Çoxdandır heç bir şirkətin atmadığı addımı 2010-cu ildə qurulan, fəaliyyətə bir ədəd 737 ilə başlayan, daha sonra isə 22 ədəd 737NG, 2 ədəd də 737 MAX ilə xidmət göstərən Polşaya məxsus Enter Air Hava Yolları atıb. Şirkət daha 2 ədəd MAX sifarişi verərək həm böyük təəccübə səbəb olub, həm 737 modelinə olan bağlılığını bir daha nümayiş etdirib, həm də Boeing-ə bir qədər rahat nəfəs almaq imkanı yaradıb. Tərəflər həm də bir ildən çoxdur ki, uçmayan təyyarələr üçün təzminat müqaviləsi imzalayıblar.

Amerikalı istehsalçısı ən çox başıbəlalı MAX təyyarələrinə olan sifarişlərin ləğvi ilə gündəmə gəlir və Enter Air-ə qədər bu model üçün olan son sifarişin üzərindən artıq 9 ay keçib. Təkcə bu il 400 ədəd MAX sifarişi ləğv edilib, daha 464 sifariş isə başqa modellərlə əvəzlənib.

Daha bir maraqlı məsələ odur ki, Boeing bu xəbəri belə yayımlayıb: "737-8 üçün sifarişlər aldıq". Beləliklə, şirkətin artıq MAX adından istifadə etməyəcəyi də aydın olub.

Qeyd edək ki, 737 MAX-ların göylərə qayıtması üçün çalışmalar davam edir. Kanadanın Trasnport Canada adlı rəsmi qurumu MAX-ı test edəcək. Bu addım təyyarələrdəki dəyişikliklər və uçuşlara yararlığı barədə bitərəf, obyektiv qərar verilməsi üçün atılır.

ABŞ Federal Aviasiya Agentliyi isə bildirir ki, bütün testlərin nəticəsi müsbət olsa da, 737 MAX-ların uçuş icazəsi ilə bağlı hər bir ölkə özü qərar verəcək...