Uzun müddət şirkət rəhbəri olaraq personalı işə qəbul edərkən, müsahibəni şəxsən aparırdım. Rəhbər üçün əməkdaşlarını yaxşı tanımaq çox vacibdir ki, onlara tapşırıqları bacarığına görə təyin etsin, həmçinin kollektivi bir-biri ilə uyğun insanlardan toplasın ki, gələcəkdə mehriban kollektiv olsun, ümumi məqsədə çalışa bilsinlər.

Bir tanışım var, uzun illərdir tanıyıram. Azərbaycanda və Avropada ciddi biznesi var. O, personalı düzgün idarə etmək üçün “insan dizaynı” deyilən yeni elmi dərindən öyrənib. Deyir ki, hər bir əməkdaşımın nəyə qadir olduğunu təyin edib, ona bacardığı işi tapşırıram. 

✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤

Bəs iş üçün müsahibəyə gedərkən hansı qaydalara riayət etmək lazımdır?

1. CV-ni çalışın özünüz hazırlayasınız.

Bunun üçün internetdə məsləhətləri oxuyub, şablonları yükləyin. Öz məlumatlarınızı yazaraq hazırlayın. Əgər CV-ni tanışınız və ya rekrutinq şirkətinin əməkdaşları hazırlayıblarsa, ona diqqətlə göz gəzdirin və əmin olun ki, oradakı bütün məlumatlar doğrudur. Heç vaxt doğru olmayan, yaxud yalan məlumat yazmayın. Orada yazılanlardan tam xəbəriniz olsun ki, sizə sual veriləndə gözünüzü döyməyəsiniz və ya başqa məlumat səsləndirməyəsiniz.

Təcrübədən: Şirkətlərdən göndərilənlərin danışdıqları ilə CV-dəki məlumat fərqli olurdu. Ona görə həmişə onların özlərini dinləməyə üstünlük verirdim. Doğru olmayan məlumat həmin şəxsə qarşı inamsızlıq yaradır. CV-də doğma və xarici dillərin siyahısına diqqət yetirirdim. Sonra həmin dildə suallar verərək nə qədər düzgün olduğunu yoxlayırdım. Mən Türkiyədə təhsil aldığım üçün elə diqqət yetirirəm. Türk dili bizim dilimizə oxşadığı qədər də fərqlidir. Əgər filmlərə baxıb onu anlayırsınızsa, bu, dili bilmək deyil. Azərbaycan dilini isə səlist bilmək şərtdir. 

2. Müsahibəyə getdiyiniz müəssisə, onun fəaliyyəti haqqında məlumat toplayın.

İnternet vasitəsi ilə bu, çox rahatdır. Bu məlumatı öyrənərkən orada işləmək istədiyinizə qərar verə bilərsiniz. Müsahibə zamanı sizə onlar haqqında nə bildiyiniz sualı verilə bilər, hazırcavab olun. Digər məsləhətim isə rəhbəri haqqında internetdə oxuyun ki, kimə işləyəcəyinizi və kiminlə görüşəcəyinizi biləsiniz. Onun Facebook və Linkedin-dəki məlumatlarını diqqətlə öyrənin, mediada müsahibələrini oxuyun.

Təcrübədən: Müsahibəyə gələnlərin yarısının hara gəldiklərindən heç xəbəri olmur, agentlikdən göndəriblər deyirlər. Şirkət haqqında heç bir məlumatınızın olmaması şansınızın azalmasına səbəb olacaq.

3. Müsahibə zamanı olduğunuz kimi olun, yəni səmimi.

Doğru məlumat verin ki, yanılmayasınız. Təcrübəli HR mütəxəssis və rəhbər sizdən eyni sualı müxtəlif interpretasiyada soruşa bilər. Üstünlüklərinizi nümayiş etdirin. Pozitiv olun, şikayət etməyin. Gülümsəyin və müsahibə keçirən şəxsin gözlərinə baxın. Utanmayın. Atalar deyib ki, utananın oğlu olmaz, ondan həmçinin yaxşı satıcı olmaz. Satıcı deyəndə ki, hər bir işdə nəsə satmaq lazımdır. 

Təcrübədən: Utancaq, özünə güvəni olmayan, yalan məlumat verən şəxsləri işə qəbul etmirdim. Bunu özünə hörmət edən heç bir menecer etməyəcək. Qarşılığında isə o da sizi aldadacaq. Yalan yalan gətirər.

4. İşdən ayrılarkən keçmiş rəhbərinizdən tövsiyə məktubu almağı unutmayın.

Yaxşı əməkdaş olmusunuzsa qorxacaq heç bir hal yoxdur. Keçmiş işdən nə üçün ayrılmağınızın həqiqi səbəbini söyləyin. Çünki bunu öyrənmək asandır.

Təcrübədən: Məlumat öyrənmək üçün CV-dəki şirkətlərin rəhbərlərinə zəng edərək məlumat alırdım. Bu da şəxs haqqında obrazın formalaşmasına kömək olurdu.

5. Suallara cavab verərkən, şəxsi həyatınız, uğursuzluqlarınız, hobbilər haqqında suallara hazır olun.

Onlara öncədən nə cavab verəcəyinizi düşünün. Səhvlərinizi etiraf edin və nəticə çıxardığınızı, təcrübəli olduğunuzu və daha bu səhvə yol verməyəcəyinizi deyin. Şəxsi həyatınız haqqında suallara səmimi cavab verin. Amma çox dərinə gedərlərsə və onun işinizlə əlaqəsi yoxdursa, sualın səbəbini soruşun.

Təcrübədən: Söhbət zamanı yaxşı tanımaq üçün hobbiləri haqqında suallar verirdim. Onu öyrənəndən sonra daha dərin suallar verirdim ki, nə qədər öyrəndiyini müəyyənedim. Əgər bu səthi bir əyləncədirsə, deməli işi də dərindən öyrənməyəcək. Bir oğlan avtomobillərlə çox maraqlandığını və BMW M5-in fanatı olduğunu söylədi. Amma heç bir texniki məlumatdan xəbəri yox idi. Digər tərəfdən şirkətimiz texnika satışı ilə məşğul olduğu üçün şəxsi kompüterinin parametrlərini, hansı saytları tez-tez oxuması, idmanla məşğul olub-olmaması, siqaret çəkməsi və hətta sağlamlığındakı problemlər haqqında sual verirdim. Cavablar müsahib haqqında çox məlumatı açıqlaya bilər.

6. Öncəki rəhbərinizi, işlədiyiniz müəssisəni, işinizi müsahibə zamanı tənqid etməyin.

Əksinə, çox təcrübə topladığınızı söyləyin. Hətta neqativ təcrübə - yaxşı həyat dərsidir, ona belə minnətdar olmaq lazımdır. Öz iş təcrübəniz haqqında qısa danışın, üzun-uzadı hekayələr darıxdırıcı ola bilər, bu da əks təsir verəcək.

Təcrübədən: Bir nəfərdən niyə öncəki iş yerində cəmi 2 ay işlədiyini soruşanda, direktoru ilə razılaşmadığını söylədi. Bu şirkət isə bizim korporativ müştərimiz idi. Mübahisə isə onun bahalı avadanlıq alınması və yüksək investisiya qoyuluşu barədə mülahizələri idi. Həmin şirkəti yaxşı tanıdığım üçün strategiya və planları barədə ətraflı məlumatım var idi. Həmin şəxsin mülahizələri isə yanlış idi, çünki hər zaman sıravi işçi olaraq, nə investor, nə də menecer kimi uzaqgörənliyi yox idi, yalnız tənqid etməyi bacarırdı.

7. Sosial şəbəkələrdə səhifələrinizi qaydaya salın, çünki onu oxumaqla haqqınızda çox məlumat almaq olar.

Özəlliklə də Linkedin-də hər bəndi dəqiqliklə yazın. Bacarmırsızsa, bacarandan xahiş edin. CV və Linkedin üçün yaxşı çəkilmiş avatar şəkilinizi yerləşdirin. Bu şəkil sizin işinizə və obrazınıza uyğun olmalıdır.

Təcrübədən: Müsahiblərimin sosial şəbəkədəki səhifələrini diqqətlə oxuyuram ki, onlar haqqında fikir formalaşdırım. Səhifədəki məqalə, demativator, başqasının statusunu paylaşması belə onun fikrini oxumağa kömək edir.

Sonda isə xarici görünüş haqqında demək istərdim. Deyim var ki, geyimə görə qarşılayıb, ağıla görə yola salırlar. Getdiyiniz müəssisənin dress-koduna uyğun geyinin. Geyim səliqəli, təmiz, zövqlü olmalıdır. Mütləq saç düzümünuz qaydasında olsun, xanımlara çox makiyaj etməyi məsləhət görmürəm. Bunun üçün YouTube-da videotəlimlərə baxın.

✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Bir sözlə xarici görünüşünüz qaydasında olsun ki, ilk təəssürat müsbət olsun. Bu artıq pozitiv fikir yaradacaq, şansınızı yüksəldəcək. Mütləq duş qəbul edin və dezodorantlardan istifadə edin. Çox parfüm vurmayın ki, heç kimi narahat etməyəsiniz. Özəlliklə havalar isti olduğu zaman tərləmiş şəxs ofisə gələrkən ondan tər iyinin gəlməsi, corablarının çirkli olmasından yaranan qoxu həmin şəxsin gigiyenasının şübhəli olduğunu göstəririr. Bu hal həm kolleqaları, həm də müştəriləri qaçıra bilər. Gigiyena vacib məsələdir, onu qulaqardına vurmayın.

Beləliklə, sizə 7 əsas məsləhət verdim. Bunlar 27 il rəhbər və sahibkar təcrübəm əsasında yaranıb. Sizə isə yeni və sərfəli iş tapmaqda uğurlar diləyirəm. 

©  Məqalənin hüquqları Oxu.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.