Havalar soyuqlaşır və artıq qış geyiminə keçməyin tam vaxtıdır. Kişi obrazı üçün, üst geyimi kimi palto ən yaxşı seçimdir. O, özünə hörmət edən hər bir kişinin qarderobunda mütləq olan bir predmetdir. Düzgün seçilmiş palto əhval-ruhiyyəni dəyişdirir, qaməti daha yaxşı edir, baş dik dayanır, yeriş isə daha inamlı olur.

Kişi paltoları haqqında İctimai TV üçün müsahibə

Payız və qış fəslini isti və rahat palto olmadan təsəvvür etmək çox çətindir, lakin bu qarderob elementi uzun tarixilə öyünə bilməz. Müasir palto modellərinə bənzəyən ilk geyim XVII əsrdə İspaniyada yaranıb. Qalınlaşdrılmış kapüşonlu mantiya “Palletoque” (başlıqlı palto) adlanırdı və onu İspaniyada kəndlilər geyinirdi. 

XVII əsrdə İspaniya Krallığının genişlənməsi ilə İspaniya Hollandiyası adlandırılan bölgə yaranır. Məhz, Hollandiyada paltonun taleyində dəyişiklik baş verir. Həmin zamanlarda paltoların prototipləri kral qarderobunun atributuna çevrilir. Lakin, bizə tanış olan modellər daha sonra Avropanın başqa bölgələrində meydana gəlir. 

XIX əsrin ingilis aristokratları qarderoblarını genişləndirməyə çalışırdılar. Bu, daha çox zəruri məqsəd daşıyırdı. Bu günə çatan bir çox fasonlar zadəğanların sifarişi ilə, xüsus olaraq yaradılan modellərin davamçılarıdır. 

Buna əyani misal. Döyüşdə sağ əlini itirmiş britaniyalı marşal Lord Raglan-ın xüsusi üst geyimi hazırlamaq üçün sifariş verib. Onun sayəsində çiyinləri və qolları dəyişik kəsimlə xarakterizə olunan Raglan (1) modelləri yaranır. Bu çiyin fasonu nəinki palto, həm də başqa geyimlərdə də istifadə olunur.

Redington-a bənzər palto Lord Chesterfield (2) sayəsində yaranıb və onun adını daşıyır.

Buşlat (3) – iki bortlu qısa paltolar xüsusi olaraq dənizçilər üçün hazırlanmışdı. Buşlatın iki düymə sırasının maraqlı funksionallığı var idi – küləyin səmtindən asılı olaraq, sağ yaxud sol tərəf düymələnirdi. Artıq bu funksiya aktual olmadığı üçün ikinci sıra dekor kimi saxlanılıb.

Trençkot (4) (digər adı – barberri) – İngiltərə-Bur müharibəsi (1880—1881) zamanı, Thomas Barberry müxtəlif hava şəraitində zabitləri qoruya bilən bu paltonu yaradıb.  

Qısa (5) paltonu isə Siyasətçi George Spencer yaradır. Bu paltolar pencəyi əvəz edir.

Image alt Image alt Image alt Image alt Image alt

Bəs paltonu necə seçmək lazımdır?

Paltonun bir çox növləri olsa da, müasir kişi üçün əsas seçim - uzunluq, düymə sıraları və saylarıdır. 

Dizdən aşağı paltolar yalnız hündürboy kişilərə uyğundur. Orta və bəstə boylu kişilərə dizə qədər olan yaxud qısa palto məsləhətdir. Enli bədəni olan kişilərə iki bortlu paltolar məsləhət görülmür, çünki, iki bort silueti vizual olaraq genişləndirir. 

Tək bortlu dizə qədər olan paltolar bədən quruluşu və boyunun hündürlüyündən asılı olmayaraq hər bir kişiyə uyğundur.

Son illərdə Şinel (əskər paltosu) tipli paltolar dəbdədir. Onlar müxtəlif rənglərdə olsalar da, xaki və qəhvəyi rəng daha məqsədəuyğundur. Şinel iki bortun, uzunluğun dizdən aşağı, geniş yaxanın, bel hissəsində genişlənən və daxilə qatlanan büzmənin, arxada isə beli formalaşdıran qısa kəmərin mövcudluğunu nəzərdə tutur.

✽ Bu məqalə maraqlı ola bilər – Kişilər üçün hərbi stil ➤

Ralph Lauren və C&D hərbi stildə şinel palto

Palto universal üst geyim olduğu üçün, onu həm kostyum (yaxud pencək), həm də cins və sviterlə geyinmək olar. Bu səbəbdən əlavə daxili, çıxarılabilən, zəncirbəndli yaxanın (ing. bib) olması daha məqsədəuyğundur. Ehtiyac olduqda onu çıxarıb, geyimi klassik paltoya çevirmək mümkündür. “Bib” ancaq tək bortlu paltolarla təklif olunur. İki bortlu paltoların yaxaları geniş olduğuna görə “bib” aktuallığını itirir. Ona əsasən bahalı paltolarda rast gəlinir. 

Rəng. Ənənəvi rənglər – boz, sürməyi, qara, qəhvəyinin çalarları və xakidır. Bej yaxud ağ palto çox gözəl görünsədə, hər kişi onu geyinməyə risk etmir. Səbəbi isə, çox diqqət çəkməsi və tez çirklənmək riskidir. 

✽ Bu məqalə maraqlı ola bilər – Geyimin rəngi – xarakterin göstəricisidir ➤

Material. Yun parçadan olan paltolara üstünlük vermək məsləhətdir. Yun daha isti saxlayır, həmçinin qırışmır, uzun müddət formasını qoruyur, daha səliqəli görünür. Yun və az miqdarda (5-10%) kəşmir qarışığı isə daha yüksək keyfiyyətin göstəricisidir. Alpaka yunundan olan palto isti saxlayır, amma bahalıdır. Həmçinin tvid, drap materiallardan olan paltolar gündəlik istifadə üçün uyğundur.

Daha əlçatan palto pambıq yaxud sintetik materiallarla qarışığı olan parçalardan tikilir. Belə palto hava mübadiləsini məhdudlaşdırır, bir müddətdən sonra onun üzərində tiftiklər əmələ gəlir. Az sayda olsa da, pambıq, yun və lyocell qarışığı olan parçadan tikilmiş palto məqbuldur.

Ciblərin də müxtəlif növləri və fasonları var. Klassik, klapanlı yan cibləri olan palto daha formaldır. Onlara bilet cibi (sağ cibin üstündə kiçik cib) də əlavə oluna bilər. Klapansız və mayili ciblər daha çox kəjual fason sayılır.  

Paltonun fasonundan asılı olaraq yaxaların müxtəlif növləri olur. Onlar pencək yaxaları kimi formalara malik ola bilərlər.

Bəzi paltolar bel kəməri ilə təhciz olunur. Bu trençkota bənzər fasondur və beli vurğulamaq üçündür. Kəmərlər toqqa yaxud toqqasız ola bilərlər. Daha kəjual obraz üçün toqqanı bağlamadan kəməri düyünləmək daha dəbli görünüş yaradır. 

Paltoların astarlı, astarsız və qismən astarlı növlərinə rast gəlmək olar. Əsasən paltolar astarlı hazırlanır. Astarsız paltolar daha çox yaz və payız fəsilləri üçün uyğundur. Onlar daha nazik və yüngül olur, bədənə daha dəqiq otururlar. Adətən belə paltolarda çiyinliklər olmur. Onların daxili hissəsi daha səliqəli tikilişin olması ilə fərqlənir, müvafiq olaraq, daha çox əmək və diqqət tələb edir. Astarlılarda daxili hissə görünmədiyi üçün, daha az diqqət tələb olunur.

Amma əksəriyyətin bəlkə də diqqət yetirmədiyi detal – düymələrdir. Düymələr də müxtəlif materiallardan hazırlanır. Plastik düymələr ucuz olduğuna görə mass-market geyimlərdə istifadə olunur. Premium markalar isə, buynuz, koroza (palma çiyidindən hazırlanır), perlamutr, kokos (qabığından kəsilir), ağacdan (palıd, ağcaqayın, qarağac və eben ağacından) hazırlanır.

✽ Bu məqalə maraqlı ola bilər – Düymələmə etiketi ➤

Soyuqların başlanması ilə paltoya keçmək məcburiyyəti yaranır. Səhv başa düşülən faktlardan biri də palto və digər üst geyimlərin isitmə funksiyasının olmasıdır. Əslində, onlar yalnız bədənin öz istiliyini qoruyub saxlayırlar. Amma, bu istiliyi tam qorumaq üçün palto yetərli deyil. Onu digər aksessuarlar – papaq, şərf, əlcək ilə birlikdə geyinmək lazımdır. 

✽ Fəşn Konsultasiya üçün (What’s App) müraciət ➤

Papaq bədənin istiliyini qorumağa birbaşa cavabdehdir, çünki baş dərisində piy qatının olmaması səbəbindən bədənin istiliyinin məhz bu yerdən çıxır. Ən isti papaqlar yun, kəşmir, pambıq, dəri, zamşadan hazırlanır. Papaqların ucuz olması üçün, onları sintetik materiallardan (polyester) hazırlayırlar. Sintetik parçalar hava mübadiləsini məhdudlaşdırır (baş tərləyə bilər), həm də soyuğu özünə çəkir.

Şərf bədənin boyun və döş hissəni soyuq və küləkdən qoruyur. Əllərin mütəmadi donması ürək-damar xəstəliklərinin yaranmasına, hətta insulta gətirib çıxara bilər. Ona görə də, dəri, yun, kəşmir əlcəklər geyinmək mütləqdir. Şərfin isə yun, moher, kəşmir, pambıqdan olması məsləhətdir. Az miqdarda sintetik material qəbul olunandır. Lakin tam sintetik şərf və əlcəklərdən imtina edin. Onları alarkən etiketində parçanın tərkibi barədə məlumata diqqət yetirin.

Palto geyinərkən ayaqqabılara da diqqət yetirmək məsləhətdir. Onlar müxtəlif növ ola bilərlər, hətta snikerlə də palto geyinmək qəbul olunandır. Snikerlə palto geyinmək istəyi olarsa, idman üçün sniker deyil, kəjual (fəşn) sniker seçilməlidir. Bu ayaqqabılar əslində tam funksional sniker deyil, derbinin idman növüdür və gündəlik istifadə üçün uyğundur. 

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Gündəlik istifadə üçün qaçış və məşq snikerləri (krossovka) geyinməyin.

Paltolarla gündəlik obraz üçün çəkmə (derbi, çakka, çelsi növləri) yaxud ayaqqabıdan (derbi, broq, monk, lofer) istifadə etmək daha məqsədəuyğundur.

Qış fəslində düzgün geyinərək, soyuğu hiss etmədən evdən çıxmaq heç bir diskomfort yaratmayacaq, gəzinti isə zövq verəcək. Odur ki, qarderobunuzu və geyimlərinizi doğru seçin. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.