Kimsə deyəcək ki, bilmədiyimiz nə var axı? Lakin, Eynşteyn demişkən – “Hər şey çox sadədir, amma o qədər də yox”. Cins yüz il popular olub geyinilsə də, onun da istifadədə hamıya agah olmayan xüsusiyyətləri mövcuddur.

Cins universal geyim növüdür. Onunla yüzlərcə obrazlar yaratmaq olur. Kəjual, smart kəjual tərz üçün gözəl baza predmetdir. Onu hər növ ayaqqabı, geyim və üst geyimilə kombinə etmək (dəstləşdirmək) mümkündür. Hətta, sərt dress-kod olan müəssisələrdə cümə və şənbə günləri cins, köynək və pencəkdə işə getmək qəbul olunub.

Xoşunuza gələn xanımla ilk görüşə gedərkən cinslə smart kəjual obraz ən yaxşı seçimdir. Görüş zamanı haqqınızda təəssüratın pozulmaması üçün yırtılmış, bəzəkli, həmçinin skinni cinslərdən uzaq durmağı məsləhət görürəm. Smart kəjual üçün tünd yuyulmuş (ing. Dark Wash) cins ən uyğun seçimdir. Yaz-yay fəsillərində və payızın əvvəlində açıq mavi, boz, bej, ağ rəndlərdən istifadə etmək olar.

✽ Bu məqalə maraqlı ola bilər – Cins haqqında maraqlı faktlar ➤

Cinsi necə seçmək lazımdır?

Cins 2 ölçü, 5 fason və 4 bel hündürlüyünə görə fərqlənir. 

Ölçü bel və uzunluqla təyin olunur. Məsələn, 34 bel (W) və 32 uzunluq (L) 180 cm boyu və 86-90 kg çəkisi olan kişiyə uyğyndur. 

Seçim üçün əsas – belin ölçüsüdür. Balaqları uzun olarsa dərzidə qısaltdırmaq asandır. Lakin Cins alarkən tam öz ölçündə almaq daha məqsədəuyğundur, çünki istehsal zamanı yuyulduğu üçün balağ hissəsi xüsusi naxışa malik olur, həm də tikilərkən uzunluğa görə forma verilir. Əgər mağazalarda tap bilmirsinizsə, doğru ölçü üçün onlayn mağazalardan seçim etmək mümkündür. 

Yerli mağazalar uzun cinslər idxal edirlər ki, daha çox müştəriyə uyğun olsun, balağını isə dərzidə qısaltmağı təklif edirlər. 

Cinsin balağı adi şalvarlar kimi ayaqqabının üstündə qatlar yaratmamalıdır, hamar şəkildə üzərinə oturmalıdır. Bir qatın olması qəbul olunandır. Yaxud, modabazlar onu ayaqqabıdan 1-2 sm qısa edirlər. 

Regular (klassik) — düz, klassik cins fasonudur, nə genişdir, nə də dar. Hər yaşda hər cür bədən quruluşuna uyğun kişilər geyinə bilər. Belə modellər neytral görünür, ona görə ofis üçün istifadəsinə uyğundur.

Relaxed – hərəkəti məhdudlaşdırmayan və bədənin qüsurlarını gizlətməyə imkan verən sərbəst kəsilmiş fasondur. O, rahat geyim tərzini sevənlərin seçimidir. Geniş formalar xarici görünüşə bir az səqliqəsizlik görünüşü verdiyi üçün ofis və smart kəjual obrazlar üçün uyğun deyil.

Loose – çox geniş, bütün uzunluğu boyunca boş fasondur. Gənc, arıq, uzun boylu kişilərə uyğundur, sniker və idman geyimləri ilə uyğunlaşır.

Skinny – çox dar fasondur, bədənin formasını alır. Bu modeli seçərkən bədənin xüsusiyyətlərini nəzərə almaq lazımdır. O, nazik bədənli, lakin əzələli ayaqları olan orta boylu kişilər üçündür. Artıq çəkisi olanlarda isə bədən qüsurlarını vurğulayırlar.

Slim – dar kəsim fasondur, universal və təmkinlidir. Ona görə, belə model həm Kəjual, həm də Smart Kəjual üslubda və ofis geyimi kimi istifadə olunur.

Tapered – Slim fasonun analoqudur, Regular və Slim Fit fasonların birləşməsidir. Bel və dizdən yuxarı hissəsi, həmçinin balaq genişliyi Slim Fit ilə eynidir. Lakin, Slim Fit dizdən aşağı çox ensizləşərək balağa kimi eyni genişlikdə düz olur, Tapered isə bel hissədən başlayan ensizləşmə balağa kimi konus şəkilində azalmağa davam edir.

Əksəriyyt Slim Fit (Dar Kəsim) varianta üstünlük verir. Slim Fit çox populyar olsa da, onu Tapered (Konusvari) ilə əvəz etmək daha yaxşı seçimdir.

Cinslərin bel hündürlüyü 4 variantda olur. Onun öz bədən quruluşunuza uyğun olanını seçmək vacibdir. Cins geyinərkən özünü narahat və ya hərəkətsiz hiss etməməlisən. Aşağı bel (Low Rise) oturarkən və əyilərkən, çox yüksək (High Rise) olduqda isə, qarın hissəsində narahatlıq hissi yarana bilər. Hər şeyin düzgün tarazlığa ehtiyacı var və Cins seçimində də istisna hal deyil. Ona görə rahat olanını seçmək lazımdır.

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Cinslərin fasonunu bədən formasına görə seçmək lazımdır. Bu cədvəldə bədən formasına uyğunlaşan fasonu seçmək olar.

Artıq çəkisi və böyük qarın hissəsi olan kişiyə slim fit cins geyinmək məsləhət deyil. Çünki, geniş yuxarı hissə çox ensiz ayaqlarla uyğunsuzluq yaradır.

Kişilərə ümumiyyətlə Skinny cins geyinməyi məsləhət görümürəm.

Cinslərin diz hissəsində genişlənmə oturarkən dartılmadan yaranır. Bunun qarşısını almaq üçün oturmadan öncə şalvarın diz hissəsindən bir az yuxarı çəkib oturmaq, ayağa qalxarkən isə əllə hamarlayaraq yerinə oturtmaq lazımdır. Əgər dizdə genişlənmə yaranıbsa, onu buxarlı ütü ilə kənarlarından daxilə mütəmadi hərəkərlərlə ütüləyərək ilkin vəziyyətinə qaytarmaq mümkündür.

Cinslər ənənəvi olaraq denim parçadan tikilir. Klassik Denim pambıqdan (cotton) hazırlanır. Lakin, tərkibində digər materillar olan Denim parçaların çox sayda növləri var. Premium brend cinslər yüksək keyfiyyətli denimdən hazırlanır. Lakin, məhsulu ucuzlaşdırmaq üçün, mass-market markalar ucuz variant – məsələn, Cin – seçirlər. 

Feyk (saxta) brend altında satılan cinslər isə çox ucuz parçalardan tikilir. Səbəbi də maya dəyərini minimuma endirməkdir. Bu səbəbdən saxta “premium” marka cinslər aldıqda ilk vaxtlar çox yaxşı görünsə də, qısa müddətdə formasını itirir, sürətlə aşınıb, yırtılıb sıradan çıxır. 

Premium marka orijinal cinslərin qiyməti 1.000 manatdan baha olur. Hətta, outletdə maksimal endirimlə 200 manatdan aşağı olması heç cürə mümkün deyil. Ona görə belə cinslər yarmarkada satılmır. Saxta cinslərdənsə, türk markalarından olanları almaq məsləhətdir. Onları Trendyoldan ucuz qiymətə sifariş etmək olar.

Daha öncə söylədiyim kimi Denim parçanın tərkibləri fərqli olur. 

Klassik denim parça 100% pambıq (ing. cotton) materialdan hazırlanır. Daha dözümlü və elastik olması üçün az miqdarda (1-8%) elastan (neylon) əlavə edilir. 1-3% elastan tərkibli cinslər daha məqsədəuyğundur. Onlar formanı daha yaxşı və uzunmüddət saxlayır, elastiklik hesabına bədənə daha yaxşı uyğunlaşır. 

Denim materialın digər növləri də var:

Ekru (ing. ecru) – denimin əcdadıdır, hal-hazırda az istifadə olunur. 

Selvec (ing. selvedge) – denimin yarandığı ilk zamanlardakı ensiz maşınlarda toxunulurdu. Digər adı Yapon Denimidir. Hal-hazırki zamanda çox bahalı cinslər üçün istifadə olunur.

Şambre (ing. chambray) – yüngül və incə denimdir. O yay üçün geyimlərdə istifadə olunur.

Cin (ing. jean) – aşağı keyfiyyətli mavi rəngli pambıq parçadır. Ən ucuz seqmentə aiddir, əsasən büdcə məhsullarının tikişində istifadə olunur.

Materialın keyfiyyəti əsasən pambığın mənşəyindən asılıdır. Denim aşağıdakı xammallardan hazırlanır:

Meksika – uzun lifləri sayəsində hamar, çapıqsız səthə malikdir.

Barbados – yumşaq, parlaq pambıqdır, bahalıdır və nadir tapılır.

Hind və Asiya – ən çox yayılmış pambıq növüdür, əlverişli və əlçatandır.

Lyocell (Tencel) – ən müasir və ideal xarakteristikalara malik, təbii mənşəli (evkalipt ağacından) kimyavi yolla alınan materialdır. O, yumşaq və yüngül, məxmərliyi ilə fərqlənir. Bənzər istehsal texnologiyalarına baxmayaraq, tensel viskozdan daha dayanıqlıdır, istilik ötürülməsini tənzimləməyə kömək edir, boyanı uzun müddət saxlayır. Klassik pambıq parçaları əvəz edə bilir.

Cins üçün, parçaların maya dəyərini (həmçinin cinsin pərakəndə qiymətini) azaltmaq məqsədilə, sintetik materiallardan (poliester, poliamid) geniş istifadə olunur. Onlar pambıqla qarışıq, lakin tərkibdə 20%-dən çox olmamaq şərtilə qəbul ediləndilər. Lakin, tam sintetik materialdan olanların hava keçirməsi mədud olduğundan isti havada tərləməyə yol açır.

Cinsləri ciddi ləkə olmadıqda tez-tez yumağa ehtiyac yoxdur. Çünki, hər dəfə paltar yuyan maşına düşdükcə şalvarın ömrü qısalır. Yuyarkən 30-40 dərəcə temperaturda və keyfiyyətli gel ilə yumaq məsləhətdir. Paltar yuyan maşına yerləşdirərkən astarına çevrirərək düymə və zəncirbəndi bağlamaq lazımdır. Qurutmaq üçün maşında deyil, zivədən asmaq məsləhətdir. 

Cinsi hər dəfə geyindikdən sonra havalandırmaq lazımdır. Həmçinin bir cins hər gün geyinildikdə çox qısa zamanda yırtılır. Bir neçə cinsin qarderobda olması onları uzun illər istifadə etməyə imkan verir. Bir dəfə geyindikdən sonra, ən azı bir gün “istirahət” vermək lazımdır. 

Bir neçə cins alarkən, müxtəlif rənglərdən seçin: tünd mavi, açıq mavi, ağ, boz, bej, xaki. Bu müxtəlif obrazlar yaratmağa geniş imkanlar yaradır. Orta hesabla hər adamın qarderobunda ən az 3 cins olmalıdır.

Cins şalvarın özəllikləri, seçim və istifadə qaydalarını incələyərək, doğru seçim edib, daha dəbli və səliqəli görünmək mümkündür. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.