Uzun illərdir dəbdən düşməyən cins şalvar hələ də trenddə qalır. Hər il dünyada 1 milyard 240 milyon cins şalvar satılır. Lyst.com qlobal axtarış sisteminin hesabatında orta hesabla hər saniyədə cins haqqında 13 sorğu verildiyi göstərilir və bu rəqəmin getdikcə artdığı bildirilir. Bu o deməkdir ki, “Jeans” moda sahəsində ən çox axtarış verilən sözdür. Hesabatda axtarış edənlərin 70 faizinin mavi rəngli cinslə maraqlandığı qeyd olunur. Ikinci yerdə qara rəngli cins yer tutur. İsti havalar yaxınlaşdıqca, mart ayından başlayaraq “ağ cinsin” axtarışı artır.
Cins (Jeans) - Denim parçadan tikilən şalvardır. “Jeans” sözü fransiz mənşəli olub “Bleu de Genes” (Genuyanın mavisi) mənasını verir.
Cinsin xüsusiyyətləri
Cins şalvarın üstünlükləri: dözümlülük, hidroskopiklik, istini qoruma, hava keçirmə, toz yığmama və elektrikləşməmə kimi xüsusiyyətləri var. O demək olar ki, əzilmir, hətta yuyulduqdan sonra, düzgün şəkildə qurudulduqda ütlənməsinə də ehtiyac qalmır (ütünün istisi parçaların liflərini zəiflədərək daha tez aşınmasına səbəb olur). Qiymətinin çox demokratik olduğuna görə əlçatandır.
Denim materialdan olan cinsin yüksək temperaturda yuyulduğu zaman kiçilmə riski var, odur ki, onu 30-40 dərəcədə yumaq lazımdır. Cinsi tez-tez yumaq məsləhət deyil, çünki intensiv yuyulma zamanı onun aşınması sürətlənir. Sadəcə hər istifadədən sonra onu havalandırmaq yetərlidir. Bir cins hər gün geyinilərsə qısa zamanda yırtılacaqdır. Yırtıq cinslər dəbdə olsalar da, bu yırtılma heç də lazım olan yerlərdə olmur. Bu səbəbədən qarderobda bir neçə cinsin olması, onların uzun müddət xidmət etməsinə səbəb olacaqdır. İlk baxışdan onların alınmasına çəkilən xərc böyük görünsə də, uzunmüddətli istifadə əslində qənaətə gətirib çıxarır. Türkiyə istehsalı olan cinslər keyfiyyətli və əlçatandır.
Denimin tərkibi
Denim pambıqdan hazırlanır. Onu daha elastik olması üçün 1-30% elastan qatırlar. Dözümünü artıqmaq üçün süni materiallar (poliester, laykra, elastan və lyossel) da işə yarayır. Ən ideal süni material – Lyocell (digər adı – Tencel), bu günə kimi süni yolla yaradılan ən ideal və təbii parçaların özəlliklərinə malik olan material növüdür. Çox baha olduğuna görə pambığa maksimum 40-50% əlavə olunur.
Cinsin üstünlükləri
Cinsin digər üstünlüyü onun geniş istifadə dairəsidir. Onu hər gün, istirahət və gəzinti zamanı, işə və tədbirlərə, romantik görüşlərə, hayking və sairə hallarda geyinmək olar.
Cins şalvarı sərt dress-kod olmayan ofislərdə də geyinmək olur. Cins, köynək, sviter və derbi ayaqqabıdan (yaxud çelsi çəkmə və ya snikerlə) ibarət olan dəst ofisdə gözəl və işgüzar görünür. Bu da smart kəjual dress-koduna uyğun gəlir. Bu dəstə qalstuk və paşe-yaylığı əlavə olunarsa, çox yaraşıqlı kişiyə çevrilmək və qadınların diqqətini çəkmək mümkündür. İşdən sonra isə yalnız pencəyi gödəkcə ilə əvəz edərək kəjual obraz əldə etmək olar. Cəmi bir predmeti dəyişərək tam fərqli, reləks obraza keçmək olur.
✽ Bu məqaləyə də baxın – Ayaqqabını necə seçmək lazımdır ➤
Cins ilə obrazlar
Müxtəlif yuyulma üsulu olan cinsləri fəsillərə və obraza görə istifadə etmək olur. Cinsin üstünlüklərindən biri odur ki, hər bir fəsildə müxtəlif rənglərdə geyinmək mümkündür. Hətta ağ cins qış fəslində çəkmə, gödəkcə yaxud palto-buşlat ilə də uyğunlaşır.
Aşağıda fəsillərə uyğun bir neçə obrazı nümunə gətirirəm. Baza Qarderobu haqqında məqalədə göstərdiyim kimi qarderobunuzda olan digər predmetlərlə əvəzləyərək, hər gün müxtəlif obraz yaratmaq mümkündür.
✽ Baza qarderob haqqında – Kişinin qarderobunda olmalı 32 predmet ➤
Payız: orta yuyulmuş boz cins, ağ futbolka, flanel köynək, qəhvəyi zamşa çəkmə, mavi denim gödəkcə
Qış: orta yuyulmuş göy cins, boz sviter, ağ futbolka, qısa qara ikibortlu palto-buşlat, qara çelsi çəkmə
Yaz: tünd yuyulmuş mavi cins, ağ köynək, lacivərt pencək, kürən sniker
Yay: çox yuyulmuş cins, mavi yaxud ağ kətan köynək, görünməyən corablar, zamşa mokasin
Yaranma tarixi
Cinsin yaranmasına XVII əsrdə dənizçilərin yırtılmış və işə yaramayan yelkənlərdən özlərinə şalvar tikməsi ilə başlayıb. İlk zamanlar parça ağ rəngdə olsa da, indiqo rəngində boyanın ucuzlaşması onları göy rəngə boyanmasına gətirib çıxardı.
Cinsin yaranma günü isə 20 may 1873-cü il hesab edilir. Həmin gün Ceykob Devis və Levi Strauss fəhlələr üçün denimdən hazırlanmış kombinezonun patentini alıblar. Kombinezonların cibləri tez yırtıdığına görə onların küncləri dəmir düymələrlə bərkidilirdi. Cəhrayı saplarla tikilmiş denim kombinezon Levi’s markasının ticarət nişanına çevrilir. 1886-cı ildə dəri leybl əlavə olunur. 1890-cı ildə isə onları nömrələməyə başlayırlar və Levi’s 501-in yaranması o andan başlayır. Uzun illər cins fəhlə geyimi olaraq qalır. Lakin 1930-cı illərdə Hollivudun filmlərindəki kovboy rolunun ifaçısı Ceyms Dininin geyindyi cins Amerikada sürətlə dəbə minməyə başlayır. Sonradan Merilin Monro da cinsə daha böyük populyarlıq gətirir.
Artıq cinsləri dünyanın bütün modelyerlərinin və markalarının kolleksiyalarında var. Dünyadakı hər bir evin qarderobunda cins mövcuddur.
Cinsi necə yumaq lazımdır
Əvvəldə göstərdiyim kimi cinsi tez-tez yumağa ehtiyac yoxdur. Əgər ona ləkə düşübsə və ya çirklidirsə yumaq lazımdır. Yumanın ən rahat yolu paltaryuyan maşındır, amma əl ilə yumaq da mümkündür.
Cinsin düyməsini və zəncibəndini bağlayıb, iç üzünə çevirmək lazımdır (bu onun rəngini qoruyur), bundan sonra onu qatlayıb yuma maşınına yerləşdirmək gərəkdir. Cins şalvarı yumşaq maye gel yaxud kapsula ilə yumaq daha məqsədəuyğundur, ağardıcıdan isə istifadə etməyin. Temperaturu 30-40 dərəcə, pambıq yuma rejimi, sıxmanı minimal və qısa səviyyəyə ayarlayıb paltaryuyanı işə salmaq lazımdır.
Maşından çıxardıqdan sonra onu əl ilə düzəldib forma verərək üfüqi səthdə yerləşdirmək daha yaxşıdır ki, formasını alsın. Alternativ olaraq başıaşağı zivəyə asmaq yaxud stulun baş (düz olan) hissəsinə yerlədirmək olar. Çox zaman ütülüməyə ehtiyac qalmır. Amma yenə də istək üzərinə iç tərəfindən hələ nəm olarkən və ya alternativ olaraq ütüləmə spreyi (tərkibindəki kraxmal əzilmənin, silikon isə tez çirklənmənin qarşısını alır) ilə aşağı temperatur rejimində ütüləmək olar.
Bəzi cins istehsalçıları maşında yumadan öncə onu yuyucu tozu qatılmış suda müəyyən müddət (ortalama 30-45 dəqiqə) saxlayıb, soyuq sudan keçirdikdən sonra maşında yumağı məsləhət görürlər. Bu məlumat üçün cinsin içindəki etiketə baxın.
Sonda qeyd etmək istərdim ki, fəşn sahəsində denim parça və cins şalvar tarixdə yaradılmış ən dahi ixtiralardan biridir, yüzillərlə populyarlığını itirmir, getdikcə də ona olan tələbat və təkliflər artır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.