Beş il əvvəl debüt edən Cadillac XT4 krossoveri amerikan markasının model çeşidindəki ən yığcam krossover olub və Amerika bazarı onu çox yaxşı qarşılayıb. Məsələn, keçən il ABŞ-da 22 min ədəd XT4 modeli satılıb: XT5 modeli daha populyardır (27 min avtomobil), lakin böyük XT6 krossoveri hər iki modeldən geridə (20 min) qalır. İndi isə, “dördlük” XT ailəsində yeni korporativ üslubda eksteryer və interyeri əldə edən ilk model olub.

Cadillac XT4 Sport

Dizayndakı dəyişikliklər şaquli hissələri aşağı sürüşdürülmüş yeni ön fənərlərdən ibarətdir. Yuxarıdakı üfüqi zolaqlar yalnız dekorativ funksiya daşıyırlar. Bamperlər, radiator barmaqlığı və kapot yenidən işlənib, arxada isə əlavə fənərlərin yerləşməsi dəyişdirilib (əsas bloklar əvvəlki kimidir). Bütün bu yenilənmələr avtomobilin uzunluğuna (4599 millimetr) təsir göstərməyib. Təkər diskləri çeşidində 18 və ya 20 düymlük yeni disklər peyda olub.

Cadillac XT4 Sport

Salonda bahalı Escalade və Lyriq modellərinin üslubunda yeni ön panel quraşdırılıb. Cadillac XT4 ənənəvi arxitektura və analoq cihazları ilə vidalaşıb, indi sürücünün qarşısında 9K icazəsi olan əyri 33-düymlük displey yerləşir. Havalandırma sisteminin mərkəzi deflektorları aşağı endirilib, bununla belə, klimat-kontrolun ayrıca düyməli pultu saxlanılıb.

Cadillac XT4 Sport

Opsiyalar arasında əvvəlki kimi proyeksiya displeyi var. Bundan başqa, siyahıya 13 dinamikli qabaqcıl AKG Studio səs sistemi daxil edilib. Mərkəzi tunel əvvəkidir, lakin burada ötürmələr qutusunun yeni coystiki quraşdırılıb. Tərtibata yenidən baxılıb, üstəlik, Luxury, Premium Luxury və Sport (şəkildəki) təchizat səviyyələri arasındakı dekor fərqləri daha da gücləndirilib.

Cadillac XT4 Sport

Yenilənmə texniki hissəyə təsir göstərməyib. Cadillac XT4 Amerikada yalnız 2,0-litrlik turbomühərrik (238 at qüvvəsi, 350 Nm) və doqquz pilləli “avtomat” ilə təklif olunur. Əsas ötürmə ön təkərdir, əlavə ödəniş qarşılığında GKN firmasının tam ötürmə sistemini sifariş etmək olar. Sport versiyası üçün adaptiv asqı da təklif edilir.

Cadillac XT4 Sport

Yenilənmiş Cadillac XT4 krossoveri ABŞ bazarında yayda satışa çıxacaqdır. Hazırda burada restaylinqdən əvvəlki krossover 36 300 dollardan başlayan qiymətlərlə təklif olunur. Yenilənmiş krossover artıq Çində sertifikatlaşdırılıb və amerikan versiyası ilə eyni görünüşə malikdir. Hər iki krossoverin satışlarına eyni vaxtda başlanmalıdır. 

Çində satılacaq Cadillac XT4

Dizel mühərrikli versiyanın olmasına baxmayaraq, XT4 modeli Avropada uğursuzluğa düçar olub: il ərzində yerli dilerlər yalnız 400-450 krossover satmağa müvəffəq olublar. Odur ki, bu krossoverin Avropadakı model çeşidindən çıxarılacağı istisna olunmur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.