Bugatti Chiron hiperkarının varisi haqqında dolaşan şayiələrə görə, yeni hiperkar səkkizsilindrli daxili yanma mühərrikinə əsaslanan hibrid güc qurğusunu almalı idi. Lakin bu günlərdə peyda olan yeni məlumat bunu təkzib edir - bəli, güc aqreqatı hibrid olacaq, lakin o Rimac və Cosworth şirkətlərinin birgə hazırladığı yeni 8,3-litrlik V16 mühərrikinə əsaslanacaq.
Daxili yanma mühərrikinin gücü təxminən 1000 at qüvvəsi olacaq, daha 800 at qüvvəsini elektrik mühərrikləri təmin etməlidirlər. Beləliklə, yenilik hasilat baxımından Bugatti Bolide prototipinə yaxın olmalıdır. Xatırladaq ki, prototipin yarış benzini ilə çalışan güc aqreqatı 1850 at qüvvəsi və 1850 Nm fırlanma anı hasil edir.
Bugatti Bolide
Gələcək Bugatti hiperkarının "şəffaf" cihazlar panelinə sahib olacağı və 250 nüsxəlik tirajla buraxılacağı artıq məlumdur. Bu, Chiron hiperkarının tirajından iki dəfə azdır. Müqayisə üçün, Chiron hiperkarının 500 nüsxəlik tirajla buraxılması planlaşdırılıb, Veyron hiperkarı isə, dünya üzrə ümumilikdə 450 nüsxədə satılıb.
Yeni hiperkarın təqdimatı 2024-cü ilin yazında baş tutmalıdır. Buna baxmayaraq, potensial alıcılar artıq yeni hiperkarla tanış olmağa imkan tapıblar. Çox güman ki, həmin vaxta qədər onun tirajının əksər hissəsi satılacaq. Bugatti şirkətinin illik istehsal həcmi çox kiçikdir və alıcılar avtomobillərini uzun müddət gözləməli olacaqlar - adətən qəbul edilmiş sifarişin yerinə yetirilməsi təxminən iki il çəkir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.