2016-cı ilin payızında BMW şirkəti M1 CS-dən başlayaraq M8 CS-ə qədər olan əmtəə nişanlarını Ümumdünya Əqli Mülkiyyət Təşkilatında (WIPO) qeydiyyatdan keçirib, Hələlik, yaxın zamanlarda bu modellərdən hansını görəcəyimizi bilməsək də, hazırda Bavariya istehsalçısı alıcılarına M2 CS və M4 CS modellərini təklif edir.
İndi isə, növbənin BMW M5 sedanına gəlib çatdığı barədə məlumat peyda olub. Qeyd etmək lazımdır ki, M5 CS modifikasiyası BMW 5 Series modelinin plan üzrə gözlənilən yenilənməsindən sonra debüt etməlidir. Artıq, M5 CS modelinin sınaq prototipləri Almaniya yollarında qeydə alınıb. Yenilənmiş 5 Series bu günki modeldən başqa tərtibatı olan radiator barmaqlığı, optikası və bamperi ilə seçiləcəkdir.
BMW M5 CS modelinin də özünəməxsus cəhətləri olacaqdır. Məsələn, ön bamper karbon lifindən hazırlanmış splitter ilə təchiz ediləcəkdir. Eyni kompozitdən baqaj qapağının üzərində bərkidilən iri arxa spoyler də hazırlanacaqdır. Üstəlik, M5 CS sedanı model xəttinin ən yüksək pilləsində qərarlaşacaq və M5 Competition modelindən güclü olacaqdır.
Hazırda ən güclü M5 modelinin kapotunun altında 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 biturbomühərriki yerləşir. Bundan başqa, "bərkgedən" sedan CS modellərinə xas olan daha sərt asqıya, yenidən tənzimlənmiş sükan mexanizminə və daha güclü əyləc mexanizmlərinə sahib olacaqdır.
Xatırladaq ki, bir müddət bundan öncə, M bölməsinin rəhbəri Markus Flaş M-modellərin gücünü məhdudlaşdırmayacaqlarını və onların hibrid qurğular ilə təchiz ediləcəyini bildirmişdi. Odur ki, BMW M5 CS modelinin hibrid əlavəyə sahib olmaq şansı da mövcuddur.
Mənbə: Autoevolution