Covid-19 adlı virusun tüğyan etdiyi daha bir il geridə qaldı. Bütün sahələrdə olduğu kimi, pandemiya avtomobil sənayesinə də öz təsirini göstərdi. Zavodların fəaliyyətində baş vermiş fasilələr və yarımkeçiricilərin qıtlığı avtomobil istehsalına təsir edən amillər oldu. Bu arada nə qədər qəribə səslənsə də, lüks seqmentinə daxil olan avtomobil istehsalçıları 2021-ci ili yüksək satış nəticələri ilə başa vurduqlarını açıqladılar.

Məsələn, Rolls-Royce şirkətinin rəhbəri Torsten Müller-Otvos başçılıq etdiyi məhşur Britanya markasının 2021-ci ili rekordla başa vurmasının səbəbini məhz pandemiyada gördüyünü bildirdi. Sən demə, koronavirus insanlara dünyanın fani olduğunu göstərərək, həyatı tam gücü ilə yaşamağa - yəni arzudıqları avtomobilin alınmasını sonraya saxlamamağa və elə günü bu gün əldə etməyə sövq edirmiş.

Bildirməliyəm ki, bənzər nəticəni Azərbaycanda da müşahidə etmək mümkündür, lakin burada söhbət təkcə lüks seqmentdən yox, ümumiyyətlə avtomobil bazarında baş vermiş tendensiyalardan gedir. Rəsmi məlumatlardan başlayaq: Dövlət Gömrük Komitəsi açıqlama verib ki, 2021-ci ildə ölkəyə 935,2 milyon ABŞ dolları dəyərində 91194 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bunlardan 85151 ədədi minik avtomobilləridir.

Şübhəsiz bu sayın tərkibinə təzə və köhnə, eləcə də rəsmi və qeyri rəsmi idxalçıların bazara çıxardığı avtomobillər daxildir. Sıralarında 40-a yaxın avtomobil markasının rəsmi diler və distribyutorlarını birləşdirən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) marketinq şöbəsi 2021-ci ilin yekunları üzrə ənənəvi hesabatını başa çatdırıb. Qeyd edək ki, bu sənədin əsas təyinatı assosiasiya üzvlərinə informasiya dəstəyi vermək, onlara gələcək biznes-planlarında istifadə etmək üçün lazım olan rəqəmləri çatdırmaqdır. Bu hesabatın əksər hissəsi daxili sənəd kimi AADA üzvlərinə göndərilir, lakin heç bir kommersiya sirri kəsb etməyən müəyyən hissəsi avtomobil həvəskarlarını əhatə edən geniş auditoriyaya maraqlı olduğundan, KİV-lərdə dərc olunur.

Beləliklə, hesabata əsasən 2021-ci ildə AADA üzvləri 10700 ədəd avtomobil idxal ediblər ki, əvvəla bu göstərici rəsmi dilerlərin ümumi bazar payının təxminən 14 faizinə sahib olduğunu göstərir. İkincisi bu rəqəmi 2020-ci ilin nəticələri (6805) ilə müqaysə etsək, 36.4 faiz artımın şahidi oluruq. Bəlkə də Rolls-Royce alıcıları “beş günlük” azarlı-viruslu dünyada arzularına tez çatmağa can atırlar, lakin kütləvi avtomobillər sektorunda satışların yüksəlməsi ondan xəbər verir ki, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətinə vaxtaşırı qoyulan məhdudiyyətlər, üstəgəl metroda-avtobusda mövcud olan yüksək yoluxma təhlükəsi əhali arasında fərdi nəqliyyat vasitələrinə marağı artırmışıdır.

Hələ bir neçə il əvvəl şəxsi avtomobil barədə düşünməyən şəxslər belə hazırda maşın almaq fikrindədir. Hesabatdan daha bir neçə maraqlı rəqəmlər gətirək: keçən il ölkəmizdə premium markalardan 732, kütləvi markalardan isə 9418 avtomobil satılıb. Kommsersiya nəqliyyatı üzrə illik satış göstəricisi 550 ədəd olub.

Kütləvi avtomobillər arasında liderlik B seqmeninə (orta qiymət 17,2 - 29,9 min manat) məxsusdur - bu seqmentdən olan avtomobillərin satışı ümumi göstəricinin 20 faizini (1856 ədəd) təşkil edir. Bu seqmentin lideri Kia Rio modelidir. Onu Lada Granta və Skoda Rapid modelləri təqib edir. İkinci yeri B-SUV seqmentindən (17,3 - 49,9 min manat) olan avtomobillər tutur - 19 faiz (1763). Bu seqmentdə böyük üstünlüklə Lada Niva liderlik edir. İkinci və üçüncü yerləri, müvafiq olaraq Hyundai Creta və Kia Seltos modelləri tuturlar.

Üçüncü yerdə C seqmentinə (26,8 - 41,9 manat) aid edilən avtomobillərdir - onların ümumi satışlardakı payı 17 faiz (1563) təşkil edir. Bu seqmentin liderləri Hyundai Accent, Toyota Corolla və Hyundai Elantra modelləridir. İlk beşliyi 15 faizlik (1405) göstərici ilə D-SUV seqmenti və 8 faizlik (731) pay ilə pikaplar tamamlayır. D-SUV-lər arasında şübhəsiz lider Toyota RAV4 modelidir. Onu Kia Sorento/Hyundai SantaFe cütlüyü təqib edir. Pikap seqmentindəki üçlük belə sıralanıb: Mitsubishi L200, Toyota HiLux və JAC T8.

Premium-seqmentdə vəziyyət tamamilə fərqlidir. Burada F sinfindən avtomobillər liderlik edir: birinci yerdə (231 ədəd, 32 faiz) F-SUV, ikinci yerdə 24 faizlik nəticə ilə E-SUV (175), üçüncü yerdə isə 19 faizliik (136) göstərici ilə F seqmentindən olan minik avtomobilləri qərarlaşıblar. Dördüncü və beşinci yerləri, müvafiq olaraq, 14 faizlik (105) nəticə ilə D-SUV və 9 fazlə (67) E seqmentindən olan avtomobillər tutur.

F-SUV seqmentinin lideri Mercedes-Benz GLS modelidir. İkinci yerdə Range Rover modeli, üçüncü yerdə isə əfsanəvi Mercedes-Benz G-Class qərarlaşıblar. E-SUV seqmentində lider Lexus RX modelidir. Onu iki Mercedes-Benz modeli GLE və GLE Coupe krossoverləri təqib edir. F seqmentinin şübhəsiz lideri Mercedes-Benz markasının flaqmanı S-Class sedanıdır.

Maraqlıdır ki, kommersiya avtomobilləri seqmentində də artım müşahidə olunur. Beləki, 2020-ci ildə 489 belə nəqliyyat vasitəsi satılmışdısa, 2021-ci ildə bu göstərici 550 ədəd təşkil edib. Kommersiya avtomobillərinin 70 faizini (386 ədəd) sərnişin, 30 faizini (164) isə yük avtomobilləri təşkil edib. Bu seqmentdəki ilk üçlükdə FIAT, Hyundai və BAIC markaları təmsil olunub.

Şübhəsiz oxucuları maraqlandıran əsas sual hansı markanın ümumi satışlar baxmından lider olmasıdır. “Turnir cədvəlinə” son illərdə olduğu kimi Toyota markası başçılıq edir - belə ki, yapon brendi yeni avtomobillər bazarının 22 faizinə sahibdir. İkinci yerdə bazarın 17 faizinə hakim olan Lada markası qərarlaşıb. 15 faizlik göstərici ilə Hyundai markası ilk üçlüyə daxil olmağı bacarıb. Dördüncü yerdə 13 faizlik göstərici ilə Kia markası yerləşib, beşinci yeri isə 5 faiz göstərici ilə Mitsubishi markası tutur. Premium seqmentində liderlik Mercedes-Benz markasına məxsusdur. Alman markasının təqibçiləri Lexus və Range Rover-dir. Ən maraqlısı odur ki, 2021-ci ildə premium seqmentində artım müşahidə olunmayıb - rəsmi dilerlərin satış göstəriciləri sabitdir.

Keçək əsas məsələlərdən birinə - “yaşıl” avtomobillərə. 2021-ci ildə alıcıların əksəriyyəti sırf daxili yanma mühərriikləri ilə təchiz edilmiş avtomobillərə üstünlük veriblər. Məlum məsələdir ki, benzin mühərrikləri ilə təchiz edilmiş avtomobillər böyük üstünlük təşkil edir. Lakin son zamanların trendi - hibrid avtomobillərinin satışı da ciddi şəkildə artıb və bu sahədə liderlik Toyota markasına məxsusdur. Yapon markasının dilerləri alıcılara hibrid güc qurğusu ilə təchiz edilmiş Corolla, Camry və RAV4 modellərini təklif edirlər. Hibridlər arasında birincilik RAV4 krossoverinə məxsusdur - alıcıların 65 faizi hibrid güc qurğusu ilə təchiz edilmiş krossoveri seçiblər. Hibrid mühərrikinə malik olan Camry və Corolla modelləri də öz alıcılarını tapıblar.

Elektromobillərə gəldikdə, 2021-ci ildə rəsmi dilerlərdən yalnız Jaguar nümayəndəsi E-Pace elektrokarını təklif edib və Britaniya markasının ümumi satışlarında elektrokar F-Pace krossoverindən sonra ikinci yeri tutur! Şübhəsiz 2022-ci ildə “yaşıl” seqmentdə satışların artacağı gözlənilir. Ümid edirik ki, gömrük qanunvericiliyində edilmiş dəyişiklər ekoloji cəhətdən təmiz yeni avtomobillərin satışlarının təşviqinə təkan verəcəkdir.

Son olaraq bir daha xatırladım ki, avtodilerlər assosiasiyasının bu araşdırmaları yalnız və yalnız rəsmi idxalçıların 2021-ci ildə göstərdikləri satış nəticələrini əhatə edir. İşlənmiş avtomobillər bazarında nələr baş verib - bu tamamilə başqa söhbətin mövzusudur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.