Maserati şirkəti hardkor krossover istehsalçıları klubuna 2018-ci ildə debüt edən Levante Trofeo modelini ilə daxil olub. Krossoverin ekstremal versiyası Ferrari tərəfindən yaradılmış 590 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edən 3,8-litrlik V8 mühərriki ilə təchiz edilirdi.

Bu gün italyan istehsalçısı yeni tizeri dərc edərək Ghibli və Quattroporte sedanlarının da Trofeo modifikasiyasına sahib olacağını bəyan edib. Maserati şirkətində bu prosesi Art of Fast (“Yeyinlik sənəti”) adlandırsalar da, ekstremal sedanların hansı mühərrik ilə təchiz ediləcəyini dəqiqləşdirməyiblər.

Bunun ən sadə yolu, Levante Trofeo modelinin kapotunun altındakı V8 mühərrikinin sedanlara köçürülməsi ola bilərdi. Lakin, birincisi, Maserati bir müddət bundan əvvəl Ferrari mühərriklərindən imtina etmək niyyətində olduğunu bəyan edib, ikincisi isə, tizerdə qaranlıqda gizlədilmiş Levante modeli də mövcuddur.

Böyük ehtimalla, Maserati bu hadisəni Levante modelinin yeniləməsi ilə birləşdirərək, ekstremal üçlü üçün yaratdığı yeni mühərriki də nümayiş etdirəcəkdir. Məsələn, italyan istehsalçısının sərəncamında Nettuno adlı 630 at qüvvəli 3,0-litrlik V6 turbomühərriki vardır.

Düzdür, əvvəllər bu mühərrikin MC20 kupesi üçün ayrıldığı bildirilmişdi, lakin bu aqreqatın bir qədər azaldılmış gücə malik olan versiyası yeni Trofeo xətti ilə birlikdə debüt edə bilər. Başqa bir versiyaya görə, italyanlar Trofeo modelləri üçün yeni 4.0-litrlik səkkizsilindrli mühərriki hazırlayıblar, lakin bu aqreqatın göstəriciləri Nettuno mühərrikindən üstün olmayacaqdır. Çox güman ki, bu mühərrik modellərin statusunu yüksəltmək məqsədini daşıyır.

Yeni mühərriklə yanaşı, “bərkgedən” Ghibli və Quattroporte modelləri daha aqressiv kuzov dəstinə və yenidən işlənmiş asqıya sahib olacaqdırlar. Maserati öz sirlərini avqustun 10-da açıqlamaq niyyətindədir.