Son zamanlar səhər alaqaranlıqda və yaxud axşam gün batandan sonra şəhərin küçələrində arxa duman əleyhinə fənərləri yandırıb hərəkət edən avtomobillər peyda olub. Belələrindən aydın havada duman fənərlərinin yandırılması səbəbini soruşanda - «maşın viddi görünür» cavabını alırsan.

Nə olsun ki, bu işıqlar arxadan gələn sürcünün gözünü «çıxarır», əsas maşın «viddi» olsun. İyrənclik o dərəcəyə çatıb ki, «viddi oğlanlar» avtosalona daxil olan kimi gözaltı etdikləri avtomobilin arxa duman işıqlarını yandırıb, necə göründüyünə baxırlar.

Maraqlıdır ki, bu sarsaq hərəkata nəinki minik avtomobillərinin sahibləri, hətta avtobus və yük avtomobillərinin sürücüləri də qoşulublar. Dövlət Yol Polisi isə, sanki bunu görmür - əşşi, görməkləri bir qırağa qalsın, hətta bir müfəttisin patrul avtomobilinin arxa duman işıqlarını yandıraraq idarə etdiyinin də şahidi olmuşam. Mən də nə qoyub, nə axtarıram...

Ümumiyyətlə, məndə belə hiss yaranır ki, Dövlət Yol Polisi bizdən küsüb - müfəttişlər gözlərinin qarşısında qırmızı işıqda nəqliyyat axını «ledokol» kimi yarıb keçən piyadalara, qaydaları kobud şəkildə pozan sürücülərə «gözün üstündə qaşın var» belə demək istəmirlər. Əks halda, yol hərəkəti iştirakçıları bu qədər azğınlaşmazdılar...