Bentley şirkəti Ris Millenin “Payks Pik” dağında qeydə aldığı rekorda xüsusi Continental GT kupesini həsr edib. 15 nüsxəlik məhdud saylı tirajla buraxılacaq kupe xüsusi tərtibata malikdir.

Xatırladaq ki, 30 iyun 2019-cu il tarixində Bentley markası ikinci dəfə ardıcıl olaraq seriya avtomobilləri üçün Pikes Peak dağadırmanma yarışlarının rekordunu qeydə alıb. Ris Millenin idarə etdiyi Bentley Continental GT kupesi 19,99 kilometrlik martşrutu 10 dəqiqə 18 saniyəyə qət edərək əvvəlki göstəricini 8 saniyə yaxşılaşdırıb. Keçən il isə, Ris Millen Bentley Bentayga krossoverində Pol Dallenbaxın Range Rover Sport modelində qeydə aldığı rekordu iki dəqiqəyə yaxın yaxşılaşdırmışdı.

Bu rekordun şərəfinə Bentley şirkəti Bentayga modelinin Pikes Peak adlı xüsusi seriyasını buraxmışdı. İndi isə, eyni versiyaya Continental GT modeli də sahib olub. “Rekord” kupesini kuzovun Radium by Mulliner açıq-yaşıl rənginə, qara parlaq haşiyələrinə, karbondan hazırlanmış aerodinamik kuzov dəstinə, Acid Green rəngli əyləc supportlarına və “rəngli” xəttdən olan Pirelli P Zero şinlərinə görə tanımaq olar.

Modelin “Payks Pik” dağında əldə etdiyi nailiyyəti ön qanadlara vurulmuş yapışqanlar xatırlatmalıdır. Bundan başqa, kupeni Bentley markasının 100 illik yubileyinə işarə edən və radiator toruna çəkilən opsional “100” rəqəmi ilə bəzəmək də olar.

Bentley Continental GT Pikes Peak modelinin salonu iki rəngdə tərtib olunub – əsas rəng qara Beluga, əlavə rəng isə Radium yaşılıdır. Salonun tərtibatında alkantara və karbondan istifadə edilib. Bundan başqa, ön paneldə Pikes Peak trasının sxematik təsviri və rekord zamanı həkk olunub. Bu sxem beş variantda  təklif olunur. Bundan başqa, qapılarda Bang&Olufsen səs sisteminin ikirəngli dinamik üzlükləri quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Continental GT Pikes Peak modelinin kapotunun altında yarış avtomobilində olduğu kimi 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 turbomühərriki yerləşir. 8-pilləli avtomatik ötürmələr qutusu və tam ötürmə ilə tandemdə çalışan turbomühərrik kupeni 100 km/saat həddinə 3,7 saniyəyə sürətləndirir. Kupenin maksimal sürəti 333 km/saatdır.

Bentley xüsusi seriyadan olan modelin qiymətini açıqlamayıb.