Xoşunuza gələn xanımla daha yaxından tanış olmaq üçün kofeyə dəvət etmək ən yaxşı təklifdir. Görüş zamanı ilk təəssürat çox vacibdir, çünki ilk təəsüratı ikinci dəfə yaratmaq qeyri-mümkündür. Atalar deyib ki, geyimə görə qarşılayıb, ağıla görə yola salırlar.
Kişilərin əksəriyyəti xoşuna gələn qadını görüşə dəvət etməkdən çəkinirlər – bunun əsas səbəbi utancaqlıq, həyəcan hissi və uğursuzluğa düçar olmaq qorxusudur. Tomas Edison deyib ki, “Mən məğlub olmurdum. Sadəcə işləməyən 10.000 üsul tapmışam”. Ona görə imtinadan məyus olmayın, deməli hələ həyatınızın qadını ilə qarşılaşmamısınız, yaxud özünüzü doğru təqdim etmirsiniz. Birinci məsələ Kainatin işidirsə, ikinci hal öz əlinizdədir.
Qadınlar, kişilərin anlaya bilməyəcəyi güclü intuisiya və analitika hissinə malikdirlər. Sirr deyil ki, ilk təəssürat xarici görünüşdən yaranır. Ona görə də, ilk görüşdə səliqəli görünmək vacibdir. Bu o demək deyil ki, başqa vaxt necə gəldi geyinmək olar.
Təsəvvür edin ki, kafedəsiniz və bu anda içəri sizi valeh edəcək qadın daxil olur. Sizin ürəyiniz dəhşətli çırpınır, həyacandan havanız çatmır, əlləriniz tərləyir. Bir fincan espresso, üstündən bir badə təmiz mineral su içib, özünüzü toparlayırsınız və ona yaxınlaşmaq qərarı verirsiniz.
Əgər həmin an idman formasında, yırtıq cinsdə yaxud zövqsüz və səliqəsiz geyimdəsinizsə, şansınız sürətlə minimuma düşəcək. Lakin, smart kəjual geyimdə və zövqlü obrazda olduqda, əksinə, şans yüksəlir. Çünki, O sizi bir baxışla qiymətləndirərək, bir neçə saniyə ərzində nə deyəcəyənə qarar verəcək. Əgər, sizin təbəsümünüzü təbəssümlə qarşılayırsa və gözlərində maraq varsa, ilk frazanı deyə bilərsiniz.
Qeyd etmək istərdim ki, yalnız xarici görünüşə deyil, həm də intellektə malik olmaq lazımdır. Çünki, qadınlar kişidə yumor hissi, intellekt səviyyəsi, danışıq tərzi və səs tonuna, üzündəki emosiyaya diqqət yetirir. Bu səbəbdən deyəcəyiniz ilk fraza uğurun 80%-dır. Çalışın ki, ilk ifadə onu güldürsün, ona görə də bütün yumor hissininizi aktivləşdirin. Psixoloqlar deyir ki, qadın kişinin zarafatına gülürsə, deməli məqsədininin 50%-nə nail olub.
Psixoloqlar təkid edirlər ki, qadınların kişilərdə etiketli və yaradıcı küstahlıq xoşuna gəlir. Yazıq görünüş və qərarsızlıq isə əksinə məyus edir. Zəif kişiləri heç kim sevmir, cinsindən asılı olmayaraq.
✽ Bu məqalə maraqlı ola bilər – Cins haqqında bilmədikləriniz ➤
İlk görüş artıq təyin olunub və ona hazırlıq işləri prosessindəsiniz. İlk növbədə gigiyena (duş, desodorant, təmiz alt paltar, saç düzümü və traş) qaydalarına riayyət edin. Sonra isə qarderobdakı “gizli silahı” çıxarın.
Bəs ilk görüş üçün nə geyinmək lazımdır?
İlk görüşdə kostyum və qalstuka qəyiyyətlə “YOX" deyin. Kəjual geyim daha rahat və komfortlu abu-hava yaradır. Axı, ilk görüşdə sevgi etirafı və evlilik təklifi etməyəcəksiniz. Əgər, bu fikilər ağlınızdan keçirsə, ilk 40 gün ərzində bu addımı atmağı məsləhət görmürəm – insanlar bir-birini yaxşı tanıyandan sonra rahatlaşır, səmimi olur və əsl kimliyini göstərməyə başlayırlar. Yalnız bu mərhələdə artıq nə edəcəyinizə qərar verə bilərsiniz.
Yay fəsli
- Bej, qəhvəyi, mavi, ağ kətan pencək; polo köynək yaxud birrəngli və printsiz ağ yaxud mavi t-şört, pencəyin rəngindən fərqlənən açıq rəngli kətan şalvar; dəri, zamşa, nubuk açıq rəngli mokasin.
- Mavi, sürməyi, bej, xaki polo; açıq mavi cins; fəşn sniker.
- Kətan yaxud incə pambıq köynək; mavi, boz, qəhvəyi çinos; qəhvəyi, mavi, boz dəridən, zamşa və ya nubukdan lofer; çiyinə atılmış sviter.
Yayda çox isti olsa da, qısaqol köynək geyinməyin. Uzunqol köynəyin qollarını çırmalayın. Bu kişiyə daha xarizmatik obraz verir. Ümumiyyətlə qısa qol t-şört və polo üçün uyğundur.
Yaz, payız fəsli
- Sürməyi, qəhvəyi yaxud boz pencək; mavi, açıq qəhvəyi köynək (düz rəng yaxud çızıqlı, xırda, damalı print); tünd yuyulmuş cins şalvar; qəhvəyi zamşa yaxud dəridən kəjual derbi, broq ayaqqabı.
- Mavi denim gödəkcə; sürməyi, boz, qəhvəyi badlon (vodolazka); qəhvəyi, boz, mavi, bej çinos; qəhvəyi çelsi çəkmə.
- Qəhvəyi dəri gödəkcə; mavi, boz cins; kəjual sürməyi köynək; kürən rəngdə qaytanlı çəkmə.
Bu obrazlarda baza qarderobunun predmetləri olduğu üçün onları miks (dəyişərək dəstləşdirmək) etmək olar.
Qış fəsli
Soyuqlarda payız obrazlarına üst geyim olaraq palto yaxud trençkot əlavə edilir. Palto həm dizə kimi, həm də qısa (buşlat), trençkot həm dizə kimi, həm də dizdən aşağı uzunluqda ola bilər. Papaq, şərf və əlcəkləri də unutmayın, çünki bu aksessuarlar nəinki soyuqdan qoruyur, həm də xarici görünüşü daha eleqant edir. Qış ayları olsa belə, qara paltar geyinməyin. Hətta açıq rənglər (bej, xaki, açıq boz qyxud qəhvəyi) soyuq qış aylarında daha yaradıcı görünəcək.
Eyni rəngli bleyzer (ayrı satılan pencək) və şalvar geyinilmir, müxtəlif kostyumların hissəsləri kimi görünür, kontrast olması daha yaxşıdır.
Smart kəjual – tünd pencək, gödəkcə və açıq rəngli şalvarı nəzərdə tutur. Hətta fərqli fakturalı parçadan olan şalvar və pencəyi kombinə etmək yaxşıdır.
Denim gödəkcə ilə çinos şalvar, cins ilə pencəyi dəstləşdirin. Cins ilə denim gödəkcə fəhlə obrazıdır, bu isə görüş üçün heç yaramaz.
Monoxrom obrazlarda eyni rəngin çalarlarına başqa rəngli bir predmet əlavə edilə bilər. Həm də bütün predmetlər eyni rəngdə deyil, bir rəngin müxtəlif çalarlarında olmaldır. Bu daha doğru yanaşmadır. Total Black (tam qara) monoxrom obrazdan uzaq olun, çünki görüş pozitiv notlarda olmaldır. Qara rəng çox eleqant olsa da, geyimdə yalnız bir predmetin (dəri gödəkcə yaxud köynək) qara olması qəbul ediləndir.
Pencəyin döş cibinə paşe yaylıq qoymaq yaddan çıxmasın. Dəri kəmər və ayaqqabının rəngi ahəng təşkil etməlidir. Bunlar xırda detallar olsa da, çox vacibdir.
Bütün il boyu obrazlara günəş eynəyi də əlavə etmək məsləhətdir, çünki, günəş eynəyi görünüşə yaraşıq verir. Mütləq orijinal eynəkdən istifadə edin, saxtalaradan uzaq olun ki, təəssüratı və gözlərinizi korlamayasınız. Lakin, kafenin daxilidə olarkən, söhbət zamanı günəş eynəyini çıxarmaq lazımdır. Əgər günəşli terrasda oturmusunuza geyinmək günah deyil.
✽ Bu məqalə maraqlı ola bilər – Günəş eynəyi haqqında bilmədikləriniz ➤
Ofisdən yaxud işgüzar görüşdən çıxaraq görüşə getmək məcburiyyətində qaldığınız halda qalstuku çıxarın, köynəyin yuxarı iki düyməsini açıq saxlayaraq görünüşü yüngülləşdirin. İşgüzar görüşdən sonra gəldiyinizi etiraf edin. Soyuq deyilsə, pencəyinizi çıxarın və köynəyin qollarını çırmalayın və hər bir çətinliyin öhdəsindən gələ biəcəyinizi nümayiş etdirin.
Aksesuarlar da vacibdir. Qarşılaşdığınız xanım saata və onun kəmərinə diqqət yetirəcək. Smart saatlar müasirliyə işarədir, onu dəri kəmər yaxud polad qolbağı ilə daşıyın. Klassik saatlar isə, konservativlik təəssüratı yaradır.
Parfüm seçərkən çox sərt yaxud şirin ətirli parfüm istifadə etməyin. Həm də çox vurmayın, görüşəcəyiniz xanımın alegiyası ola bilər.
Söhbət zamanı telefondan istifadə etməyin, heç masanın üzərinə də qoymayın, çünki qarşınızdakına hörmətsizlik və diqqətsizliyin alamətidir. Bu sadə etiket qaydalarıdır.
Onun gözlərinə və üzünə baxaraq danışın və diqqətlə dinləyin. Gözlərin kənara baxması etibarsızlıq yaradır. Üzünüzdə hər zaman təbəssüm olsun, pozitiv olun. İncə və məntiqli zarafatlar edin, mütləq komplimentlər deyin, amma komplimentlər yalan olmamalıdır, xanımın üstünlüklərini qeyd etmək məsləhətdir.
Söhbətin mövzusu ona maraqlı olmalıdır. Sual verərək onun özü haqqında danışmasına çalışın, suallar verin. İnsanlar özləri haqqında danışmağı sevir. Söhbət əsnasında onun haqqında çox şey öyrənmək olar. Görüşdən öncə sosial şəbəkədə postlarını oxuyaraq onun maraqları ilə tanışlıq yaxşı köməkçi ola bilər.
Mütləq hər ikinizə də desert sifariş edin, çünki insanı daha pozitiv edir və yaxşı əhval-ruhiyyə hormonu – serotonin yaradır. Ünsiyyət daha şirin olacaq.
Danışıq zamanı ehtiyatlı, guya təsadüfən müraciət edərək bir neçə saniyəlik əlinə toxunun. Bu, aranızda daha yaxşı kontakt yaradacaq. Hərəkət edərkən, onu irəli buraxaraq, belindən yaxud çiynindən əliniz ilə yönləndirin. Psixoloqların etirafına görə bu hərəkət xanımda kişiyə qarşı müsbət emosiyalar yaradır.
Bu təlimatları yerinə yetirərək yaxşı təəssürat yaratmaq o qədər də çətin deyil. Bu nəinki xanımlara, həm də ətrafınızdakı şəxslərə də yaxşı təsir bağışlayacaq. Səliqəli və zövqlu geyinmək isə hər kişiyə yaraşıq verir. Belə halda sizi yaxşı qarşılayacaqlar.
Mövcud qarderobu araşdırmaq və yeni predmetlər alaraq əlavə etmək, baza qarderob yaratmaq istədiyi olan, lakin yolunu bilməyənlər konsultasiya üçün müraciət edə bilər. Həmçinin Instagram səhifəmdə videoları izləyərək məlumat almaq mümkündür.
✽ Fəşn Konsultasiya üçün (What’s App) müraciət ➤
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.