Fəsildən asıll olmayaraq əksəriyət kişilər qara ayaqqabı və qara corab geyinirlər, hətta şalvarları açıq rəngdə olsa belə. Yay zamanı bej şalvar və ağ köynəklə də eyni halı görürük.
İndi təsəvvür edin ki, rəngli corab geyinən kişilər necə diqqəti cəlb edir və haradasa ona cəmiyyətin yazılmamış qaydalarını (“palaza bürün ellə sürün”) pozduqları üçün həm tənqid, həm də qibtə edilirlər. Bunun səbəbi də digərlərindən fərqli olmalarıdır.
Qara rəng eleqant (zərif) və elitar olsa da, onu gündəlik istifadə etmək bədbinlik kimi qiymətləndirmək olar, çünki, rəngarəng geyimlər və aksessuarlar insanın əhval ruhiyyəsinə pozitiv təsir edir, hətta onun haqqında yaxşı təəssürat yaradır, xarakterini nümayiş etdirir.
Qara corabın daha universal rəng olduğunu hesab edirlər və kirliliyini gizlətmək niyyəti ilə seçirlər. Amma, bu yanlış fikirdir. İlk növbədə corab yalnız 1 gün geyinilə bilər, sonra isə o yuyulmalıdır. Bu gigiyena qaydasıdır. Bundan başqa, qara corab yalnız qara şalvarla geyinilir, yəni universal deyil.
Bəzən kişilər üçün qarderobu və geyim tərzini xanımları öz üzərinə götürürlər. Deməli, belə həyat yoldaşı ərinin geyim tərzini dəyişdirərək onun daha müasir görünməsinə təsir göstərə, yaxud konservativ geyim tərzi seçə bilər. Yaxud, ev işi və əziyyətini azaltmaq üçün qara corab seçənlər də az deyil.
Corablar ilk baxışda nəzərə çarpmasa da, onlar qalstuk və paşe yaylıq qədər vacibdir. Qalstuk hər zaman daşınmasa da, corabı hər zaman geyinirik. Onlar, oturan zaman üzə çıxır. Hətta onun uzunluğu və rəngi ətrafdıkıların diqqətini çəkir.
Mən rəngli və naxışlı corablar geyindiyim üçün hər zaman corablarım haqqında komplimetlər eşidirəm. Bunu həm də azadlıq (“xalx nə deyərdən” azad) rəmzi kimi qiymətləndirmək olar.
✽ Bu məqalə maraqlı ola bilər – Hansı ayaqqabı sürücü üçün daha uyğundur ➤
Tərkibi. İlk növbədə corabın tərkibini incələmək lazımdır. Tam sintetik corabları birmənalı şəkildə kənara qoyuruq. Tam pambıq corabları da seçmək məsləhət deyil, çünki onlar bir neçə yuyulmadan sonra formasını itirərək, genişlənəcəklər.
Corabların neylon (elastan), poliamid əlavəli (25%-dən çox olmamaq şərti ilə) pambıq, bamboo, modal materiallardan olması daha məqsədəuyğundur. Sintetik əlavə corabları elastik edir, formasını saxlayır və genişlənmənin qarşısını alır.
Uzunluq. Oturarkən yaxud ayağı-ayağın üstünə qoyarkən şalvarın altından kişinin ayaq dərisi görsənməməlidir. Ona görə də corablar yetərli qədər uzun olmaldır. Qısa olanlar yalnız snikerlə, görünməyənlər (ing. no show socks) isə, isti havalarda mokasin və loferlə geyinilir.
Burada bir məsələ də var ki, mokasini görünməyən corablarla geyinmək qəbul olunub. Loferlər həm görünməyən, həm də uzun corablarla geyinilə bilər. Corabların mütləq olması gigiyena tələbidir, ayaqlar tərləyəndə corab nəmi özünə çəkərək ayaqqabının nəm olmasının və sonradan xoşagəlməz qoxuların qarşısını alır.
Şortlarla sniker, mokasin, lofer geyinərkən yenə də görünməyən corab seçilir. Sandaletlərlə isə, ümumiyyətlə corab geyinilmir.
Rəng. Corabın rəngi şalvarın rəngi ilə eyni və bir neçə ton tünd olması qəbul edilib. Lakin, corab naxışlı və rəngli olarsa, bu qaydaya riayyət etməmək də mümkündür. Açıq rəngli şalvarla tünd köynəyin rəngində corab məqbuldur.
Kostyumla corab mütləq şalvarın rənginə uyğun və naxışsız olmalıdır. İş görüşmələrinə və tədbirlərə bu şəkildə geyinmək daha daha ciddi obrazdır.
Məsələn, sürməyi kostyum və qəhvəyi ayaqqabı ilə sürməyi corab, boz kostyum və qara ayaqqabı ilə boz corab, qara kostyum ilə qara corab geyinilir.
Corabın şalvar ilə eyni rəngdə olmasının səbəbi isə, onun vizual olaraq kişinin ayağını daha uzun göstərməsidir. Bu, xüsusi ilə bəstə boylu (170 cm-dən alçaq) kişilər üçün vacibdir.
Cinslərlə rənginə uyğun yaxud müxtəlif rəng və naxışlı corablar geyinilir. Bu halda obraz cəlbedici olacaq.
✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤
Monoxrom obraz həvəskarı başdan ayağa ağ rəngdə geyinərsə, klinikadan qaçmış həkimə bənzəyəcək.
Ağ şalvarla ağ corab geyinilmir. Ağ şalvar isti fəsillərin atributu olduğu üçün onu ya görünməyən corablarla, ya köynəyin rəngində, ya da rəngli corablarla geyinmək daha doğrudur.
Corabları seçib, sifariş vermək üçün bu linkdəki kolleksiya ilə tanış ola bilərsiniz.
Corab xırda aksessuar olsa da, çox vacib detallardan biridir, çünki insanın xarakterinin, zövqünün və həyat tərzinin göstəricisidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.