox diqqətçəkici obrazlar yaradır.
İsti havada çəkmələri nazik corablarla geyinmək lazımdır. Corablar pambıq, kətan, bambuk, viskoza və digər hava keçirən təbii materiallardan olmalıdır. Az miqdarda elastan, poliester və poliamidin olması qəbulediləndir.
Günədlik ayaqqabılardan ilboyu istifadə
Əvvəldə qeyd olunduğu kimi dəri lofer, derbi, oskford, monk ayaqqabılar da yaz-yay mövsümü üçün uyğundur. Onları əsasən kostyum yaxud cins, çinos və pencəklə daha eleqant görsənir.
Lofer, mokasin və drayverlər (driver shoes) isti aylarda ən çox geyinilər ayaqqabı növləridir. Lofer dabanlı altlıq, mokasin kauçuk, drayverlər isə xırda rezin altlıqlarla fərqlənirlər. Onlar həqiqi dəri, süni dəri, zamşa, nubuk, parçadan hazırlanır. Lofer kostyum, klassik, çinos şalvarlarla, mokasin və drayverlər isə cins, şortla, həm də çinosla cütləşir. Lofer yay-yaz üçün ən universal ayaqqabı növüdür, kişilər tərəfindən çox sevilir və geniş istifadə olunur.
Krossovkalar və kedlər kəjual növ olaraq ilboyu geyinilir. Krossovkalar idman və kəjual növlərə bölünür. Birinci növ – idmanla məşğul olmaqla yanaşı gündəlik istifadəsi genişdir. İsti mövsümlər üçün hava keçirən materiallardan, corab-krossovkalardan yararlanmaq olar. Bu krossovkalar da funksionallılğına görə müxtəlif siniflərə bölünür: məşq, qaçış, gəzinti, hayking növləri var, onları da məqsədli istifadə etmək doğrudur.
Məsələn, qaçış (runing) üçün krossovkaların altlığı öndə nazik, arxa hissəsində qalın olur ki, qaçış zamanı bədənin önə əyilməsini təmin edərək qaçışı daha rahat və sürətli edir. Hayking krossovkaları dağlıq səhtlərdəki kələ-kötürü ayaqlara hiss etdirmir, daşlı səthlərdə sürüşmənin qarşını alır, ona görə daha sərt olur. Gəzinti üçün olanlar isə uzun müddət sürətli gəzintini rahat edir və yormur.
Kəjual krossovkalara gəldikdə isə gündəlik istifadə üçün nəzərdə tutulur, derbinin krossovka görünüşlü növüdür. Onlar kəjual kostyum, smart kəjual, biznes kəjual geyimlə istifadə üçün idealdır. Gündəlik istifadədə çox rahatdır. Onlar dəri, zamşa, nubuk, parça və yüngül hörgü əsaslı, havanın işləməsi üçün çoxlu sayda dəlikləri olan nazik sintetik materiallardan hazırlanırlar, həm ayağı sərin saxlayır, həm də gözəl görünüş yaradırlar.
Bu ayaqqabıların da corabla geyinilməsi məqsədəuyğundur. Özəlliklə ofisə və iş görüşmələrinə gedərkən, kostyum ilə şərtdir.
İsti mövsüm üçün ayaqqabılar
Yay mövsümü üçün xüsusi olan ayaqqabıların çoxsayda növləri olsa da, ən asasları, yaxşı görünüş yaradan, yaşından asılı olmayaraq hər bir kişiyə uyğun olan ayaqqabıları nümunə gətirəcəyəm.
Boat shoes (qayıq ayaqqabısı) yayda istirahət, gəzinti üçün uyğundur. Bu növ ayaqqabılara Topsayder (Topsider) deyilir. Xüsusi olaraq dənizçilər üçün yaradılan bu ayaqqabı qısa müddətdə fəşn stildə öz pərəstişkarlarənı tapdı. Əsas məqsədi qayıq, yaxta və gəmidəki göyərtədə sürüşmənin qarşısını alan, yüngül çəkili ayaqqabı tələbdən başlayıb. İlk dəfə Paul Sperry tərəfindən yaradılan bu ayaqqabı Sperry brendinin əsasını təşkil edir. Bu ayaqqabılar dəri, zamşa, nubuk və parçadan hazırlanır və isti havalarda gözəl idman stili yaradır. Kətan şalvar yaxud şort, polo yaxud kətan köynəklə uyğunlaşdıra bilərsiniz.
Espadril (Espadrilles) ayaqqabı yay ayları üçün ispanlar tərəfindən yaradılan yüngül ayaqqabı növdür. Yüngül, incə altlıq və hörülmüş parçadan hazırlanan bu ayaqqabı isti havalar üçün sərin, rahat alternativdir. İncə cins, kətan, pambıq parçadan şalvar, polo, t-şort, kətan köynəklə dəst yaradaraq relaks obraz almaq mümkündür.
Slip on serfinq üçün yaradılandan sonra gündəlik istifadəyə transformasiya edən, incə material şalvar, cins və çinos, şort, t-şört, koynək və pencəklə birləşdirərək, zövqlü xarici görünüş yaratmaq üçün uyğundur. Qalın rezin altlıq ilə üst materialı incə parça, zamşa, nubuk, dəridən hazırlanır. Sliponların lofer tərzində olan növləri kətan kostyumlarla geyinmək də olar.
Səndəllər (Sandals) – qızmar yay günləri üçün həm sərin, həm də dəbli obrazlar yaratmaq yerinə düşər. Yetər ki, onlar kobud deyil, eleqant görünüşlü və həqiqi dəri materialdan olsun. Onları yüngül parça, açıq rəngli kətan, pambıqdan tikilmiş şalvar və şortlarla geyinmək məqsədəuyğundur. Eleqant səndəllərlə şəhər gəzintisinə çıxmaq qəbulolunandır. Amma, nəbadə onları corabla geyinəsiniz, çünki bu kişi geyim etiketində qəbulolunmazdır. Səndəllərin məqsədi ayaqları açıq olaraq hava ilə geniş əlaqəsi olması üçün yaradılmışdır.
Son illərin trendində Qladitiator tərzindəki səndəllərdir. Bu tərz səndəllər daha çox şort ilə geyinilir.
Sosial şəbəkələrdə və sözdə şort geyinən kişilərə qarşı "mentalitet tərəfdaşları" tərəfindən edilən tənqidlərə baxmayaraq, turistlər üçün normal hal olan şortların yerli kişilər tərəfindən də geniş istifadəsi hər il artır. Çünki, qızmar yay günlərində belə növ geyim həm rahat, həm sərin, bir sözlə optimaldır.
Tərliklər (flip flop) – hətta brend olsa belə, ictimai yerlərdə istifadəsi o qədər də yaxşı təəssürat yaratmır. Ona görə tərlikləri çimərlik və regionlarda istirahət zamanı istifadəsi daha məqsədəuyğundur.
Yaz-yay üçün ayaqqabı materialları
Yuxarıda qeyd olunduğu kimi yaz-yay ayaqqabılarının materialı ən başlıca amildir. Onların isti mövsümdə ayağı sərin saxlaması vacibdir. Ona görə həqiqi dəri, zamşa, nubuk, parçadan olanlara üstünlük vermək lazımdır. Süni dəri, zamşa və digər sintetik materiallardan olan ayaqqabılar "nəfəs almadığı" üçün onların daxilində parnik effekti yaranaraq ayaqları tərlədərək, diskomfort, xoşagəlməz qoxunun yaranmasına səbəb olur. Bu da ayaq sağlamlığına neqativ təsir edir.
Yay ayaqqabılarının bəziləri (lofer, mokassin, slipon, qayıq ayaqqabısı, espadril, krossovka, qısa kedlər) "corabsız", daha doğrusu görünməyən corablarla (no show socks) geyinilməlidir. Çünki, gigyenik olaraq corabsız ayaqlar tərlədikdə onun qoxusu və təri ayaqqabıya hoparaq onun nəm olması ilə nəticələnəcəkdir. Təbii əsaslı yaz-yay corabları isə təri özünə çəkərək qısa zamanda quruyur və ayaqqabıya ziyan dəyməsinin qarşısını alır.
Ayaqların tərləməsi nəticəsində bədənin temperaturu yüksələrək ümumi tərləməyə və ayaqlarda döyənəklərin (mazol) yaranmasına səbəb olur.
✽ Bu məqaləyə də baxın – Ayaqqabını göstər deyim kimsən ➤
Harada və necə əldə etmək olar?
Dünyanın ən dəbli kişiləri olan italyanların əksəriyyəti geyim və ayaqqabını endirim mövsümlərində əldə edirlər. Son illərdə kişi modasında ciddi dəyişikliərin olmaması endirimlərdə əldə olunan ayaqqabıların uzun illər istifadəsini təmin edir. Ən başlıca metod isə son ultradəbli ayaqqabılara deyil, ənənəvi stilə üstünlük verməkdir. Çünki, ənənəvi olan ayaqqabılar uzun illər dəbdən düşmür və aktual olur.
Ayaqqabıların ən sərfəli alış metodu onlayn outletlərdən istifadədir. Demək olar ki, hər ay outletlərdə Clearence (ləğv etmə) kampaniyaları keçirilir. Bu kampaniyalarda 90% endirimlə "su qiymətinə" premium ayaqqabıları əldə etmək mümkündür.
ABŞ-da ölçülərin geniş seçimini nəzərə alaraq hər kəs ayağına uyğun ayaqqabı seçə bilər. Lakin, ölçülər fərqli olduğu üçün bizim məqalə ilə tanış olmağı məsləhət görərdim.
Sağlamlıq hamı üçün vacib amillərdən biridir. Ayaqqabının sağlamlığa təsiri düşündüyünüzdən dəfələrlə çoxdur. Bu səbəbdən də onun alınması zamanı biliklərin olması sizi bir çox problemlərdən qoruyacaq. Əgər büdcəniz baha olan ayaqqabı almağa imkan vermirsə, alışı endirim mövsümlərinə saxlamaq olar. Yaz-yay ayaqqabılarını qışda, payız-qış üçün isə yayda almaq sərfəlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.